XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 11:56

İRAQ VƏ SURİYA SƏRHƏDLƏRİ YENİDƏN DƏYİŞDİRİLİR –Ankara "Süleymani olayı"nda hansı mövqeni tutmalıdır? - TƏHLİL

Rəhim Ər

“Türkiyə” qəzeti, 06 yanvar 2020-ci il

 

ABŞ və İran dünyanın ürəyini ağzına gətirib. Çıxacaq bir savaşın hara qədər yayılacağını və daha kimlərin bu savaşa daxil olacağını kimsə deyə bilməz. İndi hər kəs diqqətini Qasım Süleymaninin ölümünə vermiş durumdadır.

Tramp administrasiyasının qətllə bağlı əsas gətirdiyi səbəb ABŞ-ın Bağdad səfirliyinin yandırılmasıdır. Vaşinqton səfirliyin yandırılmasına görə İranın məsuliyyət daşıdığını qəbul etdiyi üçün onun ən öndə gedən generalını öldürdü.

Bu, təsvir etdiyimiz hadisənin görünən tərəfidir. Bir də digər tərəfi vardır.

Digər tərəflə bağlı fərqli iddialar dilə gətirilməkdədir. Birinci iddiaya görə, Vaşinqton keçmişdə İŞİD lideri Bağdadi kimi, Süleymani ilə də çalışıb, işi bitincə də tərəddüd etmədən onu ortadan qaldırıb.

Digər iddiaya görə isə, səbəb İranın daxili siyasətiylə bağlıdır. Qurban gedən general İraq, Suriya və Livanda fövqəladə güclü idi. “Haşdi Şəabi”“Hizbullah” vasitəsilə qazandığı nüfuz Tehranda özünə dönməkdə idi. İranda etibarı çox yüksək idi. Belə ki, dini lider Əli Xamnəyidən birbaşa təlimat alırdı. O, dini liderlə görüşən zaman xarici işlər naziri belə, onların yanına girə bilmirdi. Həqiqətən, Xarici işlər naziri Cavad Zərif ötən günlərdə məhz bu səbəbdən istefa vermişdi, lakin istefası qəbul edilməmişdi.

Bunların bir qismi doğrudur, bir qismi isə şübhə ilə qarşılana bilər. Mübahisəsiz olan isə budur: ABŞ-la İran mübarizə etdiyi halda, arada İraq ziyan çəkməkdədir. İran İraqda “Haşdi Şəabi” adlanan Xalq Səfərbərlik Qüvvələri qurmuşdur. Bu könüllü yarım-hərbi birliyin mütləq əksəriyyəti şiələrdir. İran tərəfdarları, yaxud bu başıpozuq mülki təşkilat mənsubları ABŞ-ın Bağdad səfirliyini basıb, ziyan vermişdilər. ABŞ isə Qasım Süleymanini öldürərək, səfirliyin intiqamını Tehranda və ya İranın başqa bir şəhərində deyil, Bağdadda aldı.

Bağdad 40 ildir ki, davam edən müharibə, işğal və qarışıqlara görə sabitliyə və inkişafa möhtacdır. Görünür, indi durum daha da pisləşəcək. Belə ki, çıxan bu münaqişəyə Şimali İraqın da daxil ediləcəyi haqqında danışılmaqdadır. Bu o deməkdir ki, ABŞ muxtar kürd administrasiyasını Şimali İraqdan qopararaq, paytaxtı Ərbil olmaqla, müstəqil dövlət qurmaq istəyir. Bu baş tutarsa, ABŞ yenə “BMT Sühməramlı Qüvvələri” adı altında İraqa girəcək və ssenari ilə qurulacaq bu kürd dövlətinə yerləşəcəkdir. O halda, İraqın qalan hissəsinin şiə və sünni olaraq iki yerə bölünməsi və beləliklə, yekunda üç hissəyə parçalanması ehtimalı vardır.

İraqın üç yerə bölünməsi və ya yalnız muxtar kürd administrasiyasının müstəqil dövlət olması belə, regional balansı sarsıdar. Vaşinqton Suriyada PKK/PYD vasitəsilə edə bilmədiyini burada etmiş olar. Unudulmamalıdır ki, adıçəkilən təşkilat Fəratın şərqindədir, bizim İraq sərhəddimizə qonşudur. O zaman Şimali İraqla PYD bölgəsinin, yəni şimali-şərqi Suriyanın birləşdirilməsinin layihə olaraq həyata keçirilməsinə cəhd ola bilər. “Kürd röyası” yönündə önəmli bir addım atılmış olar. İraqla Türkiyə, faktiki, bir-birindən uzaqlaşar.

Bunlar bizim maraqlarımızla birbaşa bağlıdır. Ankara oturub bunları seyr etməyəcəkdir. Hər halda, B və C planlarımız vardır. Mütləq qabaqlayıcı həmlələr ediləcəkdir. Hadisələrin bu istiqamətdə inkişaf etməsinin Türkiyənin Liviya ilə anlaşma imzalaması və hərbçi göndərməsi ilə bağlı TBMM-dən qərarın çıxması ilə üst-üstə düşməsi gözdən qaça bilməz.

Yaşanan ixtilaf ABŞ və İranın, İraq daxil olmaqla, bölgəni paylaşma uğrunda mübarizəsidir. Arxa planda İsrail vardır. Vaşinqton bu bölgədə həm Rusiya, həm də İranla sürtüşməkdədir.

Türkiyə isə ABŞ, Rusiya və İranla, yəni hər üçü ilə mübarizə aparır. Burada, Orta Şərq regionunda sadəcə ABŞ və Rusiya deyil, İran da genişlənmə siyasəti güdməkdədir. ABŞ və Rusiya silahlı, maddi mübarizə aparır. Halbuki İran şiəçilik vasitəsilə genişlənməkdədir. Məzhəb İran üçün ideoloji ünsürdür. İran bu ünsürlə Bəsrə, İskəndərun və Ədən körfəzləri arasında qalan çox böyük sahədə kök salmağa çalışmaqdadır. İraq və Suriyada “Haşdi Şəabi” ilə, Livanda “Hizbullah”la, Yəməndə isə husilərlə buralara əsaslı şəkildə yerləşmişdir. Gün gələr, ordular bu ölkələrdən çıxarılıb atılar, lakin xalqın mənimsədiyi inanc haqqında bunu söyləmək mümkün deyil. Bu səbəblə, Ankaranın Süleymaninin öldürülməsilə bağlı ortaya çıxan təhdid və ixtilafda kimsəyə yaxın durmaması, tərəfləri soyuqqanlı olmağa çağıran bir vasitəçi mövqeyində olması doğrudur. Dövlətimizin üzərinə düşən, bütün ehtimalları diqqətə alaraq, nöqsansız hazırlıq görməsidir.

Aralıq dənizində özümüzə sahə açaq deyərkən, şərqdən mühasirəyə alınma təhlükəsilə qarşı-qarşıyayıq. Bu üzdən, İraqla da anlaşma memorandumu imzalana bilər. O zaman Ərbil daxili məsələmiz olar. Bu ehtimal reallaşmazsa, Ərbillə bir anlaşmaya gedilə bilər.

Görünən odur ki, bir əsr öncə masa üzərində cızılan İraq və Suriya xəritələri sahədə dəyişdiriləcəkdir. Bu nəticəyə “hər bir əsrdə xəritələr dəyişir” deyərək, baxmaq da mümkündür.

Məncə, 85 milyonun sıx birləşməsi şərtdir.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə