XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 16:32

YAQUB MƏMMƏDOVUN ŞİKAYƏTİ, TOFİQ QASIMOVUN ÜZRXAHLIĞI, NƏSİB NƏSİBLİNİN FARSCA NİTQİ… –Rəfsəncani ilə təkbətək qalmış nazirimiz kim idi?

Əziz Rzazadə

Strateq.az

 

Mərhum Haşimi Rəfsəncaninin gündəlik qeydlərini mütaliə etdikcə “Xatirat”ın, həmçinin Azərbaycanın yaxın tarixi üçün nə qədər dəyərli mənbə olduğunu dərk edirsən.

Əlavə şərhə, məncə, ehtiyac yoxdur.

 

8 may 1992

…Səhər saat 8-ə yaxın [xarici işlər naziri] doktor Vilayəti gəldi və ekspertlərin işi barədə məlumat verdi. Gecə saat 4-ün yarısına qədər müzakirələr aparıb və yekun nəticəyə gələ bilməyiblər.

Saat 9-a 15 dəqiqə işləmiş hər iki nümayəndə heyəti (Azərbaycan və ErmənistanƏ.R.) gəldi, 1 saatlıq danışıqlarla mətn barədə ümumi razılığa gəldik. Razılaşmalar – birhəftəlik atəşkəs, gələn həftə İranın xüsusi elçisinin səfəri, hərbi malların daşınması istisna olmaqla, Ermənistanın mühasirəsinin (blokadasınınƏ.R.) qaldırılması və Qarabağ nümayəndələri ilə faydalı danışıqlar kimi mühüm məqamlar idi.

Rəsmi və ictimaiyyətə açıq mərasimdə sənədi imzaladıq. Qısa müsahibələrdən sonra hava limanına yola düşdük.

Əvvəllər qonaqları yola salmağa getmirdim, çünki hər ikisini yola salmaq üçün xeyli vaxt tələb olunurdu, amma bu dəfə vərdişimi pozdum.

Hər iki nümayəndə heyətindən əvvəl [Mehrabad] hava limanına gəldim. Müsahibədən sonra əvvəlcə azərbaycanlı qonaqları müşayiət etdim. Sonra İsfahana gedən erməni qonaqları. Mərasim planlarını uyğun olaraq, erməniləri Xalça Muzeyinə ziyarətə göndərdik.

Müqaviləni imzalamazdan əvvəl Azərbaycanın baş naziri (Həsən Həsənov Ə.R.) Bakıya zəng edib və səfirimiz cənab Nəhavəndianla danışıb, ona bu gün səhər ermənilərin bir neçə cinahdan Şuşa şəhərinə hücum etdiyi bildirilib. Məndən xahiş etdi ki, ermənilərlə danışım, hücumun qarşısını alsınlar.

Hava limanında Məmmədova məlumat verdilər. Münaqişəni dayandırmaq üçün qısa zamanda hərəkət edəcəyimi söz verdim. Sonra məsələni ermənilərlə müzakirə etdim, bir az utandılar və dedilər ki, bu, hökmən azərbaycanlıların başladığı hücumdur, daha sonra məlumatsızlıqlarını dilə gətirdilər. Dərhal İrəvana zəng edərək hücumun dayandırılmasını tələb etdilər.

Beləliklə, münaqişənin mahiyyəti təsdiqləndi, bundan da yaxşı dəlil!

Onları (erməniləri Ə.R.) təəccübləndirən və heyran edən saatlarla yorucu müzakirələrdə səbr və hövsələ ilə bir-birinə əks fikirləri bir araya gətirməyim idi.

 

9 may 1992

…Səhər saat 9-da Türkmənistana yola düşmək üçün [Mehrabad] hava limanına gəldik.

…Bu gün səhər Azərbaycanın prezident əvəzi [Yaqub] Məmmədovla danışdım, rusların Şuşaya hücumundan şikayətləndi və dərhal atəşkəsə çağırdı. Aşqabaddan Ermənistan prezidenti cənab Ter-Petrosyanla telefonla danışdım. O da narahatlığını bildirdi, xahiş etdi ki, cənab [Mahmud] Vaezi təcili bölgəyə səfər etsin.

 

10 may 1992

Cənab [Mahmud] Vaezini vasitəçilik üçün Azərbaycana və Ermənistana göndərdim.

 

17 may 1992

Dünənki və bugünkü hesabatlarda Azərbaycan hökumətinin dağılması, Mütəllibovun hakimiyyətə qayıdışı və Mütəllibovun sonradan süqut etməsi vacib məsələlərdir.

 

19 may 1992

Sübh namazından sonra ta 9-a qədər köhnə işləri tamamladım. Ayətullah Xamnəi ilə Dağlıq Qarabağ və Naxçıvanda vəziyyət, Bosniya və Herseqovinaya səfərlə bağlı telefon danışığımız oldu.

… [Xarici işlər nazirinin müavini] cənab [Mahmud] Vaezi gəldi. Dağlıq Qarabağdakı vəziyyət, Azərbaycanda dövlət idarəçiliyinin yoxluğu və erməni təcavüzü barədə məruzə etdi. Son erməni təcavüzünü qınamaq qərara alındı. [Naxçıvan Muxtar Vilayətinin] başçısı [cənab Heydər Əliyev] erməni şərini dəf etmək üçün bizdən mədəd umdu.

 

23 may 1992

Axşam Ali Milli Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ bölgəsi, Ermənistan-Azərbaycan münaqişəsi, Naxçıvan, Əfqanıstan və Ərak şəhərindəki hadisələr müzakirə edildi. Naxçıvana və Ermənistana müşahidəçi göndərilməsi, Azərbaycana kömək etmək və Ermənistanı Tehran sammitindən əvvəlki vəziyyətə qayıtmağa çağırmaq qərara alındı.

Evə gecə gəldim.

 

29 may 1992

Evdə idim. Zamanı istirahət və mütaliəyə sərf etdim. Axşam [Qızıl Aypara Təşkilatının rəhbəri] doktor [Seyfullah] Vəhid Dəstcerdi gəldi. Qızıl Ayparanın Əfqanıstan, Azərbaycan, Livan, habelə İraq qaçqınları və seldən ziyan görənlərə yardımı barədə məruzə etdi və kömək istədi.

 

11 iyun 1992

Bakıdan səfirimiz gəldi. Azərbaycandakı vəziyyət, liderlərin ixtilafı və Azərbaycan Xalq Cəbhəsi lideri Əbülfəz Elçibəyin İranla bağlı düşmən mövqeyi və bunu bərtərəf etmə ilə əlaqəli siyasi təkliflərini çatdırdı.

 

13 iyun 1992

“Sepah”dan (İslam İnqilabı Keşikçiləri KorpusuƏ.R.) [“Qüds” Qüvvələrinin komandanı] cənab [Əhməd] Vəhidi gəldi. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü, mümkün təcavüzkar məqsədlər və azərbaycanlıların müqavimət yolları barədə izahat verdi, azərbaycanlılara kömək etməyə çağırdı, lakin Azərbaycan Xalq Cəbhəsi liderinin (Əbülfəz ElçibəyƏ.R.) düşmən mövqeyinə görə tərəddüd keçirirdi.

 

18 iyun 1992

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərə qarşı irəliləməsi əhəmiyyətlidir.

 

24 iyun 1992

Hesabatlarda Kabildə silahlı qarşıdurmanın başlaması, Qarabağda münaqişənin kəskinləşməsi və İsraildə Likud Partiyasının qələbəsi vacib xəbərlərdir.

 

27 iyun 1992

Neft naziri [cənab Qulamrza Ağazadə] gəldi. Hesabatda neftayırma və neft-kimya sənayesi mərkəzlərinin inşasında irəliləyişlərdən bəhs olunur. Ukrayna və Azərbaycan Respublikası ilə əməkdaşlıqda şirkətin fəaliyyət göstərərək qaz kəmərinin inşasının sürətləndirilməsi nəzərdə tutulurdu. [Cənab Qulamrza Ağazadə] azərbaycanlıların çox çalışdıqlarını söylədi.

Zəmanət müddəti başa çatmaqda idi, qərara alındı ki, əgər şərtləri qəbul etməsələr, şirkətdən çıxaq. Axşam xəbər gəldi ki, sənədi imzalayıblar. Amerikalıların ciddi maneəsinə baxmayaraq, Aşqabad sazişinə uyğun olaraq, neft və qaz kəməri İran ərazisindən keçəcək.

 

4 iyul 1992

Axşam Ali Milli Təhlükəsizlik Şurası toplandı. Əfqanıstan, Azərbaycan və ABŞ-dan danışdıq və hər birinə qarşı necə mövqe tutacağımızı müzakirə etdik. Saat 10-da evə gəldim.

 

5 iyul 1992

Həmin gecə Rəhbərlə (Ayətullah XamnəiƏ.R.) iclas keçirdik. Mərkəz əyalətinin ostandarı (valisiƏ.R.), Ərakın imam-cüməsi, Şəhid Vəqfi, Ali Gənclər Şurasının rəhbərliyi, həssas qruplara yardım, iqtisadi siyasət, Azərbaycan Xalq Cəbhəsinə qarşı təbliğat və cənab [Əbdülkərim] Soruşa qarşı hücuma dair müzakirə aparıb qərarlar verdik. Gecə iqamətgahımda qaldım.

 

19 avqust 1992

Azərbaycan Respublikasının xarici işlər naziri [cənab Tofiq Qasimov] gəldi. Zəif mövqedən gələcək əməkdaşlığa çağırdı. Son qeyri-dost mövqeyinə görə peşimançılıq hissi keçirərək, Ermənistanla müharibəni davam etdirmək istəmədiklərini və münaqişənin siyasi həll yollarına inandıqlarını söylədi.

Güclü mövqedən dedim ki, sizə kömək etməyə hazırıq, onun növü və vaxtı öhdənizdədir.

 

4 oktyabr 1992

Əməkdaşlıq Şurasının üzvləri Xəzər dənizi ilə bağlı gəldilər. Doktor Vilayəti, Rusiya, Qazaxıstan və Türkmənistan nümayəndələri çıxış etdilər, qrupun yaradılması təklifi və İranın onun yaradılması səylərinə görə minnətdarlıqlarını bildirdilər.

Mən də əməkdaşlıq barədə danışdım.

Azərbaycan Respublikasının ətraf mühit naziri (Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri Arif MansurovƏ.R.) təkbətək danışmaq üçün qaldı, İrana və mənə dərin rəğbətini bildirdi. Zənnimcə, maraqlı insan idi.

 

23 noyabr 1992

[Kooperasiya naziri] cənab [Qulamrza] Şafei azərbaycanlıların tələbi ilə təxirə salınan Azərbaycan Respublikasına səfər üçün məsləhətləşməyə gəlmişdi.

 

13 dekabr 1992

Azərbaycan Respublikasının səfiri [Nəsib Nəsibov (Nəsib NəsibliƏ.R.] gəldi. İlk səfirdir. Fars dilində yaxşı danışırdı. Nitqini fars dilində etdi və səfirliyin hazırlanmasında köməklik istədi. Müharibə və Rusiya ilə münasibətlərinə dair suallarımı verdim, ruslara münasibətdə çox bədbindir.

 

24 dekabr 1992

Ermənistanın vitse-prezidenti [cənab Qagik Haratunyan] gəldi. İranla əlaqələrin inkişaf etdirilməsindən danışdı. Dağlıq Qarabağda barışıq arzusunu, iki ölkə üçün müharibənin doğurduğu problemləri dilə gətirdi və İran yük qatarlarının Azərbaycana tranziti, Gürcüstan ərazisindən Ermənistana yük daşınmasında fikir ayrılığına görə üzr istədi.

Məlum oldu ki, hazırda Türkmənistandan Azərbaycan vasitəsilə gündəlik 5 milyon kubmetr qaz nəql edirlər, onun 800 min kub metri Naxçıvana verilir, həmçinin ehtiyaclarını ödəyən Qara dəniz limanlarından iki dəmir yolu xətləri var.

Bu qədər çox qaz aldıqlarını təsəvvürümə belə gətirmirdim.

 

28 dekabr 1992

Azərbaycan nümayəndə heyəti sabah gəlməli idi. Xarici İşlər Nazirliyinin rəsmiləri vədənin tarixində səhvə yol veriblər.

…Rəhbərlə (Ayətullah XamnəiƏ.R.) Nəcəfabada səfər və Azərbaycan Respublikası nümayəndə heyətinin səfəri barədə müzakirəmiz oldu.

 

30 dekabr 1992

Şərqi Azərbaycan valisi [cənab Əli Əbdüləlizadə] gəldi. Bizimlə Azərbaycan arasındakı mübadilə və Naxçıvana yardımlarımız barədə məlumat verdi.

 

2 yanvar 1993

Gecə Ali Milli Təhlükəsizlik Şurası toplandı. Azərbaycan Respublikası və əməkdaşlıq növləri… Dakarda İslam ölkələri başçılarının zirvəsi müzakirə edildi və qərarlar verildi.

 

3 yanvar 1993

Gecə Ayətullah Xamnəinin qonağı idim. İqtisadi vəziyyət və büdcə məsələlərini.., eləcə də Azərbaycan Respublikası ilə hərbi əlaqələr və “Dəryapay” şirkətinin məsələsini müzakirə etdik.

 

10 yanvar 1993

Axşam saat 7-də Rəhbərlə görüşə getdim. Saat 10-nun yarısına qədər söhbətimiz oldu. Bir çox məsələlər… həmçinin Azərbaycan Respublikasına silah-sursat satışına dair danşıdıq və qərarlar qəbul edildi.

Yenidən iqamətgahıma getdim. İşləri görüb yatdım.

 

19 yanvar 1993

Səhər saat 11-də [Mehrabad] hava limanına getdim və Gürcüstan prezidenti cənab [Edvard] Şevardnadzeni qarşıladım.

Bir neçə gün əvvəl bir qrup gürcü gəlmişdi və ekspert danışıqları keçirildi, razılaşmalar hazırlandı.

Danışıqlarda təvazökarlıq hökm sürürdü. O, Gürcüstanı “kiçik və problemli”, İranı “böyük və zəngin ölkə” adlandırır, konkret olaraq İran qazının mövcud Azərbaycan boruları ilə ixracına çağırırdı.

Şam yeməyində Səadabadda ziyafət verdik. [Şevardnadzeyə] öz vəziyyətləri, Rusiya və Müstəqil Dövlətlər Birliyi haqqında çoxlu sualım vardı, onların hamısını yaxşı cavablandırdı. [Gürcüstanda] dövlət çevrilişi, Rusiya qoşunlarının qayıtması və Rusiya imperiyasını dirçəltmək cəhdləri, dediyinə görə, zəif ehtimallardır. Qurum (MDBƏ.R.) Birlik ölkələrini uğursuzluğa düçar edir və üzvlükdən çəkindirir.

 

24 yanvar 1993

[Prezidentin tədqiqat üzrə müşaviri] cənab [Mustafa] Mirsəlim gəldi. Məruzəsi Azərbaycana səfər, raket sahəsində əməkdaşlıq, habelə tədqiqat siyasəti üzrə suallar barədə idi.

 

20 fevral 1993

Gecə Ali Milli Təhlükəsizlik Şurası toplandı. Adalar [Əbu Musa və Tunb], Azərbaycan, İraq, Əfqanıstan və cənab Müntəziri (Ayətullah MüntəziriƏ.R.) müzakirə edildi.

 

21 fevral 1993

Gecə Rəhbərin qonağı idim. Azərbaycan, Əfqanıstan, İraqla sərhədlərimiz, Silahlı Qüvvələrin yurisdiksiyasına aid… və ölkənin cari məsələlərini müzakirə etdik.

 

28 fevral 1993

Ayətullah Xamnəinin iftar qonağı idim. Azərbaycana hərbi yardım, Silahlı Qüvvələrdə məhkəmə orqanları, Pakistanın Əfqanıstandakı danışıqları… barədə müzakirələr apardıq.

 

17 mart 1993

Naxçıvan rəhbəri Heydər Əliyev gəldi və köməyə görə təşəkkür etdi, yardımın davam etdirilməsinə çağırdı. Xalq Cəbhəsinin, xüsusən də [Azərbaycan prezidenti] cənab [Əbülfəz] Elçibəyin təcrübəsizliyini və zəifliyini, Bakıda öz tərəfdarlarından ibarət partiyanın (YAPƏ.R.) qurulduğunu bildirdi.

Yardımın davam edəcəyinə və qaz kəmərinin çəkilcəyinə söz verdim.

 

3 aprel 1993

Ali Milli Təhlükəsizlik Şurasının 1372-ci ildəki (miladi 1993Ə.R.) ilk iclası keçirildi. Azərbaycan, Əfqanıstan və Rusiya, ABŞ, Qərb təbliğatı və münafiqlərlə (“Mücahidin-e Xəlq” təşkilatıƏ.R.) bağlı müzakirələr oldu.

 

25 aprel 1993

Gecə Rəhbərin qonağı idim. Onun səfərləri, Sudan, Azərbaycan və Seneqala yardım… ilə bağlı fikir mübadiləsi apardıq.

 

29 aprel 1993-cü il

[Kəşfiyyat Nazirliyindən] cənab [Mustafa] Purməhəmmədi gəldi. İraq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan haqqında məlumat verdi.