XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

19 Dekabr 2019 - 23:24

MOSKVANIN MƏRKƏZİNDƏ QANLI İNSİDENT- FTX binası atəşə tutuldu: ölən və yaralananlar var (FOTOLAR/VIDEO)

Bu gün axşam saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası önündə silahlı insident olub. Hadisə Rusiya vaxtı ilə saat 18:10 radələrində baş verib. Üç naməlum şəxs FTX-nin qəbul otağına odlu silahdan atəş açıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hücumçulardan ikisi xüsusi xidmət əməkdaşlarının cavab atəşi ilə məhv edilib. Üçüncüsü küçəyə çıxaraq təhlükəsizlik qüvvələrinə atəş açmağa başlayıb. O, təxminən 300 metr məsafə qət edərək Kuznetsk körpüsünün sonuna qədər qaçıb.

Daha sonra “Vorovski” meydanına tərəf dönərək atəş açmağa davam edib. Bolşaya Lubyanka küçəsində 2 nömrəli evə çataraq, yol boyu irəliləyən təhlükəsizlik qüvvələrinə atəş açıb.

Saat 18: 30-da FTX binasının yaxınlığında atışma və qışqırıq səsləri eşidilib. Polis əməkdaşları maşınların arxasına sığınmalı olublar. Saat 19.00 radələrində Lubyankadakı FTX binasının yaxınlığında yerləşən xüsusi təyinatlılar atəşə tutulub.

Saat 19:15-də üçüncü hücumçu da xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Ona məxsus çamadan mütəxəssislər tərəfindən yoxlanılır. Başqa məlumatlara görə, atışma yerində bir çanta və əl bombası tapılıb.

Hücum nəticəsində FTX-nın bir əməkdaşı həyatını itirib. Onun başından ölümcül yara aldığı bildirilir. Daha iki nəfər yaralanıb və dərhal xəstəxanaya aparılıb. Ümumilikdə, hücum edənlərin açdıqları atəşdən 5 nəfər yaralanıb.

Rusiya Səhiyyə Nazirliyi hücum zamanı iki FTX əməkdaşının son dərəcə ağır xəsarət aldığı barədə məlumat yayıb.

Kuznetsk körpüsündəki atışmadan sonra bütün binalarda və FTX obyektlərində “Qala” planı elan edilib. Əraziyə Xüsusi Təyinatlı Mərkəzinin növbətçi qrupu və çevik alayın xüsusi dəstəsi çağırılıb.

“Qala” planı hüquq-mühafizə orqanları binalarının bloklanmasını və növbətçi qüvvələrin xarici hücumu dəf etməyə hazır olmasını nəzərdə tutur.

FTX hücumu terror aktı kimi qiymətləndirib.

Rusiya İstintaq Komitəsində hadisə ilə bağlı hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə cinayət işi açılıb.

Hadisə Rusiyada 20 dekabrda qeyd olunan Təhlükəsizlik Qüvvələri Günü ərəfəsində baş verib. Prezident Vladimir Putin bu gün illik mətbuat konfransından çıxandan sonra Kremldə bu münasibətlə təşkil olunan konsert proqramına qatılıb.

Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, silahlı insident barədə prezidentə məlumat verilib.

“Terrorizm məkrli və təhlükəli bir düşməndir. Ona qarşı mübarizə sistemli və qətiyyətli şəkildə, dəqiq koordinasiya ilə davam etməlidir”, – Putin konsertdə tamaşaçılara müraciətlə deyib.

Strateq.az