XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

08 Yanvar 2020 - 09:28

“ÖLDÜRÜLMƏSƏYDİ, ONU İRANIN YENİ PREZİDENTİ EDƏCƏKDİLƏR” –Türk yazardan "Qüds" komandanı ilə bağlı sensasion iddialar

Ergün Diler

“Takvim”, Türkiyə, 07 yanvar 2020-ci il

 

ABŞ-ın İranın ən önəmli şəxslərindən olan Qasım Süleymanini sui-qəsdlə ortadan qaldırması dünya mətbuatının manşetlərindədir.

Hər kəs “İndi nə olacaq?”“ABŞ bunu nə üçün indi etdi?” suallarının cavablarını axtarmaqdadır.

Qasım Süleymani ortada olan bir adam idi. Orta Şərqdə girib-çıxmadığı yer yox idi. ABŞ kimi, digər ölkələrin də kəşfiyyat qurumları onu izləyirdi. İndi narahatlıq yaradan nə idi? Bu sualın cavabı baş verənləri və verəcəkləri izah edə bilər.

İran müxtəlif əlaqələrin, müxtəlif dövlət sistemlərinin mövcud olduğu bir ölkədir. Qasım Süleymaninin ölümü ilə birlikdə, bir çox şey yazılıb-pozulmağa başladı. Ancaq dərin ağlı olan İranın ibtidai məktəb məzunu olan birini nə üçün alıb yuxarılara qaldırdığını anlamadım. Anlamağım da çətindir.

Sui-qəsddən sonra kimin dəstək, kimin reaksiya verdiyini izləmək üçün verilən açıqlamalara baxdım. Çin örtülü dəstək verdiyi halda, Rusiya açıqca qəhrəman elan etdiyi Süleymanini qoruyurdu. ABŞ-a od püskürürdü. “İŞİD və Əl Qaidə ilə mübarizə aparan çox uğurlu bir hərbçi idi”“ABŞ-ın yaxın görüşlü addımları ciddi təhlükələrə hamilədir” sözlərilə reaksiyasını göstərirdi.

Həmən qeydlərimə baxdım və 1-2 il öncə Qasım Süleymaninin Moskvada Putin və Şoyqu ilə görüşdüyünü xatırladım. İnkar edilsə də, ABŞ kəşfiyyatı bu görüşün olduğunu bilirdi və sızdırırdı.

Baş verən hadisəyə bu pəncərədən baxarsaq, qarşımıza maraqlı bir mənzərə çıxacaqdır. Qasım Süleymaninin həyatı, yüksəlişi və gücünü yaxından incələsək, bölgədəki heç bir şeyin göründüyü kimi olmadığını anlayarıq. Nəticədə bura Orta Şərqdir…

Necə olur ki, ibtidai məktəb məzunu, bir inşaat fəhləsi İranda ən güclü prezidentliyə namizəd halına gəlir? Sui-qəsddən sonra soruşulması lazım olan suallardan biri də bu idi.

Qasım Süleymani 15 dekabr 2019-cu illə 01 yanvar 2020-ci il tarixləri arasında İdlib, Bədaxşan (Əfqanıstanın Tacikistan sərhəddində olan vilayəti), Qəzza, Beyrut, Sana və öldürüldüyü Bağdadda oldu. Necə ola bilər ki, Qəzzada budağından düşən hər yarpaqdan xəbərdar olan İsrailin Süleymaninin ziyarətindən xəbəri olmasın? Bu, mümkün idimi? Məncə, deyildi. Bu ehtimalın imkansız olduğunu düşünərsək, demək olar ki, İsrail daxilindəki bir qrup da Süleymaninin böyüməsini istəyirdi.

İbtidai məktəb məzunu olan Süleymani gənc yaşlarında ayətullah Əli Xamnəyi ilə tanış oldu. Çox aktiv olmaq istəyirdi. Saxta rütbələrlə İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) “Qüds Qüvvələri”nin komandanı vəzifəsinə yüksəldildi. İbtidai məktəb məzunu olan Süleymani İranın çirkli işlərinin lideri idi. Yüksəlişin necə baş verdiyini bilən yoxdur.

Şiələri bir araya gətirən və özləri kimi müsəlman olan sünnilərin öldürülməsi üçün yüzlərlə heyət quran Süleymaninin neytrallaşdırılması Pentaqonun bölgədə nə qədər təsirli olacağının işarəti idi. Çünki Rusiya-İran-Çin güc balansı güclənirdi. Bu üç ölkənin birlikdə keçirdiyi son dəniz təlimi gərginliyi əməlli-başlı artırmışdı.

Əsəd rejiminin İdlibdə törətdiyi bütün qətlləri, əslində, Süleymaninin heyətinin həyata keçirdiyi irəli sürülürdü. Eyni zamanda Bədaxşan, Qəzza, Beyrut və Sanada keçirilən bir çox əməliyyatın mərkəzində də Süleymani dayanırdı.

Rusiya da, Çin də Süleymaniyə dəstək verirdi. Hətta İŞİD-in Çin yaxınlarında ortaya çıxması səbəbilə, Süleymani Bədaxşanı ziyarət etmişdi. Bədaxşandakı Çin bazası da ABŞ üçün təhdid idi. Bu baza Çinin bölgədəki gözü idi.

Putin və ÇXR dövlət başçısı Şi Cinpinq, hətta vəzifəsindən istefa verməli olmasaydı, İngiltərə Baş naziri Tereza Mey də Ruhanidən sonra Qasım Süleymaninin prezident olmasına razılıq verəcəkdi. Süleymaninin prezident olmasından sonra İranın necə bir hala düşəcəyini düşünmək belə, çox çətin idi. Məhz Putin, Şi Cinpinq və Tereza Meyin Süleymanini böyük oyuna gətirmək istəməsi Pentaqonu hərəkətə keçirdi.

Pentaqon istədiyi anda Süleymanini neytrallaşdıra bilərdi. Çünki bu gün İran Baş Qərargahındakı çox önəmli bir masa əmrləri Pentaqondan alır. İran ordusunun istifadə etdiyi silahların içində ABŞ mənşəli olanlar heç də az deyildir. Bu, necə olurdu? O masa Süleymanini kəşfiyyat məlumatları ilə təmin edən masa idi. Qəzzaya getməsini təmin edən marşurutu hazırlayan da, Təl-Əvivdən dəstəyi alan da o masa idi.

İndi Pentaqon öncəlikli olaraq 12 ölkəni – İran, İraq, Suriya, Livan, Liviya, Somali, Sudan, Fransa, Tunis, Əlcəzair, Kipr və Türkiyəni Vaşinqton vektoruna yanaşdıracaq planı Süleymani ilə başlatdı. Məqsədləri budur. Pentaqon, dolayısilə Vaşinqton daha dəqiq addımlar atacaq. İran və İraq kimi mərkəzlərdə çox ciddi, sərt həmlələr edəcək. Bunun üçün Vaşinqton İranın ciddi cavab reaksiyası verməsini istəyir. Əgər ciddi cavab reaksiyası verilməzsə, ABŞ özünün edəcəyi böyük bir hücumla İranı Rusiya və Çindən qoparacaq.

Özünə zərər verməsilə bağlı ABŞ-ın tayı-bərabəri yoxdur. “Əkiz Qüllələr”ə edilən hücumda olduğu kimi…

ABŞ bu planını həyata keçirərkən Rusiya və Çinə qarşı da addım atacaq. Rus şirkəti “Qazprom”, İngiltərə-Niderland ortaq şirkəti olan “Shell”, Avstriya şirkəti “Omy”, Fransa şirkəti “Engie”, Almaniya şirkətləri “Uniper” və “Wintershall”, İtaliya şirkəti “Saipem” və İsveçrə şirkəti “Allseas” Vaşinqtonun hədəfindədir. Bu şirkətlər “Şimal axını-2” üçün bir araya gəlmişdilər. Ciddi sanksiyalarla qarşı-qarşıya qaldılar. Bu şirkətlər Pentaqon tərəfindən açıq şəkildə təhdid edildilər. Əgər layihədən çəkilmək yönündə bir işarət verməzlərsə, Pentaqon daha aqressiv mövqe tutacaq. Gərginlik artacaq. Qasım Süleymaninin neytrallaşdırılması ilə “Şimal axını-2” layihəsində yer alan şirkətlərə sanksiyaların tətbiq olunması eyni planın detallarıdır.

ABŞ Müdafiə naziri Mark Esperin “Oyun dəyişdi” sözləri də 2020-ci ildə daha çox savaş olacağının və qan töküləcəyinin sübutu idi.

22 trilyon dollar borcu olan ABŞ enerjiyə nəzarət etmək üçün ilk raketini Süleymaniyə görə istifadə etdi.

ABŞ yeganə qurtuluş yolunun Aralıq dənizi olduğunu bilir. Bu səbəblə, öncəlikli hədəflər içində yer alan 12 ölkənin bir çoxu Aralıq dənizinə sahili olan ölkələrdir.

Orta Şərq mərkəzli bir qarışıqlığın neft qiymətlərini 100 dolların üstünə çıxartması da ABŞ üçün önəmlidir. Çünki neftin 1 barrelinin qiyməti 100 dollardan çox olarsa, Çin üçün çətin günlər başlayar. Əlbəttə, o halda, Rusiya bir az güclənər, lakin onun ixrac edəcəyi neft və təbii qaz məhdudlaşdırılarsa, o da gözlənilən maliyyə gücünə çata bilməz.

SSRİ-yə qarşı kozır olaraq istifadə edilən Soyuq Müharubə dövrü metodlarına indi Avrasiyaya qarşı tətbiq etmək üçün yenidən baxılıb. Təbii, bu dəfə Soyuq Müharubə çox “isti” keçəcək.

Bütün bunlar ABŞ-ın planlarıdır. Həyata keçib-keçməyəcəyini görəcəyik. Ancaq ilk raket atıldımı? Atıldı. İzləyək, görək…

Tərcümə Strateq.az-ındır