XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 17:44

“Qasim Süleymaninin öldürülməsi qanunsuz, amma proqnozlaşdırılan idi” –TRAMP 45 İLİN PREZİDENT QADAĞASINI POZUB

Karen Qrinberq

“The New York Times”, 06.01.2020

 

Keçən həftə general-mayor Qasim Süleymaninin öldürülməsindən sonrakı mübahisələrin çoxu hücumun qanuniliyində cəmləşib: onun ölümü “sui-qəsd” və ya “məqsədyönlü qətl”dir?

Administrasiya səlahiyyətliləri terrorizmlə mübarizə oyun kitabına istinadla, sonuncu seçənəkdən ikiəlli yapışıblar. Onlar hücumun məqsədyönlü qətl (hədəfi məhvetmə) olduğunu düşünür və bunun özünümüdafiə aktı kimi qiymətləndirildiyini bildirirlər. General Süleymani, rəsmi şəxslərin dediyinə görə, “yüzlərlə insanın ölümünə” səbəb olacaq “böyük bir hərəkət” hazırlayır, bununla da qaçılmaz bir təhlükə yaradırdı.

Digərləri, məsələn, senatorlar Berni Sanders və Elizabet Uorren “məqsədyönlü öldürmə” ifadəsini haqlı olaraq rədd edib və hücumun məntiqliliyi ilə yanaşı, qanunauyğunluğuna dair məsələ qaldıraraq, bunu “sui-qəsd” adlandırıblar.

Fərqlilik həm siyasət və strategiya, həm də qanunauyğunluq nöqteyi-nəzərləri baxımından vacibdir.

1975-ci ildə Senat qurumu olan Kilsə Komitəsi xarici liderlərə gizli sui-qəsd cəhdləri, o cümlədən Konqoda Patris Lumumba və Kubada Fidel Kastroya qarşı edilən uğursuz cəhdlər barədə xəbərlərə istinadla, Birləşmiş Ştatların kəşfiyyat orqanlarının fəaliyyəti ilə əlaqədar istintaqa başlayıb.

Komitə sui-qəsdin “Amerika prinsipinə, beynəlxalq hüquqa və bəşəri əxlaqa uyğun olmadığını” təsbit edib. Onun yekun hesabatında müharibənin olmadığı və qaçılmaz təhlükə istisna olmaqla, sui-qəsdin qadağan edilməsi tövsiyə olunub. Konqres bu qanunu qəbul etməsə də, prezident Cerald Ford 1976-cı ildə siyasi sui-qəsdi qadağan edən sərəncam verib.

Bu sərəncamın imzalanmasından bəri bəzi prezidentlər zəruri hesab etdikləri zaman qadağanı aradan qaldırmaq səlahiyyəti tələb ediblər. “Vicdanla” hərəkət etdiyini iddia edən və “təsdiqlənmiş bir əməliyyat” çərçivəsində Ronald Reyqan, Livan ruhanisi Məhəmməd Hüseyn Fəzlullaha qarşı uğursuz bir hücum cəhdinə göstəriş verib. Klinton administrasiyası Üsamə bin Ladeni hədəfalma planlarını nəzərdən keçirərək, bunun özünümüdafiə hərəkəti olacağını və buna görə də, sui-qəsd olmadığını bildirib.

11 sentyabr hücumlarından sonra “məqsədyönlü qətl”lər Kilsə Komitəsi və ya sonrakı prezident üçün sui-qəsd qadağasının adlanmasında yeni mərhələ olub.

Prezidentlər Corc oğul-Buş 50 hücuma icazə verib, lakin cənab Obama dövründə bu siyasət başa çıxıb. Onun administrasiyasının vəkilləri, sui-qəsdlərin qadağan olunmasına baxmayaraq, bildirirdi ki, aktiv hərbi əməliyyat zonası xaricində fəaliyyət göstərən qeyri-dövlət subyektlərinə qarşı yönəlmiş və yaxın gələcəkdə təhlükə olduqda, terrorla müharibə kontekstində özünümüdafiə aktı kimi “məqsədyönlü qətl”lərə icazə verilir.

Bunun nəticəsində yüzlərlə hücum həyata keçirilib, minlərlə terrorçuluqda şübhəli və saysız-hesabsız mülki şəxsin ölümünə səbəb olan proqram işə düşüb.

Prezident Trampın administrasiyası dövründə bu proqram yenilənən enerji ilə tətbiq olunub.

Həmin siyasəti müdafiə edən cənab Obama Amerika ictimaiyyətini əmin edirdi ki, “məqsədyönlü qətl”lərə görə qərar qəbuledicilər cavabdehdir – insan haqları üzrə vəkil Ceymil Cafferin yazdığı kimi, “məlumatların səhihliyi ilə alver edən səlahiyyətli şəxslər”.

Bundan əlavə, cənab Obama “məqsədyönlü qətl”lərin “daha çox düşmən yaratması” riskini azaldacağını iddia edib. Ancaq bütün hesabatlara görə, general Süleymaninin öldürülməsi bunun əksini doğurub: bu, qanuna və adətə hörmətsizliklə başlanan bir hücum idi və şiddətli qisas təhdidlərinə səbəb olub. Ali lider Ayətullah Əli Xamnəi general Süleymanini “şəhid” adlandıraraq “ağır intiqam”a çağırıb, yəni risk artıq kabus kimi dolaşır.

General Süleymaninin öldürülməsi ABŞ-ı yeni fəzaya soxub. Əvvala, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinə rəhbərlik edən general Süleymani qeyri-dövlət aktyor deyildi, yəni terror təşkilatlarının üzvləri üçün hazırlanan “məqsədyönlü qətl” siyasəti ona şamil oluna bilməz. O, suveren bir hökumətin ordusunda yüksək səviyyəli bir şəxs idi.

Bu, vacib fərqdir.

Qeyri-dövlət aktyorları üçün hazırlanmış müharibə siyasəti artıq millətlərarası münaqişəyə çevrilib. Bu baxımdan, o, prezident qadağalarının aradan qaldırılmasına çalışıldığı sui-qəsdlərə bənzəyir.

Suveren bir dövlətin üzvü üçün “məqsədyönlü qətl” (“hədəfi məhvetmə”) evfemizmi tətbiq edərkən, Tramp administrasiyası terrorla mübarizədə “hədəfi məhvetmə” siyasətinin yaratdığı səhv fərziyyələri və təhlükəli irsi faş edib. Terrorla mübarizəni müharibə qaydalarına bağlamağa çalışan, “mənə etibar edin” hökumətindən asılı olan və Konqresin razılığı olmadan icra səlahiyyətlərinin genişləndirilməsini rasional şəkildə həyata keçirən siyasət, ötən həftəki qətllərin və şiddətli qisas təhdidlərinin baş verməsinin əsasını qoyub.

ABŞ və İran indi başqa bir adla müharibə vəziyyətindədir. Qeyri-dövlət aktyorlarına yönəlmiş icra hərəkətlərinin dövlət aktyorlarına qarşı olmayacağına inam boş sözə çevrilib. Mənfi addımın fərmanla məhdudlaşdırıla biləcəyi gözləntisi özünü doğrultmayıb.

Yaxşı adamların vəzifələrini həmişə yaxşı icra edəcəyi inamının ömrü çox qısa olub. Belə çıxır ki, biz Con Adamsın “insanlar deyil, qanunlar hökuməti” çağırışından çox təhlükəli uzaqlıqdayıq.

Tərcümə: Strateq.az

 

Arayış: Karen C. Qrinberq Fordham Universiteti Hüquq Məktəbində Milli Təhlükəsizlik Mərkəzinin direktoru və “Ədalət məhkəməsinin eybəcərliyi: Təhlükəsizlik Dövlətinin yaradılması” kitabının müəllifidir.

 




Yuxarı Əvvələ Ana Səhifə