XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 13:03

İRANIN HƏRBİ STRATEQİNİ ÖLDÜRMƏYƏ TRAMPI KİM TƏŞVİQ EDİB? – Rusiyalı analitikin rəyi

Vladimir Ovçinski

Завтра”, 03.01.2020

 

3 yanvar 2020-ci il gecəsi bir qrup Amerika “quzğun”unun Trampı törətməyə sövq etdiyi və ətrafındakı bəzi şəxslərin çəkindirdiyi hadisə baş verib. Birləşmiş Ştatlar prezidentinin sərəncamı ilə İran xarici siyasətinin baş memarı, “İslam Respublikasının xarici bayrağı”, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri general Qasim Süleymani öldürülüb. ABŞ-ın bu hərəkəti onu İranla əsl müharibənin astanasına gətirib çıxarıb. Bütün Böyük Yaxın Şərqin də iştirak edə biləcəyi bir müharibə.

Hər müharibənin öz təhrikçiləri var. Bəziləri dərin məxfiliklə pərdələnib və kimsə, əksinə, həmişə “İranı bombalayın!” – deyə qışqırır. Sonunculara, əlbəttə, Maykl Ledin-Con Bolton qrupu da daxildir.

Amerika Sahibkarlıq İnstitutunda birlikdə işləyərkən, bu iki dost ABŞ-ın 3 prezidentinə – oğul-Buş, Obama və Trampa İranla müharibəyə çağıran qeydlər və məlumatlar yağdırıblar.

Qeyd etmək vacibdir ki, İraqla müharibə haqqında açıqlanmış hərbi materiallara görə, Süleymaninin ləğvi variantları hər üç son prezidentin hakimiyyəti dövründə gündəmdə olub. Bolton Trampın milli təhlükəsizlik üzrə müşaviri olarkən, dostu və “ustad”ı Ledin açıq məktubla ona müraciət edərək, Trampın İrana qarşı ən sərt mövqe tutmasını və orada rejim dəyişikliyinə nail olmağı tələb edib.

Bildiyiniz kimi, Tramp Boltonun xidmətlərindən imtina edib. Lakin Bolton “dərin Amerika dövlətinin” sonuncu adamı deyil. Hətta qeyri-rəsmi mövqelərdə olsa da, hiyləgər planını həyata keçirə bilib. Buna görə də, Süleymani öldürüldükdən sonra əməliyyatda iştirak edən hər kəsi İİKK rəhbərinin ləğvi münasibəti ilə təbrik edən ilk şəxs Bolton olub. Ləğv etmə planı ilə rəsmi şəkildə əlaqəsi olmayan bir insanın təbrik mesajı göndərməsi ən azı qəribə hərəkətdir.

İndi Ledinin qətldən əvvəlki bir ayda nə etməsi-nə deməsi barədə. O, çox ardıcıldır. Təhrikini davam etdirib.

“Front Page Magazine” (ABŞ) onlayn nəşrində Ledinin 2019-cu ilin dekabrında İranla bağlı 3 məqaləsi dərc olunub. Dekabrın 3-də “İranda inqilab. Yeni nəsil İslam Respublikasına son qoymaq və azadlığı bərpa etmək istəyir” deyərək,” İrandakı etirazçıların yatırılması dəhşətlərini” təsvir edib. ABŞ-ın dövlət katibi Pompeonun iranlılardan ölkə xalqına qarşı edilən repressiyalarla əlaqədar 20 min mesaj aldığını yazıb. Məqaləsini bu sözlərlə bitirib: “Qatillərin qisası alınacaq”.

Dekabrın 18-də dərc edilən ikinci məqaləsi “İran inqilabı. Tramp bundan sonra nə etməlidir?” adlanır. “ABŞ və İsrailin İranın bank sistemini necə məhv etməsindən – casusları vasitəsi ilə yüzlərlə bank filialını odlamaqla, sosial şəbəkələrdə əhalinin 20 faizinin hesablarını açmaqdan” bəhs edib.

Ledin bu məqaləsini Trampın “İran inqilabı”na birbaşa dəstək vermə xahişi ilə başa çatdırır.

Başqa sözlə, İrandakı çevrilişdə birbaşa iştirak etmək.

Dekabrın 27-dəki üçüncü məqaləsi “İran uğrunda müharibə. Qalib strategiyanın vaxtı-vədəsi gəlib çatdı” İrandakı etirazların yatırılması qurbanlarının sayılmasından (ölənlərin sayı – 1360, yaralıların sayından on qat çox göstərilib) bəhs edir.

Yazının sonunda ABŞ rəhbərliyinə müraciət var: “Tehrandakı rejim bizimlə müharibə vəziyyətindədir. Nitq vaxtı bitdi. Qalib strategiyanın vaxtı-vədəsi yetişdi”.

Gördüyünüz kimi, Ledin klassik “gərginlik strategiyası”nın həyata keçirilməsini təmin edir.

Ancaq daha sonra əsas addımını atır. Süleymaninin öldürülməsindən bir gün əvvəl, 2 yanvar 2020-ci ildə “The Epoch Times” (ABŞ) nəşrinin səhifələrində Ledinin “Tramp İranla bağlı mövqeyini dəyişdirdi?” məqaləsi görünür.

Ledin yazır ki, Suriyada (müdafiəsi naminə Süleymaninin İslam İnqilabı Keşikçiləri Korpusu ilə döyüşlərdə fəal iştirak etdiyi) Əsəd rejiminin qurtuluşundan sonra İranın Ali Rəhbəri Xamnəi Trampın İrana hücum etməyə hazır olmadığını başa düşüb. Buna görə də, Suriyadan sonra Süleymani, Xamnəi ilə razılaşaraq, İraq və Livana keçib. Ledinin sözlərinə görə, Süleymaninin rəhbərliyi altında Bağdadda Amerika səfirliyinə hücum təşkil edilib.

Müəllif Trampın indi İrandakı rejimə zərbə vurmağa hazır olduğuna ümid etdiyini yazıb. Bunun üçün, Ledinin hesablamalarına görə, hər cür uyğun şərait mövcuddur: İranda işsizlik artır; qış yaxınlaşır, ancaq istilik üçün yanacaq yağı tapmaq çətindir; böyük inflyasiya var; ailələrin orta aylıq gəliri cəmi 200 avrodur…

Ledin yazır: “Tramp bu dəhşətli rejimin öhdəsindən gəlməyin heç bir yolu olmadığı qənaətinə gəlibsə, enerjisini onu dəyişməyə yönəldə bilər”.

Əlbəttə, Trampın Süleymanini aradan qaldırmaq qərarına təkcə Bolton-Ledin qrupu təsir göstərməyib. Amma onlar son rolun ifaçıları deyil və görünür, impiçment qalmaqalında Trampa İran generalının sui-qəsdi ilə seçicilərin itirilmiş hissəsini geri qaytarmağı tövsiyə edənlər də unudulmamalıdır. Həqiqətən, axı “adi” amerikalılar ilk atəş açan və düşmənlərini öldürən kovboyları sevirlər.

ABŞ-ın İranla bağlı bu cür hərəkətlərini çoxdan gözləyən Trampın İsrail dostları da qəsddə kiçik rol sahibi deyillər. Lakin Bolton və Ledin, əlbəttə, müharibə təhrikçilərinin reytinqində sonuncu pilləni tutmurlar.

Tərcümə: Strateq.az