XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2019 - 19:22

ANKARA YENİ REGİONAL OYUNA BAŞLAYIB –Ərdoğan Türkiyəni daha geniş bölgədə əhəmiyyətli oyunçuya çevirmək istəyir

Maksim İsayev

REGNUM, 11.12.2019

 

Türkiyə 27 noyabr 2019-cu ildə Liviyanın beynəlxalq səviyyədə tanınan müvəqqəti hökuməti – Milli Barışıq Hökuməti (GNA) ilə dəniz sərhədlərini bölən mübahisəli bir anlaşma memorandumu imzalayıb.

Yunanıstan, Kipr və Misir bu anlaşma memorandumunu Türkiyənin bölgədə iqtisadi və strateji təsirini onların hesabına artırmaq üçün atdığı bir addım kimi qəbul edib.

Yunanıstan hökuməti GNA səfirini ölkədən qovmaqla dərhal cavab verdiLehai Universitetinin (Penselvaniya) professoru Henri Barki, “Syndication Bureau” nəşri üçün yazdığı məqaləsində deyir.

Yunanlar və Kıbrıslılar bu anlaşma memorandumunun onların xüsusi iqtisadi zonalarına (XİZ) birbaşa meydan oxumaq kimi qəbul etdilər.

Yunanıstan, Anlaşma Memorandumunu və ardınca iqtisadi sərhədlərin bölünməsini Liviya ilə Türkiyə arasında yerləşən böyük Yunan Krit adasının və XİZ-nın mövcudluğuna tamamilə etinasız yanaşma kimi dəyərləndirir.

Liviyada vətəndaş müharibəsi davam edir.

Xəlifə Haftarın başçılıq etdiyi Milli Barışıq Hökuməti və Liviya Milli Ordusu (LMO) barrikadaların fərqli tərəfindədirlər.

Haftar Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra ölkələrin dəstəyini aldı. Hal-hazırda LMO ölkənin əhəmiyyətli bir ərazisinə nəzarət edir.

Milli Barışıq Hökumətinin Liviyanın cüzi bir hissəsinə nəzarət etməsinə və mühasirədə olmasına baxmayaraq, Türkiyənin GNA ilə anlaşma memorandumu imzalamaq qərarına gəlməsi bir qədər təəccüblüdür. Türkiyənin hərəkətini Türkiyə ilə Kipr arasında ərazi suları və ətrafdakı adalara görə uzun müddətdir davam edən mübahisə  izah edir.

Kipr, Misir və İsrailin ərazi sularında qaz yataqlarının son kəşfləri və təbii qazın AB-yə ixracı baxımından üç ölkə arasında yaranan əməkdaşlıq, görünür, Türkiyəni bu sahədə ön plana çıxarmaq niyyətində olan Prezident Rəcəb Ərdoğanın planlarını pozub.

Türkiyənin həmçinin Liviya ilə keçmiş lideri Muammər Qəddafi dövründə qurulan uzunmüddətli və dərin iqtisadi əlaqələri var.

Xüsusən tikinti sektorunda çalışan türk şirkətləri Liviya infrastrukturunun inkişafı sahəsində çoxlu sayda müqavilələr aldılar və buna görə də Türkiyə Liviyanın beynəlxalq səviyyədə tanınan hökumətini, o cümlədən hərbi texnikanın tədarükü yolu ilə dəstəkləyir.

Türkiyə ilə dəniz müqaviləsi Milli Barışıq Hökumətinin dəstəyə görə Ankaraya ödənişdir. Türkiyənin hazırkı hərəkətləri Kiprin beynəlxalq səviyyədə tanınan Kipr Respublikası və Şimali Kipr Türk Respublikasına (ŞKTR) bölünməsi ilə də bağlıdır.

Türklər iddia edir ki, Yunan kiprliləri Kıbrıslı türklərin iştirakı olmadan karbohidrogen kəşfiyyatı və ixracı ilə məşğul ola bilməz. ŞKTR yalnız Türkiyə tərəfindən tanınır və Ankara Kipr sularında qaz və neft axtarışlarına başlamaq üçün ondan istifadə etdi. Həm ABŞ, həm də AB Türkiyədən bu cür fəaliyyətlərdən imtina etməsini istədi, lakin bu heç bir nəticə vermədi.

Buna baxmayaraq, Türkiyənin hərəkətlərini daha geniş kontekstə salmaq lazımdır.

Türkiyəli akademik Ayhan Aktar, Türkiyənin bu siyasətinin “Egey və Aralıq dənizlərində geniş dəniz yurisdiksiyasının” mövcudluğunu ifadə edən yeni Mavi Vətən doktrinasının bir nəticəsi olduğunu iddia edir.

Türkiyə bu doktrinaya əsasən, Aralıq dənizinin şərqində kontinental şelfinin böyük seqmentlərinə iddia edərək mənfəət əldə etməyə çalışır. Böyük mənada Ərdoğanın Türkiyəni daha geniş bölgədə və onun hüdudlarından kənarda əhəmiyyətli bir oyunçuya çevirmək istəklərindən də danışa bilərik.

Türkiyə Qətərdə hərbi baza tikdirdi və bu yaxınlarda onu genişləndirdi. Eynilə, 2017-ci ildə Türkiyə Somalidə hərbi baza qurdu.

Ərdoğanın özünə inamı artmaqda davam edir, onun Suriya kürdlərinə qarşı apardığı kampaniya buna dəlalət edir. Buna baxmayaraq, Ərdoğanın Ankaranın Kipr sularında təbii sərvətlərin kəşfiyyatı qərarı ilə əlaqədar AB-nin anti-Türkiyə sanksiyaları hədələri fonunda bu qurumun iki üzvünə – Yunanıstan və Kipr Respublikasına meydan oxumağa hazır olması heyrətamizdir.

Hətta türk gəmiləri dərhal bu yeni zonada kəşfiyyata başlasalar, Ankaranın önəmli nəticələr əldə etməsi üçün uzun illər, bəlkə də onilliklər tələb olunar.

Bu arada Ankaranın birtərəfli hərəkətləri bölgədəki gərginliyi daha da artırır. Bütün bunların nəticəsi olaraq, Brüssel və Vaşinqton hər zaman olduğu kimi Türkiyənin etdiklərindən baş çıxarmalıdır.

Tərcümə Strateq.az-ındır