Emir Suljaciç
“Əl-Cəzirə”, 10.12.2019
Stokholmda qısa, lakin şəxsi təcrübəm var. 2000-ci ilin qışında orada yaşayarkən, Srebrenitsadakı soyqırımı barədə ilk kitabımı – “Məzarlardan gələn açıqcalar”ı yazdım.
Yazmaq üçün Bosniyadan çıxmalı idim, buna görə də, o zaman isveçli-bosniyalı sevgilim kiçik universitet yataqxanasını mənimlə bölüşməyi təklif etdikdə, qəbul etdim.
Həyatımın o dövrü tam yoxsulluqla səciyyələnib. Sarayevodan Stokholma getmək üçün yalnız 72 saatlıq məsafə qət edən köhnə-kürüş avtobusa bilet ala bilərdim. Avrtobus sürücüsü spirtli içki qaçaqmalçılığı ilə məşğul olurdu, odur ki, maşın tez-tez dayanırdı.
Mən bacım və anamı Sarayevo şəhərinin kənarında, bir serbin tərk edilmiş evində qoyub çıxmışdım; anam nə etdiyimi başa düşə bilmədi.
Onları atıb getdiyimə görə, xüsusən də hər şeyin geniş və parlaq olduğu Stokholmun geniş prospektlərində gəzərkən, özümü günahkar hiss edirdim.
Soyqırımından 5 il sonra daxili dünyam hələ də İsveç paytaxtının qlamuru ilə ziddiyyətdə idi.
İlk layihəmi hazırlaya-hazırlaya 20 il geri dönmədim.
Bu gün Srebrenitsanın xatirəsini qorumaq üçün yenidən Stokholma qayıtmışam.
İsveç Kral Akademiyasının ədəbiyyat üzrə Nobel mükafatını Peter Handkeyə verməsi barədə qərarına etiraz etmək üçün bura gəldim. O, ailəmə və 1990-cı illərdə mənim kimi sağ qalmış milyonlarla insana qarşı soyqırımını açıq şəkildə inkar edən avstriyalı yazıçıdır.
Cinayətlərin rədd edilməsi hakimiyyətlə sıx bağlıdır. Fərdlər, qruplar, təşkilatlar və hətta bütöv cəmiyyətlər bir sadə səbəbdən soyqırımının imtinası ilə məşğul olurlar: çünki bunu bacarırlar. Bununla da onlar qurbanları cinayət və cəzanı təyin edən əxlaqi aləmdən kənarlaşdırırlar. Bu məntiqə görə, qurbanlar buna layiqdir, əslində, heç bir cinayət törədilmir və buna görə də, cəza olmamalıdır.
Handkeyə ədəbiyyat üzrə mükafatı vermək qərarı ilə Nobel Komitəsi bosniyalıları bir daha Avropa mənəvi aləmindən xaric edib və bu qərar təsadüfi deyil.
Bu, Bosniyaya və ümumiyyətlə, müsəlmanlara münasibətdə Avropa yanaşmasının dəyişmədiyinin göstəricisidir.
Keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Cinayət Məhkəməsində üzə çıxan dəhşətlər qısa müddət ərzində Avropa siyasi axınında müharibə cinayətləri barədə bəzi mətləbləri arxa plana keçirib. Müharibə boyu Avropa siyasi elitası davamlı olaraq bosnakların qırğınını haqlı sayıb, bunu Avropaya aid olmayan bir xalqa qarşı “peşəkar hərbiçilər” tərəfindən həyata keçirilən əməliyyat olaraq təqdim edib.
Britaniya rəsmiləri soyqırımını “xristian Avropanın ağrılı, lakin real bərpası” adlandırıblar, beynəlxalq vasitəçilər isə 1995-ci ilin iyul ayı ərzində, Srebrenitsadakı soyqırımı əməliyyatı davam edə-edə, “Republika Srpska” ordusunun komandiri Ratko Mladiçlə danışıqlar aparıblar.
Başqa sözlə, Handke 90-cı illərə qayıdış deyil; o, eyni gündəliyi olan siyasi axının sıradan bir üzvüdür.
Köhnə siyasi qvardiya yerində sayır. Danışıq mövzuları dəyişməyib. Əslində, 1990-cı illərdə bu məqsədlə qurulan bütün diskurs yenə də eynidir. Bosniya soyqırımının memarlarının istifadə etdiyi dillə həyəcanverici paralelləri görmək üçün 1990-cı illərin əvvəllərində müsəlman Bosniyanı cihadçı ekstremizmin bombasıkimi təsvir edən Fransa isteblişmentini də yada salmaq kifayətdir.
Handkeni ədəbiyyat üzrə Nobel mükafatı ilə təltif etmək qərarı Srebrenitsadakı soyqırımı zamanı Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli şəxslərinin və sülhməramlıların davranışlarında və hərəkətlərində gördüklərimi inamla əks etdirir.
1993-cü ilin may ayında BMT-də tərcüməçi olaraq çalışırdım. BMT-nin Srebrenitsadakı “təhlükəsiz bölgəsi” 1995-ci ilin iyulunda Mladiçin rəhbərlik etdiyi serb qüvvələrinin nəzarətinə keçdikdən sonra serblər dərhal boşnak qaçqınların o dövrdə Bosniya hökumətinin nəzarətində olan Tuzla yaxınlığındakı Kladan şəhərinə deportasiyası barədə danışmağa başladılar.
Serblər kişiləri ailələrindən ayıranda, BMT rəsmiləri və Hollandiya sülhməramlıları “müharibə cinayətlərini yoxlamağ”ı ağıllarından keçmədi. Onlara bacardığım qədər yüksək səslə və aydın şəkildə söylədiyimi indi də xatırlayıram: “Hamısını öldürəcəklər!”
Bir neçə gündən sonra bəzi Hollandiya zabitləri və əsgərləri ilə BMT-nin mətbuat konfransını televizorda izlədim. Bir jurnalistin deportasiya ilə bağlı sualını cavablandıran BMT rəsmisi dedi: “İnsanlar özləri getmək istəyir, serblər yalnız onları avtobusları təmin edirlər”.
Bu, yalnız məcburi köçürülmə həqiqətinin təhrifi deyildi, eyni zamanda, mühüm bir detalı da inkar edirdi: serblər tərəfindən təmin edilən avtobuslar kişiləri Kladana aparmaq üçün nəzərdə tutulmamışdı. Bu avtobuslara mindirilən adamlar bir daha canlı görülmədilər; uzaq yerlərə aparılıb edam edildilər. Soyqırımı başlamışdı, lakin BMT və “sülhməramlılar” hələ də bunu rədd edirdi.
Bu günə qayıdaq. Nobel Mükafatı Komitəsi də eyni şəkildə inkarla məşğuldur. Bosniya-Herseqovina və Kosovadakı nəşrlərə və sağ qalanlara ünvanlanan 15 noyabr tarixli bir məktubda komitə “müəlliflərin fərqli fikirləri və ədəbi əsərlərin fərqli ağlabatan şərhləri üçün yer ayrılmalı olduğunu” iddia edir.
Handkenin işində təklif olunan bəzi “fərqli fikirlər” və “ağlabatan şərhlər” serblərin söylədikləri ilə üst-üstə düşür: Sarayevoda, Markale bazarındakı partlayışı əslində, Bosniya müsəlmanları törədib; Srebrenitsada 8 mindən çox kişi və oğlan uşağının öldürülməsində Bosniya müsəlmanları günahkardır; serblərin münaqişədə “təcavüzkarlar” adlandırılması ədalətsizlikdir; Bosniya müsəlmanları insan deyillər…
Handkenin soyqırımını inkar etməsi 1995-ci ildə şahid olduğum, BMT və Hollandiya rəsmiləri cahilliyi və aqeydliyinin məntiqi siyasi davamıdır.
Rədd etmə, ilk növbədə, soyqırım üçün konteksti təyin edən prosesin bir hissəsidir.
Bu ilin oktyabr ayında Nobel Komitəsi Avropa yaddaşındakı yerimizə dair son hökmü verdi: biz gözəgörünməyən, xatırlanmayan insanlarıq, bütövlüklə rədd edilmişik.
Tərcümə: Strateq.az