XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

26 Dekabr 2019 - 23:30

QIRĞIZISTANI AYAĞA QALDIRAN MİLYARDLIQ KORRUPSİYA- Prezident ilk dəfə danışdı, jurnalistlərə təşəkkür etdi: "Bizə çox kömək edirsiz"

Bir neçə aydır Qırğızıstan cəmiyyəti böyük korrupsiya şəbəkəsini ifşa edən jurnalist araşdırması ilə tanış olur. Yüksək vəzifəli şəxslərin təmsil olunduğu genişmiqyaslı cinayət şəbəkəsi ölkədən qanunsuz yollarla 1 milyard dollara yaxın vəsait çıxarıb. Bu qaranlıq korrupsiya sxemini elə işin əsas icraçılarından olan çinli biznesmen Ayerken Saymaiti üzə çıxarıb. O, bütün qanunsuzluqları sənəd və sübutlarla ifşa edib. Cəmi bir neçə ay sonra (bu il noyabrın 10-da) isə İstanbulda qətlə yetirilib.

“Azadlıq” radiosunun Qırğızıstan xidməti, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzi (OCCRP) və Kloop.kg saytının birgə apardığı araşdırma bu ilin yayından etibarən hissə-hissə dərc olunur. Saymaitinin verdiyi müsahibələrdən və təqdim etdiyi sənədlərdən məlum olur ki, şəxsən özü 5 il ərzində Qırğızıstandan 700 milyon dollar çıxarıb.

Həmin illər ərzində çirkli pulların yuyulması və dövriyyəsi ilə məşğul olub. Müxtəlif banklardan yüz milyonlarla dollar onun “Abdıraz” şirkəti vasitəsilə dövr edib.

Saymaiti pulların böyük hissəsini Çində doğulan etnik uyğur Habibulla Abdukadir adlı biznesmenə köçürüb. “Abdıraz” şirkəti Abdukadirin Almaniyadakı şirkətlərindən birinə saxta müqavilə ilə 30 milyon dollar borc verib. Sənəd Abdukadirin alman banklarındakı hesablarında on milyonlarla dolların mənşəyini göstərmək üçün istifadə edilib.

Saymaiti Qırğızıstan bazarlarına malların topdansatış tədarükünə, xaricdən qanunsuz idxalına nəzarət edib. Bütün bunlara göz yummaları üçün isə gömrük yetkililərinə, xüsusən də Qırğızıstan Gömrük İdarəsinin keçmiş rəis müavini Raim Matriamova rüşvət verib.

Abdukadir ailəsi milyonlarla dollar dəyərində malın daşınması üçün sistem yaradıb. Bu sistemlə Çindən Qırğızıstana, oradan Orta Asiyanın digər ölkələrinə və Rusiyaya yüzlərlə ton yük daşınıb.

Jurnalistlər üzə çıxarıb ki, (torpaq reyestrləri və korporativ məlumatlar vasitəsilə) Matriamov ailəsi son 8 ildə Almaniyada, Britaniyada, ABŞ-da və BƏƏ-də ən az 20 obyekt satın alıb. Bura Dubaydakı inkişaf layihələri, Virciniya və Kaliforniyada evlər, habelə Londonda lüks rezidensiyalar daxildir.

Matraimov özünə və ailəsinə yönələn bütün ittihamları rədd edərək, “Azadlıq” radiosunun Qırğızıstan xidmətini, eləcə də “Kloop”u məhkəməyə verib.

Jurnalist araşdırması dövlətin ən yüksək dairələrinin də diqqətini çəkib. Araşdırmanın birinci hissəsi dərc olunandan sonra Qırğızıstan maliyyə polisi H.Abdukadirin ölkə banklarından bir milyard dollara yaxın pul çıxardığını bəyan edib.

Bu materialların dərсindən sonra Bişkekdə korrupsiya əleyhinə etirazlar başlayıb.

Məsələyə Qırğızıstan prezidenti Sooronboy Jeenbekovun da münasibəti bəlli olub. Dekabrın 25-də keçirdiyi illik mətbuat konfransında Jeenbekov jurnalistlərlə üç saatdan çox ünsiyyətdə olub.

Jeenbekov ilk dəfə olaraq Matraimovla bağlı iddialara toxunub. Prezident əvvəlcə Matriamov ailəsinin məlum araşdırmanı dərc edən media qurumlarına qarşı məhkəmə iddiasını şərh edib. Bildirib ki, Matraimovların mediadan tələb etdiyi kompensasiya çox böyükdür. Prezident həmçinin söz azadlığını hər zaman qoruyacağına söz verib.

Matriamovlar ailəsi “Azadlıq” radiosunun Qırğızıstan xidmətindən, radionun əməkdaşı Əli Toktakunovdan və “Kloop.kg” saytından ümumilikdə 850 min dollardan çox kompensasiya tələb edir.

Jeenbekov deyib ki, təkcə jurnalistlərin iddialarını əsas götürüb kimisə həbsə atmaq olmaz: “İndi 37-ci il deyil ki…”. Bununla belə prezident Matraimovun fəaliyyəti ilə bağlı yoxlamaların getdiyini bildirib: “Siz Raim Matraimovdan bəhs edirsiz. 90-cı illərdən bəri onlarla deyil, yüzlərlə belə korrupsioner məmur olub. Sadə bir gömrükçü görmüsünüzmü? Onun imkanına, əmlaklarına baxın, biri digərindən yaxşıdır. Onun kimilər çoxdur. Mənə kömək edin. KİV-lər sağ olsunlar ki, yazırlar. Bizə çox kömək edirsiniz”.

Qırğızıstan lideri deyir ki, Matraimovu korrupsiyanın simvolu etmək və onunla əlaqələndirmək istəyirlər.

Jeenbekov mətbuat konfransında Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevdən də danışıb: “Onun taleyinə biganə deyiləm. Biz 2005-2010-cu illərdə – bizim üçün və ölkə üçün ən çətin illərdə silahdaş olmuşuq. Mən Oşda, o da burada rejimə qarşı mübarizə aparmışıq”.

Jeenbekovun sözlərinə görə, onunla Atambayev arasındakı bütün fikir ayrılıqlarını birlikdə həll edə bilərdilər: “Haqqımda olan müxtəlif açıqlamalara əhəmiyyət vermədim. Amma məsələ o yerə çatdı ki, ölkəni bölməyə, hakimiyyəti ələ keçirməyə çalışdılar. Özünə gəlməsini çox gözlədim. İndi heç nəyi mən həll etmirəm. Vəziyyət artıq eyni deyil. İndi hər şey hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin əlindədir. Lakin təbii ki, narahatam, bu çətin bir vəziyyətdir. Heç kim qarşıda bizi nəyin gözlədiyini bilmir, hər şey Allahın əlindədir”.

Atambayev 2019-cu ilin avqust ayından həbsdədir. O, korrupsiyada, həbs olunduğu müddətdə baş verən iğtişaşlarda, həmçinin qanunsuz silah dövriyyəsi, girov götürmə, xüsusitəyinatlını öldürməkdə ittiham olunur.

Tərcümə Strateq.az-ındır