XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2019 - 23:25

BORİS QALİB, BRİTANİYA MƏĞLUBDUR…- “Deutsche Welle”: "Conson Trampın bütün fəndlərini mənimsəyib və yalanlarına davam edəcək"

Robert Mac,

“Deutsche Welle”, (Almaniya)

 

Hamımız bunu gözləyirdik, elə deyilmi? Sadəcə xatırlatma edək: Mühafizəkarlar Partiyası Böyük Britaniyada sonuncu dəfə 1987-ci ildə – Marqaret Tetçerin zamanında belə bir üstünlüklə qələbə qazanmışdı. Məhz o, əl çantasını yelləyərək Avropa İttifaqına təxminən belə bir ismarıc göndərmişdi: “pulumuzu bizə qaytarın”. İndi bu ifadə “Brexit’i sona çatdıracağıq” çağırışına çevrildi. Avropa İttifaqından çıxmaq – bu gün Böyük Britaniyanın gələcəyi ilə bağlı inamla deyilə bilən yeganə şeydir.

Aldatma, yerinə yetirilməmiş vədlər və bir qədər gizli irqçilik dövrümüzdə əsaslı siyasətdən daha yaxşı işləyir. Təhsil və tibbi sığorta sistemində problemlər, cinayətkarlıq, mənzil problemləri – bütün bunlar seçiciləri Consonun “saxta divarı məhv etmək” şüarlarından daha az maraqlandırırdı.

Ümumiyyətlə, Conson Donald Trampın təşviqat repertuarındakı demək olar ki, bütün fəndlərini mənimsəyib. Buna qarşı heç kim qaşını belə, qaldırmadı.

Ona görə də Conson bundan sonra da Avropa İttifaqından çıxmağın asan və hamar olacağına, 2020-ci ilin dekabrında – keçid dövrünün sonunda Britaniyanın Avropa İttifaqı ilə ticarət razılaşması əldə edəcəyinə dair yalanlarını təkrarlamağa davam edəcək.

Və bir daha xatırlayaq: ABŞ və Kanadaya ticarət sazişi bağlamaq üçün 10 il lazım olmuşdu.

Ceremi Korbin

Britaniya leyboristlərinin problemi nədədir? Cavab sadədir: Ceremi Korbində. Leyboristlər Partiyasının tarixində onun qədər nifrət edilən və bölücü bir lider olubmu? İndi Korbinin istefa verməkdən başqa bir şansı yoxdur. Bu, onun öz partiyasına edə biləcəyi son xidmət olar. Daha əvvəl də bəyan etdiyi kimi, Leyboristlər Partiyasını növbəti seçkilərə aparmayacaq. Deyəsən, bu yaxınlarda Korbin yenə də bunu etmək niyyətində idi.

Diqqətçəkən məqam həm də odur ki, Leyboristlər Partiyası özünə dayaq saydığı bölgələrdə də uğursuzluğa düçar oldu. Söhbət, Britaniyanın şimalından gedir. Burada mühafizəkarlar tərəfindən tətbiq olunan sərt iqtisadi tədbirlər sosial sahəyə və iqtisadiyyata ciddi ziyan vurub, yoxsul insanları daha da kasıb vəziyyətə gətirib.

Bu gün leyboristlər seçicilərin onlardan getməsini “Brexit” mövzusunun seçkidə üstünlük təşkil etməsi ilə əlaqələndirirlər. Lakin bunlar çox sıradan izahlardır. Üstəlik partiyalarının lideri heç bu məsələ ilə də bağlı dəqiq bir mövqe nümayiş etdirə bilmədi.

Görünən odur ki, leyboristlər səhvi özlərində axtarmalıdırlar. Düşünməlidirlər ki, mühafizəkarların bir neçə illik uğursuz idarəetməsindən sonra belə, niyə onların Britaniya cəmiyyətini silkələyə, iqtisadiyyatı canlandıra biləcək şüarları ölkədə sadəcə yüngül həyəcan yaratdı.

Leyboristlər Partiyası artıq dağıntı yığınıdır və Almaniyadakı Sosial Demokratların vəziyyətindədir. Beləliklə, Britaniyadakı seçki daha çox “ən qeyri-populyar siyasətçilərin yarışına” bənzəyirdi. Və Conson ölkədə ən nifrət edilən siyasətçi olmamağı bacardı.

İndi ağlı başında olan elə bir adam varmı ki, mühafizəkarların liderinin təşviqat vədlərini yerinə yetirəcəyini gözləsin. Çətin ki. Amma görünür ki, Korbinin vədlərinə daha az seçici inandı.

Lakin məsələnin ən narahatedici tərəfi seçkinin onsuz da qütblərə ayrılmış və dərin bölünmüş ölkəyə vurduğu zərərdir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı – sən hələ də həqiqətən birləşmiş vəziyyətdəsən? Şotlandiya yəqin ki, Şotlandiya Milli Partiyasının arqumentlərini dinləyib.

Partiya şotlandların əlindəki vilayətlərin işlərinə nəzarəti şotlandların özünə qaytarmağa çağırdı. Və seçkilərdə bu partiya qələbə qazandı. Böyük Britaniyadan ayrılması və müstəqilliyinə dair referendumun keçirilməsi üçün Şotlandiyada kütləvi mübarizə gedir.

Əlbəttə ki, Londondakı mühafizəkar hökumət bu planlara qarşı çıxmağa çalışacaq. Şotlandiya Baş naziri Nikola Sterdcen bəyan edib ki, Consonun Şotlandiyanı Avropa İttifaqından çıxarmaq üçün mandatı yoxdur. Bu, seçkidə uğur qazanan Şimali İrlandiyadakı millətçilər üçün də bənzər bir yol açılır.

Bir şey aydındır: seçkinin nəticələri Britaniyanın dünyadakı yerini müəyyənləşdirəcək. Və bu nəticələr Britaniyanın daxili siyasətində böyük bir tərpənişi – gələcək illər ərzində ölkənin həyatına təsir edəcək bir tərpənişi nümayiş etdirirlər.

Tərcümə Strateq.az-ındır