XƏBƏR LENTİ

13 İyul 2020

Digər Xəbərlər

10 Dekabr 2019 - 20:24

ABŞ SİYASƏTİNDƏ DÖNÜŞ ANI?- Tramp Tehranla münasibətlərin yaxşılaşdırılmasına işarə edir

Stanislav Tarasov

Regnum, 10.12.2019

ABŞ Prezidenti Donald Tramp İranla dialoqun yenidən başlanma ehtimalına işarə edib. Baxmayaraq ki, Vaşinqton indiyə qədər Tehrana münasibətdə yalnız qamçıdan istifadə edərək ona qarşı müxtəlif sanksiyalar tətbiq edirdi.

Amerika siyasətində dönüş anı yaxınlaşır. ABŞ-İran münasibətlərində xüsusən ABŞ-ın fəal dəstəklədiyi İrandakı son etirazlar fonunda adi sayılmayacaq bir hadisə baş verdi. Tərəflər faktiki olaraq əsir mübadiləsi etdilər. Tehran 2016-cı ildən bəri saxlanılan və ABŞ-a casusluq etməkdə ittiham olunan Prinston Universitetinin məzunu Xyu Vanı, amerikalılar isə tibb sahəsində araşdırma aparan və sanksiyalardan yayınaraq İrana hansısa bioloji materialı göndərmək istəyərkən həbs edilən iranlı alim Məsud Süleymanini sərbəst buraxdı.

Əsirlərin mübadiləsi vasitəçi kimi çıxış edən İsveçrədə baş tutdu.

Buradakı intriqa ondan ibarətdir ki, “casus” ların mübadiləsində müəyyən texniki (rabitə kanallarının qurulması) və siyasi (əməliyyat iştirakçılarının hərəkətlərini stimullaşdıran) problemlər var və bu çox vaxt alır.

Vaşinqton və Tehran arasındakı xüsusi rabitə kanalının İsveçrənin vasitəçiliyi ilə nə vaxt – İrandakı etirazlardan əvvəl və ya sonra cəlb olunduğunu müəyyən etmək vacib idi. Bu birincisi. İkincisi, bu əməliyyatın hansı prosedurla aparıldığı bilinmir.

Ekstradisiya olubmu və iki ölkənin hüquq mühafizə orqanları işə cəlb edilibmi? Nəhayət, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin əməliyyatda şəxsən iştirak etməsi diqqəti cəlb edir.

“The Times Of İsrail” qəzetinin yazdığına görə, Twitter-də uğurlu mübadilə barədə ilk xəbəri məhz o verib və azad edilmiş alimin qayıdışının fotolarını da yerləşdirib. Sürixdə Süleymanini məhz Zərif qarşılayıb.

Amerika tərəfinə gəldikdə, Vanın azad edildiyini ABŞ-ın dövlət katibi Mayk Pompeo deyil, prezidenti Donald Tramp elan edib. «Girovumuzu qaytardığımız üçün çox xoşbəxtik, – deyə Tramp bildirib: “Bu, girov mübadiləsi idi … və düşünürəm ki, İran üçün bu yaxşı olaydır».

Eyni zamanda, Tramp mübadilənin Tehranla münasibətlərdə “görülə biləcək işlərin müjdəçisi” ola biləcəyinə eyham vurub.

Bu, prezidentin İranla dialoqun yenidən başlamasının mümkünlüyünə dair ilk eyhamı deyil, baxmayaraq ki, Vaşinqton indiyə qədər Tehrana münasibətdə yalnız qamçıdan istifadə edərək ona qarşı müxtəlif sanksiyalar tətbiq edirdi.

Lakin Amerikanın “The National Interest” nəşrinin yazdığına görə, Vaşınqtonda “İrana münasibətdə güc diplomatiyasının tükəndiyini və ya tükənməyə yaxın olduğunu və Amerika siyasətində dönüş anının yaxınlaşdığını” hesab edənlər var.

Nəzəri cəhətdən bu mümkündür. Əlbəttə ki, ilk növbədə sanksiya rejimi siyasətini yenidən nəzərdən keçirmək lazımdır.

Ancaq məsələ təkcə bunda deyil. Bu yaxınlarda Malayziyada çıxan “New Straits Times” qəzetində açıq aydın yerli mənşəli olmayan bir material ortaya çıxdı.

Orada iddia edilir ki, seçki kampaniyasına başlayan Tramp İŞİD-in məğlubiyyətinə verdiyi töhfəni etiraf edərək Tehranla münasibətləri düzəldə bilər.

Bundan əlavə, ABŞ təzyiq yolu ilə danışmamalıdır, münasibətləri genişləndirməlidir, bu da İranın suverenliyinə hədələrdən daha yaxşı nəticələrə gətirib çıxaracaq. Nəşrin yazdığına görə, “İran xalqına ləyaqətini qaytarmaq lazımdır, ona qarşı ədalətsiz sanksiyaları tətbiq etmək lazım deyil”.

1979-cu ildən bəri Tehranın obrazından regional təhlükə kimi istifadə edən İsrailin problemlərini kənara qoyub Amerikanın İran anlayışını dəyişdirməli və həqiqi sülh əldə etməlidir.

Ancaq indiyə qədər bir çox mütəxəssis ABŞ-ın İran taktikasını Vaşinqtonun Şimali Koreyaya münasibətdə tətbiq etdiyi üsulla müqayisə edir.

Əvvəlcə oradakı qarşılıqlı rədd edilmə dərəcəsi kritik bir nöqtəyə çatdı, sonra Pxenyanla ciddi danışıqlar başladı.

Vaşinqtonla Tehran arasındakı münasibətlərdə bu baş verəcəkmi?

Bu ilin iyun ayının əvvəlində Yaponiyanın Baş naziri Sinzo Abe vasitəçilik missiyası ilə İrana getdi. Bu, Yaponiya hökumətinin fəaliyyətdə olan rəhbərinin 41 ildə ilk səfəri idi.

Abe ABŞ-İran münasibətlərini kəskin qarşıdurma mərhələsindən çıxarmağa ümid edirdi, amma heç bir şey alınmadı. “Makron planı” da var idi: İran və ABŞ-ı danışıqlar masasına gətirmək, müzakilər aparmaq və bəlkə də nüvə sazişinin yeni bir variantını imzalamaq.

Tramp belə bir ssenariyə meylli görünürdü, amma ona mane oldular.

Amerikalıların Fars körfəzində və Hind okeanında mövcudluğunu gücləndirmək üçün hərbi koalisiya qurmaq cəhdləri də uğursuz oldu. Eyni zamanda, İran bir sıra nüvə sazişi öhdəliklərinə əməl etmək səviyyəsini azaltdı, nüvə zənginləşdirilməsi üçün razılaşdırılmış həddi aşdı və müasir sentrifuqalar üzərində araşdırmalara başladı.

Tramp administrasiyası, görünür, riskləri obyektiv qiymətləndirməyə başladı.

Prezident, Yaxın Şərqdə başqa bir müharibəyə, xüsusən on minlərlə Amerika əsgərinin iştirak etməsini tələb edən bir müharibəyə qoşulmaqdan qorxur. Hamı ABŞ-ın bölgədəki “güc” kartları ilə oynamasına öyrəşib.

Davamlı asimmetrik eskalasiyanın təhlükəsini anlayan nüvə sazişi bağlamış Avropa ölkələri və Birləşmiş Ərəb Əmirlikləri kimi regional subyektlər münaqişənin yüngülləşdirilməsi üçün tədbirlər təklif etdilər. Bu, İranla ABŞ arasında birbaşa danışıqlar məsələsidir, bunun üçün avropalılar bütün səylərini sərf edirlər.

Bəlkə də Vaşinqton “Tehrandakı rejim dəyişikliyi proqramından” imtina etməyə başlayır. Bu yaxınlarda Pompeo “bu proqramı tamamlaya bilmədiklərini” bəyan etdi. Beləliklə, ABŞ və İran arasında məhbusların mübadiləsi qapalı məsləhətləşmələrə başlamaq üçün bir fürsət ola bilər. Alınacaqmı?

Tərcümə Strateq.az-ındır