XƏBƏR LENTİ

25 Yanvar 2020
24 Yanvar 2020

Digər Xəbərlər

11 Dekabr 2019 - 09:50

İSLAHATÇILAR ÜMİDLƏRİNİ “SARA”YA BAĞLAYIB –Seçki yol xəritəsi İran reformistlərini azdıra bilər

Ruhullah Fəqihi

“Əl-Monitor”, 10.12.2019

 

İran islahatçıları 2020-ci ilin fevral seçkiləri ilə bağlı strategiyalarını tərtib etdikləri zaman, parlamentdəki görünüşü nəzərə alaraq, ictimai imiclərini yaxşılaşdırmaq üçün mübarizə aparırlar.

Son 2 ildə islahatçı parlamentarilərin ictimai tənqidi artıb, çünki bir çoxu seçicilərə verdiyi vədlərə əməl etməməkdə günahlandırılır.

2016-cı ilin parlament seçkilərində bir çox tanınmış islahatçı namizədin qeydə alınması mühafizəkarlardan ibarət Nəzarətçilər Şurası tərəfindən rədd edilib. Bu, islahatçı liderlərin az tanınan simalarla və ya onlarla az əlaqəli olan şəxslərlə seçkiyə getməsinə səbəb olub. Amma qələbələrini təmin edə bilsələr də, sonradan xalqa pərişanlıq yaşadaraq vədlərinə əməl etməyiblər. Üstəlik, onlardan bir neçəsi parlamentdə mühafizəkarlara qoşulub.

Ləkələnmiş nüfuzundan əziyyət çəkən islahatçılar indi “SARA” (İslahatçıların Səsvermə Sistemi) adlandırdıqları yeni bir strategiya hazırlayıb.

Strategiya noyabrın 3-də parlamentdəki islahatçı lider Məhəmməd Rza Arifın başçılığı ilə İslahatçıların Ali Şurası tərəfindən qəbul edilib.

Müxtəlif partiyaların nümayəndələrindən və 15 müstəqil şəxsdən ibarət 44 üzvlü Şura müxtəlif növ üzvlərin seçilməsi prosesinə görə tənqidlərlə üzləşib. Lakin Şuranın ən tanınan üzvləri qurumun yalnız islahatçı fraksiyalardan ibarət olmaması ilə bağlı əks rəyi qulaqardına vurublar.

Şura “SARA” yol xəritəsini “islahatçı namizədlərin daha demokratik, şəffaf və səmərəli seçilməsi yolunda bir addım” olaraq xarakterizə edib.

Əvvəllər Şura namizədləri seçmək üçün təklikdə hərəkət edib. Amma indi “SARA”-ya əsaslanaraq partiyalar gələcək islahatçı namizədlərini qeydə alırlar. Sonra namizədlər öz aralarından finalçıları seçmək üçün şəffaf səsvermə keçirirlər. Finalçıların müəyyənləşdirilməsində ictimaiyyətin hansı rol oynaya biləcəyi isə hələ məlum deyil.

3 partiya – “Karqozaran-e Sazəndegi”, “Etemad-e Melli” və “Hezbe Eslami Kaar” strategiyaya qarşı olduqlarını bildirib. Onlar deyir ki, Ali İslahatçılar Şurasında təmsil olunan hər fraksiya “SARA”-ya əsaslanaraq 20 namizədin adını irəli sürə və qeydiyyata alınmasına icazə verə bilər. Kiçik partiyalar böyük partiyalarla birləşdiyi halda, daha çox namizəd seçmək imkanı qazanacaqlar.

“Etemad-e Melli” Partiyasının sözçüsü İsmail Gerami-Moqəddəm “SARA” prosesinin ləng olduğunu bildirib. “Ali Şurada 2 üzvü olan “Karqozaran” kimi bir partiya yalnız 40 namizəd tanıda bilər. Belə bir yanaşmanın nəticəsi budur ki, “Karqozaran” seçkini əvvəldən uduzacaq”.

Bundan əlavə, Ali Şuranın 44 üzvündən 15-i islahatçı lider Məhəmməd Xatəmi tərəfindən təyin olunmuş müstəqillərdir və hər birinin 20 namizədi ola bilər.

İslahatçı fəal Əhməd Hakimipur noyabrın 27-də deyib: “Bu planın ən böyük problemi tərəfləri zəiflətməsidir. Halbuki planın tərəflərin maraqlarına uyğun olduğu deyilir, amma bu, doğru deyil”.

O əlavə edib: “Fərdlə partiya bərabərdirmi? Onların funksiyaları eynidirmi? Bu, absurddur”.

Təqiblərə baxmayaraq, Ali Şura “SARA” strategiyası ilə irəliləməyə hazır görünür, çünki islahatçı liderlər Xatəmi və Arif planı təsdiqləyiblər. Bununla birlikdə, “SARA” ilə bağlı fikir ayrılıqları rəqibləri öz blokunu yaratmağa vadar edə bilər.

Bu arada, bir çox islahatçı sərt tənzimçilərin seçkidə qalib gələcəyini gözləyir, çünki islahatçı millət vəkillərinin zəif performansı qarşıdakı seçkidə ümumiyyətlə iştirak etməyəcək insanları məyus edib, onlar dəyişikliyə artıq inanmırlar, hər hansı bir müsbət dəyişiklik haqqında düşünmürlər. Bu o deməkdir ki, seçkidə islahatmeylli seçicilərin sayı kəskin azalacaq.

Seçki üçün az sayda islahatçı namizədin qeydə alınması onların seçiciləri bu rəyi ilə razılaşdığını göstərir.

Bu əsnada tanınmış islahatçı Abdullah Ramazanzadə dekabrın 6-da “tweet”-ində, Nəzarətçilər Şurasının qeyri-demokratik funksiyasını nəzərə alaraq, seçkiyə qatılmayacağını bildirib. Sonra o, Nəzarətçilər Şurasının müdaxiləsi olmadan azad seçki keçirməyə çağırıb.

Bundan əlavə, dekabrın 7-də islahatçı parlament üzvü Pərvanə Səlahşuri Nəzarətçilər Şurasını və İrandakı son etirazlarda 200-dən çox insanın ölümü və 7 mindən çox adamın həbs ilə əlaqədar namizədliyini irəli sürməmək qərarını elan edib.

Buna baxmayaraq, Nəzarətçilər Şurasının islahatçı namizədlərin əksəriyyətini gözlənilmədən təsdiqləyə biləcəyi də mümkündür, çünki onların qalib gəlməyəcəyinə əmindir. Belə bir uğursuzluq namizədlərin dəstək bazalarını itirməsi və ictimai imiclərinə daha çox ziyan görməsi deməkdir.

İndi növbəti 2 ayda nə olacağını gözləməliyik, çünki son günlər və həftələrdə İranda həmişə qəfil inkişaflar olur.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə