XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

21 Dekabr 2019 - 12:07

Məhbus mübadiləsi İranı ABŞ-la barışdıracaqmı? –Vasitəçilər bunun ilk addım ola biləcəyinə ümid edirlər

Lora Rozen

“Əl-Monitor”, 19.12.2019

 

Atlanta məhkəməsində iranlı kök hüceyrə alimi haqqında hökmün çıxarılmasına bir neçə gün qalmış və İranda Prinston məzunu Hyu Vanın sərbəst buraxılması ilə potensial bir spoyler ortaya çıxıb.

Dövlət Departamentinin İran üzrə nümayəndəsi Brayan Huk İsveçrə vasitəsilə iranlılara ismarış göndərib ki, Nyu-Meksikonun keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki səfiri Bill Riçardson məhbus mübadiləsinə dair danışıqlar aparmaq səlahiyyəti almayıb. Bunla belə, ABŞ Ədliyyə Nazirliyi iranlı alim Məsud Süleymaniyə qarşı bütün ittihamları ləğv etməyi tapşırıb. Beləliklə, Vanın sərbəst buraxılmasını təmin edib.

Məhbus mübadiləsi Sürixdə, dekabrın 8-də davam etdirilib. Huk İran rəsmilərinə təhvil verilənə qədər ABŞ marşallarının nəzarətində olan Süleymani ilə eyni təyyarədə uçub. Van İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Xarici İşlər Nazirliyinin Latın Amerikası işləri üzrə böyük məsləhətçisi Möhsün Bəharvəndlə birlikdə Tehrandan Sürixə gəlib.

Sonradan Huk Bəharvəndlə dəyişdirmə mövzusunda görüşmədiyini, bunun qaçırılmış bir fürsət olduğunu və Bəharvəndin, güman ki, ABŞ rəsmisi ilə danışmaq səlahiyyətinə malik olmadığını bildirib.

Dekabrın 12-də Xarici Əlaqələr Şurasında Huk deyib: “Məhbus mübadiləsi ilə birlikdə işləməyi və razılığa gəlməyi nümayiş etdirdik. Ümid edirəm ki, bu mübadilə ilk addımdır”.

Riçardson Qlobal Nişan Mərkəzinin vitse-prezidenti Miki Berqman (Vanın ailəsi kömək üçün məhz ona müraciət edib) həm Zərif, həm də Milli Təhlükəsizlik Şurası və Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri ilə aylarla danışıqlar aparıb. “Van-Süleymani mübadiləsi iranlılara təkcə danışmağı təmin edə biləcəyimizi sübut etmədi. Bu bizə, o cümlədən ABŞ hökumətinə, iranlıların Riçardsona verdiyi vədə sadiq olduqlarını isbatladı. İrandan ölkəmizə gətirmək istədiyimiz daha çox amerikalı olduğuna görə bu, vacib məsələdir. Biz ailələr adından işləyirik. Hökumətlərin bir-birilə mürəkkəb münasibətlərinə baxmayaraq, bizim bircə məqsədimiz var: insanı evinə qaytarmaq”.

“Kaş ki bunun birdəfəlik oyun olmadığını başa düşsünlər”, – deyən Berqman rəsmilərinin son anda həssas bir mübadilə üçün nəzarəti ələ keçirməyə və ya etibar krediti almağa çalışdıqlarını söyləyib.

Berqman özünün və Riçardsonun dekabrın 15-də Doha Forumu çərçivəsində İrandakı digər şəxslərin, o cümlədən donanma veteranı Maykl Uaytın qaytarılmasını təmin etmək üçün keçirdiyi görüşdən ruhlandıqlarını söyləyib. Onlar 2007-ci ildə İranın Kiş adasında itkin düşmüş keçmiş FTB xəfiyyəsi Bob Levinsonun işi üzərində də işləyirlər.

“Van-Süleymani mübadiləsindən sonra… qubernator Riçardson Dohada xarici işlər naziri Zəriflə görüşüb və gələcək humanitar mübadilələri müzakirə edib, – Berqman bildirib. – Maykl Uaytın ailəsinin tələbi ilə çalışırıq. Eləcə də Bob Levinsonun ailəsi. Təbii ki, həmin iki şəxslə bağlı məsələ Zəriflə görüşümüzdə müzakirə edilib və müzakirə məhsuldar olub”.

Brayan Huk, İvanka Tramp və maliyyə naziri Stiven Mnuçin Doha Forumunda iştirak etsələr də, Zərif ABŞ hökumət heyəti üzvləri ilə rəsmi görüşlərinin olmadığını söyləyib. “Dohada heç bir görüş və ya təsadüfi qarşılaşma olmayıb”.

Berqmanın sözlərinə görə, Tramp rəhbərliyi İranla danışıqlara getmək istəyirsə, yanaşmasını dəyişməlidir.

“ABŞ İranla mənalı bir dialoq qurmaq istəyirsə, yeni sanksiyaların elan edilməsini dayandırmalı, bunun əvəzinə, prezident həqiqətən də müsbət bir fikir söyləməlidir. Amma buna əks hərəkətlər, yəni əlavə sanksiyalar iranlıların prezidentə etibar edə bilmədiklərini sübut edir”.

İranın BMT-dəki səfiri Məcid Taxt-Rəvançi ilə tanış olan kanzaslı keçmiş demokrat Ceyms Slatteri ABŞ və İranın Vanin azad edilməsinin müvəffəqiyyəti üzərində yeni münasibətlər quracağına ümid etdiyini söyləyib. O deyib: “Mən bu danışıqlar zamanı Ceyson Poblete və qubernator Bill Riçardsonla işləmişəm. Bill Riçardson və İran rəsmiləri ilə çox iş görmüşəm. İran rəsmiləri mənə verdikləri vədi yerinə yetirdi”.

Lakin Slatteri məhbusların mübadiləsi ilə bağlı narahatlıqlarının olduğunu və Ədliyyə Nazirliyinin ABŞ hüquq sisteminin siyasiləşməməsi istəyinə hörmətlə yanaşdığını söyləyib. O, həmçinin, ABŞ hökumətini İranın dərman almaq imkanlarını məhdudlaşdıran sanksiyaları yüngülləşdirməyə çağırıb, çünki banklarda əməliyyatın asanlaşdırılması üçün lazımi təminatlar yoxdur.

“Mən məhbus dəyişdirmələrini sevmirəm, çünki bu, hüquq sistemimizi siyasiləşdirə bilər. Biz heç vaxt kimisə siyasi səbəblərə görə günahlandırmamalıyıq və siyasi səbəblərə görə ABŞ qanunlarını pozmaqla, birini həbsdən azad etməməliyik. Cinayət işlərinə qanun və faktlar əsasında baxılmalıdır. Ümid edirəm ki, administrasiya ABŞ-ın sanksiyalarından kənar dərmanların İrana satışını fəal şəkildə davam etdirəcək. İran xalqı, o cümlədən uşaqlar, yaşlı vətəndaşlar və ağır xəstələr dərmanların çatışmazlığından əziyyət çəkirlər. ABŞ sanksiyaları dərman satışına icazə verir. Lakin banklar dərman satışı əməliyyatlarını asanlaşdırmaq üçün lazım olan təminatları inkar edir”.

İyun ayında İran tərəfindən sərbəst buraxılan livanlı, ABŞ-ın yaşıl kart sahibi Nizar Zakka bildirib ki, o və Vanın arvadı Hua Qu sentyabr ayında ABŞ milli təhlükəsizlik müşaviri Robert O’Brayen ilə görüşüblər. Onlar Zərifin məhbus mübadiləsi barədə danışıqlar aparmaq səlahiyyətinə sahib olması barədə söhbət aparıblar.

İranda 2 il Vanla eyni kamerada olduğunu söyləyən Zakka keçmiş məhbəs yoldaşının dönüşünə sevindiyini bildirib. “O, əla adamdır… Geri döndüyünə görə çox şadam”.

Tərcümə: Strateq.az