XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2019 - 23:50

ABŞ-da OXŞAR “BRİTANİYA SSENARİSİ”:demokratlar 2020-ci ildə Trampın əlinə necə oynaya bilərlər? - TƏHLİL

Maksim İsayev,

(“Regnum”), 17.12.2019

 

Hakim dairələrdən və sistemdən narazılıq bir daha köhnə nizama zərbə vurub.

Mühafizəkarlar Partiyasının Britaniyada parlament seçkilərindəki qələbəsi belə fikirlərin qaldığını göstərir. Böyük Britaniyanın Baş naziri Boris Conson İcmalar Palatasında çoxluğu qazanıb və indi “Brexit”in, nəhayət, baş tutacağı görünür.

“Bu qələbə, şübhəsiz ki, 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə də təsir edəcək”, – mühafizəkar “FreedomWorks” qeyri-kommersiya təşkilatının rəhbəri Adam Brandon “The Hill” nəşri üçün yazır.

Bütün dünyada demokratik ölkələrdə seçicilər bir neçə il əvvələ qədər hakimiyyəti əlində saxlayan siyasi elitanı rədd edir.

Hər şey Britanıyanın AB-yə üzvlük məsələsi ilə bağlı referendumla başladı və sonra bu proses bütün Avropa Birliyini əhatə etdi. Kanadadakı son seçkilərdə Baş nazir Castin Trudonun Liberal Partiyası yerlərini itirdi və indi azlıqda hökumət qurmalı olacaq.

ABŞ Prezidenti Donald Trampın seçkidə qələbəsi elitadan narazılıqların ilki deyil, yeni və güclü nümunəsidir.

Britaniya seçiciləri “Brexit” prosedurunu davam etdirəcəyini vəd edən Mühafizəkarlar Partiyasına dəstək verməyə qərar verdi, bu da Avropadakı status-kvoya həlledici zərbədir.

ABŞ seçiciləri də Trampa dəstək verdi və üç il əvvəl onun hakimiyyət sisteminə qarşı kampaniyasını dəstəklədi. Atlantikanın hər iki tərəfindəki seçicilər siyasi elitanın gücünü dəstəkləməkdən daha çox, populyar məsələlərə diqqət yetirən seçilmiş şəxslərə ehtiyac duyur.

Britaniyanın siyasi elitası və rəsmiləri böyük mənada seçiciləri ən çox narahat edən məsələlərə toxunmaqdan imtina etdi. “Brexit” məsələsində onlar sadəcə xalqın iradəsini yerinə yetirməkdən yayındı.

Əslində, Britaniyanın siyasi elitası ölkənin Avropa Birliyini tərk etməyindən çox qorxurdu, buna görə hər dəfə “Brexit”in vaxtının uzadılması daha çox cəza əməliyyatı kimi görünməyə başladı.

Britaniyanın AB-yə üzvlüyü ilə bağlı keçirilən referendumdan sonra siyasi elita nəzarəti itirməyə başladı və Londonda  bataqlığı qurutmaq istəyən seçicilərin iradəsini sarsıtmaq üçün əlindən gələni etdi.

Consonun və Mühafizəkarlar Partiyasının qələbəsi Böyük Britaniyanın Avropa Birliyini tərk edəcəyini təsdiqləyir. Bu, mövcud status-kvondan ciddi şəkildə imtinadır. Londonun AB-dən və onun monolit dövlət bürokratiyasından çıxması, demək olar ki, qaçılmazdır.

Trampın impiçmenti ilə əlaqədar ABŞ-da oxşar Britaniya ssenarisini müşahidə edə bilərik.

İngilis mediası və siyasi elita “Brexit”i sıradan çıxartmaq istədiyi kimi, Liberal Amerika mediası və demokratlar Trampı vəzifəsindən uzaqlaşdıraraq 2016 seçkilərinin nəticələrini ləğv etmək istəyirlər.

Demokratlar Amerika xalqına Trampı prezidentliyinin ilk günündən vəzifəsindən kənarlaşdırmaq niyyətində olduqlarını söylədilər.

Müxtəlif mütəxəssislər ABŞ administrasiyasının mövqeyini sarsıtmaq ümidi ilə Tramp administrasiyasından məlumat sızdırılması məsələsini şişirdirdi. Nəhayət, üç il davam edən nizamsız hərəkətlərdən sonra Demokratlar impiçment proseduruna başladılar.

Senat, impiçment tərəfdarlarının dediklərindən asılı olmayaraq, Trampa mütləq bəraət qazandıracaq.

İndi impiçment prosesi Britaniya seçicilərinin “Brexit”i tamamlamaq istəyi ilə paralel olaraq inkişaf edir.

Tramp Ağ Evi respublikaçı və ya mühafizəkarların deyil, sadə seçicilərin səsləri ilə tutdu. Onlar bəlkə də iki dəfə Barak Obamaya səs verib, lakin sonradan mövcud status-kvoya qarşı mənfi münasibətləri yaranıb. Sözsüz ki, impiçment Vaşinqtonda baş verənlərdən bezmiş seçiciləri daha da çox canlandıracaq. Sorğuların 2020-ci ildə Trampa dəstəyin artdığını göstərməsi təəccüblü deyil.

Əslində eyni şey Britaniya seçkiləri ərəfəsində, sorğuların Conson və Mühafizəkarlar Partiyasına güclü dəstək verildiyini göstərəndə baş verdi.

Şimali Atlantikanın hər iki tərəfindəki son seçkilərin nəticələri Amerikalı seçicilərinin status-kvoya münasibətini birtəhər aydınlaşdıra bilsə, Trampın Ağ Evdə daha 4 il qalacağını əminliklə deyə bilərik.

Tərcümə Strateq.az-ındır