XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 16:12

ELÇİBƏYİN QEYBƏTİ, İRANIN MANEVRLƏRİ, AMERİKANIN TƏPKİSİ, RƏSUL QULİYEVƏ TƏRS SUAL, YELTSİNİN TELEFON ZƏNGİ… –Haşimi Rəfsəncaninin "Xatirat"ı

Əziz Rzazadə

Strateq.az

 

Tarix futbol deyil ki, VAR sistemindən istifadə edib hər hansı bir anı geri qaytarasan, ədalətli hakimin əslində, kimin haqlı, kimin haqsız olduğuna dair qərar verməsinə şərait yaradasan. Tarix amansızdır, geriyədönüşə imkan saxlamır, yalnız yenidən dəyərləndirmə və müzakirə mümkündür.

İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin gündəliyindən bu gün Strateq.az vasitəsi ilə sizə təqdim edilən parçalar da Azərbaycan tarixinin yaxın keçmişi barədə yalnız geniş müzakirəyə və bolluca düşüncəyə qapı açır.

 

8 iyun 1993

[Kəşfiyyat naziri] cənab [Əli] Fəllahian münafiqlərin (“Mücahedin-e Xəlq” təşkilatı nəzərdə tutulur – Ə.R.) ölkənin qərbdəki əməliyyatı barədə telefonla məlumat verdi. Hesabatlarda Azərbaycan Respublikasında Gəncə şəhərini qiyamçıların ələ keçirməsi, baş nazirin (Pənah Hüseyn – Ə.R.) istefası və müxalifətin siyasi-hərbi hücumu barədə vacib məlumatlar var.*

Səhifəaltı qeyd: “Azərbaycan ordusunun vəzifədən kənarlaşdırılmış komandiri, Rusiyanın adamı [Surət] Hüseynovun rəhbərlik etdiyi qiyamçı qüvvələr Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərinə nəzarəti ələ keçirdilər. Rusiya qoşunlarının son qrupunun Azərbaycandan getməsindən sonra. Bu hərəkətdən sonra Azərbaycan prezidenti Əbülfəz Elçibəyə rəqib 5 müxalif partiya hərbi qiyamı dəstəklədi. Baş nazir Pənah Hüseynov da istefa verdi”.

 

13 iyun 1993

Gecə Ayətullah Xamnəinin qonağım oldum… Somali və Azərbaycan Respublikasında qarşıdurmaların artması mövzusunda danışdıq.

 

15 iyun 1993

Hesabatlar Azərbaycandakı qiyamçı qüvvələrin Bakıya doğru irəliləməsinə və Somalidə münaqişənin kəskinləşməsinə işarə edir.

 

16 iyun 1993

Azərbaycanda davam edən qiyamın genişlənməsi və parlamentin başçılığına [Əbülfəz] Elçibətyin rəqibi Heydər Əliyevin gətirilməsi… əhəmiyyətli xəbərlərdir.

 

19 iyun 1993

Elçibəyin Azərbaycandan (BakıdanƏ.R.) qaçması vacib xəbərdir. Səhər saat 10-dan iş başındayam. Cənab Vaezi telefonla dedi ki, Heydər Əliyev, Azərbaycanda yaranmış vəziyyəti nəzərə alaraq, Ermənistanı Qarabağda fürsətdən yararlanmamağa çağırıb və onlar bu çağırışı qəbul ediblər.

 

20 iyun 1993

Gecə Ayətullah Xamnəinin qonağım oldum. Cümə xütbəmə görə çox təşəkkür etdi. Azərbaycan Respublikasında baş verən hadisələri, Türkiyəyə səfərimi və… müzakirə etdik.

 

22 iyun 1993

Hesabatlarda Azərbaycan Respublikasındakı böhran və parlamentdə [Əbülfəz] Elçibəyə Bakıya qayıtmaq və səlahiyyətlərinin ləğv edilməsinə dair təklifləri yer alıb.

 

25 iyun 1993

Hesabatlarda Azərbaycan prezidenti [Əbülfəz] Elçibəyin rəsmi şəkildə vəzifədən kənarlaşdırılması və hakimiyyətin Heydər Əliyevə təhvil verilməsi tələbi yer alıb.

 

27 iyun 1993

Gecə Ayətullah Xamnəinin qonağım oldum. ABŞ-ın İraqa raket zərbəsi, Azərbaycanla bağlı məsələlər, “İkinci Quruculuq Planı”… barədə müzakirələr aparıldı.

 

29 iyun 1993

Hesabatlarda bəzi ABŞ rəsmilərinə istinadla Bağdada atılan raketlərin həm də İrana mesaj olduğu, eyni zamanda, Ermənistan qüvvələrinin Azərbaycan Respublikası ərazisində davamlı irəliləyişi mühüm xəbərlərdir.

 

3 iyul 1993

Ali Milli Təhlükəsizlik Şurası toplandı. …həmçinin Azərbaycan Respublikasındakı hadisələri… müzakirə etdik.

 

6 iyul 1993

Yerimi dəyişdiyimə görə rahat yata bilmədiyimdən İstanbul məscidlərindən bir müəzzinin verdiyi azan səsinə dərhal oyandım…

Səhər saat 9-da rəsmi görüşdən (İƏT-in İstanbul sammitiƏ.R.) əvvəl otelin toplantı salonlarından birinə getdik… Biz yalnız Tacikistan prezidenti və Azərbaycan nümayəndə heyəti ilə tanış deyildik. Hər kəslə qısa söhbət etdim.

…Qırğızıstan prezidenti (Əskər AkayevƏ.R.) gəldi. Bu yaxınlarda Tehranda olduğu üçün danışacağımız çox mətləb olmadı. O, Məşhəddə, İmam Rza (ə.) ziyarətgahındakı ruhanilərdən dərin mütəssirliyini və Məşhədə səyahət etmək fürsətinə görə çox minnətdar olduğunu söylədi.

Azərbaycan Respublikasında baş verən hadisələrə gəlincə, demək olar ki, hamısı (ümumən bütün Orta Asiya respublikaları rəhbərləri nəzərdə tutulurƏ.R.) hakimiyyətə yeni gələn qrupa meyllidirlər. Xalq Cəbhəsi və Elçibəydən xoşları gəlmir.

O (Akayev – Ə.R.) və başqaları Rusiyadakı böhrandan narahatdır, amma Sovet imperiyasının bərpa olunmayacağını, Rusiyanın böhran və dəyişikliklərə hamilə olduğunu iddia edirlər.

Orta Asiyaya və Qırğızıstana səyahət etməkdə israr etdim.

… Azərbaycan Respublikasının nümayəndə heyəti gəldi. Baş nazirin müavini [cənab Rəsul Quliyev] onların sammitə dəvət olunmasından məmnundur. Diqqəti Türkiyənin Elçibəyi dəstəkləməsinə yönəltdi, problemlərindən söz açdı, Xalq Cəhbəsinin və Elçibəyin şəxsi nadanlığını, onların İrana qarşı siyasətini tənqid etdiyini, İrana etimad ifadə etdiklərini və problemlərinin həllində hər cür kömək gözlədiyini dedi. “Rusiya Heydər Əliyev və Surət Hüseynovla yaxşı münasibətdə ola-ola niyə erməni təcavüzünün qarşısını almır” sualıma düzgün cavab vermədi. Xahiş etdi ki, qaz pulumuzu tələb etməyək və inişil göndərilən benzinin haqqını ödəyək. Zirvə görüşündə yalnız İran və Türkiyənin köməyindən danışdı və digərlərindən yardımın olmamasını tənqid etdi. Nitqinin sonunda mənim çıxışımı xeyli təriflədi.

 

1 avqust 1993

[Yol və nəqliyyat naziri] cənab [Məhəmməd] Səidikiya gəldi. Azərbaycan Respublikasına səfəri barədə məlumat verərək, yeni hökumətin problemləri, doktor Vilayətinin səfərinə israr etmələri, Rusiyanın ermənilərin işğalına mane olmağa rədd cavabı verməsi və Xalq Cəbhəsinin süqutundan sonra Rusiyaya meyilli olduğunu deyən hakimiyyətə yeni gələnlərdən söz açdı.

 

18 avqust 1993

Yenidən iqamətgahıma getdim. Gecə orada qaldım və işlərimi qurtardım. Doktor Vilayəti Azərbaycana səfəri və anlaşma memorandumları haqqında hesabat verdi.

 

25 avqust 1993

Saat 5-in yarısında hökumət üzvləri ilə birlikdə Ayətullah Xamnəi ilə görüşdük. Görüşdən əvvəl və iclasdan sonra onunla… Azərbaycandakı vəziyyət, Hikmətyarla danışıqlarla əlaqədar fərdi söhbətlər etdim…

 

26 avqust 1993

Telefonla xarici işlər nazirinə [cənab Vilayəti] dedim ki, əfqan döyüşçülərini Azərbaycana keçirməyə başlaya bilərlər. Hər iki tərəf silah-sursat təchizatı, habelə Azərbaycan Xudafərin anbarının ermənilərdən qorunmasını xahiş etdi. [Müdafiə naziri] cənab Foruzənde azərbaycanlılarla 30 milyon dollarlıq silah-sursat müqaviləsi imzalanıdığını söylədi.

 

3 sentyabr 1993

İranın Azərbaycan sərhədində hərbi manevrlər keçirməsi xəbəri böyük rezonans doğurub. Bu, Türkiyəni rəqabətli əks-tədbirlərə vadar etdi və ciddi təsirin davamlılığı görünür.

 

4 sentyabr 1993

Axşam [Möhsün] Rezai, [Əli Məhəmməd] Bəşarəti, doktor [Həsən] Ruhani, [Məhəmməd] Haşimi və [Əli Əkbər] Vilayəti gəldi. Ali Təhlükəsizlik Şurasının iclası qeyri-rəsmi keçdi, amma İraq, Azərbaycan və Fələstindəki siyasətimizi müzakirə etdik və qərarlar verdik.

 

7 sentyabr 1993

[Xarici işlər nazirinin müavini] cənab [Mahmud] Vaeziyə mənimlə danışmaq istəyən Ermənistan prezidenti ilə telefon əlaqəsi yaratmağa icazə verim, dedim ki, bu şərtlə ki telefonla Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun səngidilməsini qəbul etsin.

Sonra ABŞ-ın İsveçrə vasitəsilə Azərbaycan Respublikasının sərhəddində İran qüvvələrinin toplanması ilə bağlı göndərdiyi mesajı oxudu, hərbi müdaxilə etməməyimizi xahiş edirdilər.

Dedim, cavab yazsınlar.

 

8 sentyabr 1993

Axşam saatlarında Ermənistan prezidenti ilə telefon danışığımız oldu. Mən Ermənistanın Azərbaycana təcavüzünü qınadım. O dedi ki, artıq Qubadlıdan geri çəkilir və daha irəliləmək istəmirlər; tədricən Qarabağdan çıxacaqlar və yaxın vaxtlarda Rusiyadakı danışıqlarda yaxşı qərarlar veriləcək və elan olunacaq.

İsrar etdim ki, Tehran görüşündən sonra ermənilərin vədlərinə zidd hərəkət etdiyinə diqqət yetisin. O vədlər yerinə yetirilməyib.

Dəfələrlə telefonla danışmaq istədi, amma mən imtina etdim.

 

15 sentyabr 1993

Rusiya prezidenti Boris Yeltsinlə ilk telefon danışığımız oldu. Azərbaycan Respublikasında hərəkətliliyimizə görə gərginləşən münasibətlərimizi mehribanlaşdırmaq, Xəzərdə əməkdaşlıq və Türkmənistanda dövlət başçılarının sammitindən əvvəl onların xarici işlər nazirinin İrana səfəri, Tacikistanda sülhün və əmin-amanlığın bərqərar ediməsi, Dağlıq Qarabağ müharibəsi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Gələn il İrana gəlməsi planlaşdırıldı.

… Axşam Azərbaycanın prezident əvəzi cənab Heydər Əliyevlə söhbət etdik. Yardıma görə bizə təşəkkür etdi və dedi ki, sentyabrın 23-də seçki keçiriləcək.

 

15 oktyabr 1993

[Qızıl Aypara Təşkilatının rəhbəri] doktor [Seyfullah] Vəhid Dəstcerdi gəldi. Məruzədə Dağlıq Qarabağ müharibəsi qaçqınları üçün Azərbaycan ərazisində bir düşərgənin qurulması… haqqında idi.

…Doktor Vilayəti telefonla məlumat verdi ki, Azərbaycan prezidenti [cənab Heydər Əliyev] mənim də bu (AzərbaycanaƏ.R.) səfərə gəlməyimi istəyir.

 

23 oktyabr 1993

Demək olar ki, bütün müddətdə cənab Niyazov (Türkmənistan prezidentiƏ.R.) yanımda idi, yollarda, şəxsi avtomobildə, görüşlərdə, nahar və şam yeməyində və axşamlar hey danışırdıq. Sirləri danışmaqdan çəkinirdi və vacib məsələlərdə mənimlə məsləhətləşirdi.

Rusların Qazaxıstan və Özbəkistandan çox narahat olduğunu və aralarında, bir növ, düşmənçilik və inamsızlıq hökm sürdüyünü deyirdi.

İçində fitnə xofu var, cənab Əliyevə etibar etmir və onu Rusiyaya təbəəsi, lakin hazırkı şəraitdə, Dağlıq Qarabağda ermənilərlə [Azərbaycanın müharibəsi] vəziyyətində məqsədəuyğun sayır.

 

27 oktyabr 1993

(Haşimi Rəfsəncaninin Azərbaycana səfəri barədə digər yazılarda ətraflı məlumat verildiyindən Bakıda keçən günləri ilə bağlı yalnız bu əlavəyə yer verirəmƏ.R.)

Nəhayət, fürsət yarandı, yorulmuşdum, bir az istirahət etdim. [Həsən] Ruhani, Vilayəti və Vaezi gəldi. Dağlıq Qarabağ müharibəsi ilə bağlı mövqeyimizi müzakirə etdik.

Yenə də ermənilərə qarşı müharibədə dəstək olmaq üçün Əliyevlə təkbətək görüşümüz oldu və nəhayət, atəşkəsin əldə edilməsi, ermənilərin geri çəkilməsi üçün siyasi səy göstərmək və mühasirədə olan Zəngilana kömək etmək üçün yollarımızı açmaq qərara alındı.

Əlavə olaraq, sərhəddə hərbi manevr keçirilməsi, qoşunlarımızın müdafiənin keyfiyyəti ilə bağlı danışıqlar aparması, Tehranda müdafiə ittifaqı təklifinin nəzərdən keçirilməsi və sonra cavab verilməsi.

Atışma intensivliyinin azaldığı bildirildi.

Bu xəbərlə şam yeməyinə getdik. Geniş zal və yüzlərlə dəvət edilmiş qonaq. Bir az musiqi çalındı. Yeməkdən sonra atəşkəs təklifini irəli sürdük, onun həyata keçirildiyi ortaya çıxdı.

Gec yatdım.

 

18 noyabr 1993

Şərqi Azərbaycan valisi cənab [Əli] Əbdüləlizadə gəldi. Vilayətdəki vəziyyəti bildirdi, Təbrizin içməli su və digər planları ilə bağlı məlumat verdi. Bundan əlavə, Azərbaycan-Ermənistan müharibəsinin vəziyyəti, Azərbaycanın son məğlubiyyəti və humanitar yardımımız, təxminən 60 min insanın 3 min maşın və 30 min baş mal-qara, silah-sursat və bəzi məişət ləvazimatı ilə İran ərazisindən qaçması barədə.

Azərbaycan Respublikası ilə əməkdaşlıqda inşa olunan Xudafərin bəndinin tikintisinin davam etdirilməsi barədə soruşdum, dedi, inşaat davam edir.

 

20 noyabr 1993

[Azərbaycan Respublikasında Rəhbərin nümayəndəsi] cənab [Seyyid Əli Əkbər] Ocaqnejad gəldi. Məruzəsi keçmiş Sovet Azərbaycanında Mədəniyyət Mərkəzinin təsis edilməsi baqqında idi və maliyyə tələb etdi.

 

30 noyabr 1993

Məğrib namazından sonra Ali Milli Təhlükəsizlik Şurası toplandı. Azərbaycan Respublikasının hərbi yardım istəyi müzakirə edildi. Təlim, silah və siyasi yardım barədə razılığa gəlindi, lakin müdafiə sahəsində əməli əməkdaşlığa qarşı çıxıldı.

 

18 dekabr 1993

Axşam Ali Milli Təhlükəsizlik Şurası toplandı. Hərbi çağırışçılar, iraqlılarla münasibət, Azərbaycan Respublikası və BƏƏ-nin problemləri ilə bağlı müzakirələr aparıldı və qərarlar qəbul edildi.

 

29 dekabr 1993

Axşam Azərbaycanın xarici işlər naziri [cənab Həsən Həsənov] gəldi. O, Heydər Əliyevin Fransaya səfəri və Aşqabadda keçirilən MDB sammiti barədə məlumat verdi. Kömək etdiyimiz üçün bizə təşəkkür etdi və dəstək istədi.