İbrahim Qaragül
“Yeni Şafak”, Türkiyə, 26 dekabr 2019-cu il
Prezident Ərdoğan dünən Tunisə sürpriz səfər edib. Bu səfər Türkiyə ilə Liviya arasında əldə edilən və Aralıq dənizinin xəritəsini dəyişdirən anlaşmadan sonra atılan 2-ci ən həlledici addım idi.
Şərqində Misirin hücumlarına məruz qalan Liviya üçün qərbindəki Tunisin movqeyi olduqca kritikdir. Əlcəzair, Nigeriya və Çad kimi ölkələrin mövqeyi də Liviyanın bütövlüyü üçün olduqca müəyyənedicidir.
Prezident bu ziyarətlə Liviyanın Türkiyə üçün nə mənaya gəldiyini, nə qədər önəmli olduğunu, Türkiyənin Liviya üçün nələr edə biləcəyini ən yüksək səviyyədə dünyaya elan etmiş oldu.
Türkiyə bütün gücü ilə Liviyada olacaq
Ərdoğan Türkiyənin Aralıq dənizində də, Liviyada da geri addım atmayacağını, başladığı işi davam etdirəcəyini, Liviyada bütün gücü ilə iştirak edəcəyini yenə ən yüksək səviyyədə göstərdi.
Türkiyə hərbçi göndərməklə, hərbi quru və hava hissələri nəql etməklə, donanmanı Liviyanın açıq sularına yollamaqla, Liviyanı Aralıq dənizində gedən böyük güc mübarizəsində ən önəmli qalalarından biri olaraq gördüyünü göstərir. Bütün hazırlıqlarını da buna görə aparır.
Türkiyə Həftər adlı bir terror baronu vasitəsilə Liviyanın bölünməsinə, paylaşılmasına qarşı çıxır. Əsasən Fransa, ABŞ və İsrailin adından çıxış edən Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin bu ölkəni işğal etməsinə çox açıq şəkildə qarşı çıxır.
Ölkənin terror bazasına çevrilməsinə (artıq terror təşkilatları BƏƏ vasitəsilə idarə edilir), Aralıq dənizinə, Mərkəzi və Şimali Afrikaya müdaxilə bazası olmasına qarşı çıxır.
Liviyada olmasaq, Aralıq dənizində də ola bilmərik
Liviyada olmasaq, Aralıq dənizində də ola bilməyəcəyimizi, Aralıq dənizində olmasaq, Anadolu sahillərini müdafiə edə bilməyəcəyimizi bilirik. Şərqi Aralıq dənizinin enerji mənbələrini əsas götürən bir Aralıq dənizi xəritəsi tətbiq edilir. Türkiyə isə ortaya öz xəritəsini qoyur.
Tunis Prezidenti Kays Saidlə birlikdə keçirilən mətbuat konfransında Liviyada həmən atəşkəsin elan olunmalı olduğunu söyləyən Ərdoğan, bu atəşkəsin nə qədər çətin, hətta imkansız olduğunu bilir. Çünki Liviyadakı müharibə sadəcə mərkəzi hökumətlə Həftər terror təşkilatı arasında getmir. Bu, Liviyadaxili müharibə kimi görünsə də, əslində, çoxmillətli bir müharibədir. İki tərəf anlaşsa belə, döyüşlərin durması mümkün deyil. Bu, bir Aralıq dənizi, Avropa və Şimali Afrika məsələsidir və demək olar ki, bütün ölkələr buradadır.
Ərdoğan: “Dəvət olarsa, gedəcəyik!”
Həftər kimi bir terror baronunun arxasında gizlənən ölkələrin, demək olar ki, hamısı Türkiyə ilə də hesablaşır, bizi Aralıq dənizində küncə sıxışdırmağa çalışırlar. Bu halda, Liviya bizim də böyük müdafiə xətlərimizdən birinə çevrilir.
Bu səbəblə, Ərdoğan atəşkəs çağırışının həmən ardınca “Hər hansı bir dəvət olarsa, Türkiyə dəvətə müsbət cavab verər. Addımlarımızı ona görə atarıq. Dəvətə gələrik” dedi. Yəni, hərbçi göndərəcəyik. Məclisdəki qərar layihəsi, Liviya ilə təhlükəsizlik anlaşması, hadisələrin gedişi bunun qaçılmaz olduğunu göstərir.
Ərdoğan Tunisdən nə istəyib: hava sahəsimi, hava bazasımı?
Yaxşı, bəs Prezident Ərdoğan Tunisə nə üçün səfər etmiş ola bilər? Əlbəttə, Liviya məsələsilə bağlı bərabər hərəkət etmək üçün zəmin aranmışdır. Tunisin BƏƏ və Misirlə birlikdə hərəkət etməməsi, Həftərə dəstək verməməsi belə, böyük uğur olardı.
Bəzi mənbələr Türkiyənin Tunisdən hava sahəsindən istifadə edilməsinə, bəziləri də hava bazası və limandan istifadə edilməsinə razılıq verməsini istədiyini söyləyir.
Bəzi mənbələr isə diqqəti Prezidentin Tunisdə Liviyalı tayfa başçıları ilə görüşünə cəlb edirlər.
Təbii, bunlar sadəcə iddialardır. Eyni dairələr Türkiyənin yaxın bir zamanda Liviyaya çox böyük hava əməliyyatlarına başlayacağını belə, iddia edirlər. Bilmək olmur, gözləyib görəcəyik.
“Ərəb baharı” Tunisdə başladı. Liviyadan Tunisi vuracaqlar!
Ərdoğanın səfəri Misir xuntasının lideri Sisi ilə BƏƏ-nin Trablus və Misratanı vurmaqla təhdid etdiyi, hava və quru birliklərini Liviyaya daşıdığı, Sudandan muzdlu dəstələri Liviyaya nəql etdiyi, BMT tərəfindən tanınan rəsmi hökuməti yıxmaq üçün son zərbəyə hazırlaşdığı bir dövrdə həyata keçirildi.
Bu dairələrin Liviyanı ələ keçirə bilmədikləri halda, durmayacaqlarını, “Ərəb baharı”nın doğum yeri olan Tunisi də qarışdıracaqlarını indidən söyləmək mümkündür.
“Ərəb baharı” Tunisdə başladı, Liviyada bitdi. Körfəz ölkələrinə və Səudiyyə Ərəbistanına çatmadan durduruldu.
“Ərəb baharı”nın intiqamını alacaqlar
Tunis inqilabdan sonra sağlam bir demokratiya qurmağı bacardı. Daxili müharibədən sonra Liviya da bunu bacarmaq üzrəykən, Həftər və terror ordusu sahəyə yeridildi. Liviyaya izin verilmədi. Misirdəki xunta modeli indi Liviyaya daşınır. Heç bilirsiniz, bacarsalar, nə olacaq?
“Ərəb baharı”nın intiqamını Tunisdən alacaqlar. Ölkəni Həbib Burqiba (1957-1987-ci illərdə Tunisin ilk prezidenti olub – tərc.) dövrünə geri qaytarmaq üçün Liviyadan betər edəcəklər. Bunu da Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi avtoritar rejimlər vasitəsilə edəcəklər.
Onları Türkiyəyə düşmən edən məhz bu qorxudur
Tunis Türkiyəyə dəstək verərsə və Liviyadakı dalğa durdurularsa, özü də xilas ola bilər. Tunis və Türkiyə diktatorluq dalğasına, avtoritar rejimlər dalğasına qarşı çox şey edə bilər. Onları Türkiyəyə düşmən edən də məhz bu qorxudur. Sahiblərinin də qorxusu budur. Türkiyənin öncüllük etdiyi yeni və yerli siyasi dilin bütün coğrafiyanın güc xəritəsini alt-üst edəcəyini çox yaxşı bilirlər.
Tərcümə Strateq.az-ındır