XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

09 Yanvar 2020 - 14:09

“QATI DÜŞMƏN”, “VƏTƏNPƏRVƏR”, YOXSA “İNQİLAB ƏSGƏRİ”? – Müxaliflərini belə ağladan Komandanın bilinməyən cizgiləri - ARAŞDIRMA

Ruhullah Fəqihi

“Foreign Policy”, 06.01.2020

 

ABŞ general Qasim Süleymanini öldürəndən sonra iranlılar qəzəb və qisasa bələniblər. Çox sayda insan onu xatırlamaq üçün şəhər küçələrinə axışıb. Bu, Amerika mediasının “dünyanın 1 nömrəli pis adamı” kimi təsvir etdiyi şəxsin lehinə səslənən hayqırtıdır.

Qasim Süleymani, ABŞ üçün yaramaz şəxs olsa da, İran daxilində həm qəhrəman, həm də siyasi baxımdan, bəzən boyandığından daha neytral bir insan idi. O, mötədillər və sərt tənzimçilər arasındakı cizgi ilə gedib, daxili siyasi mübarizələrdən yayınıb və başqalarının İranın gələcəyi ilə bağlı fikirlərini diqqətlə dinləyib.

Sözsüz ki, o, 1980-ci, İran-İraq müharibəsi illərində uğurlu bir komandir kimi müəyyən dərəcədə tanınıb. İki mənbəyə görə, 1998-ci ildə Süleymani İranın polis qüvvələrinin komandanı təyin edilməli imiş, lakin bu təyinata həmin vəzifəni öz adamları üçün sığortalmış sərt tənzimçilər mane olub. Bunun əvəzinə, Süleymani İranın Yaxın Şərqdəki məqsəd və ambisiyalarına nəzarət edən və həyata keçirən “Qüds” Qüvvələrinin baş komandanı təyin edilib. Lakin o zaman “Qüds” indiki kimi güclü qüvvə deyildi.

Əslində, İranın İraqdakı maraqlarını güdmək və qorumaq digər briqadaların səlahiyyətində idi. Süleymani tədricən “Qüds” Qüvvələrinin məsuliyyət dairəsini genişləndirməyə müvəffəq olub və Ayətullah Əli Xamnəinin tam etimadını və dəstəyini qazanıb.

Ancaq məhz Qərb media profilləri onu sıradan bir insan arasından çıxarıb, həqiqətən, məşhur edib. 2013-cü ildə “New Yorker“-də Dekster Filkinsdən başlayaraq Süleymani barədə böyük məqalələr yazılıb. Suriyada İŞİD təhdidi ilə mübarizəyə görə Süleymani cəmiyyətdə qoruyucu bir fiqur olaraq görülüb. İran mediası da onun populyarlığına rəng qatıb, nəticədə, onun kamil obrazı formalaşıb.

İŞİD-çilərin qorxunc edam videoları dünyaya yayıldıqda, İran və Qərb mediası Süleymaninin “xilafət” lideri Əbubəkr əl-Bağdadinin imperatorluğunu yıxmaq üçün necə səy göstərdiyi haqqında məlumatlar dərc edib. İraq və Suriyada İŞİD-lə mübarizənin ön cəbhələrində Süleymanini göstərən videolar virtual məkanda geniş yayılıb. Əvvəllər çox da tanınmayan komandir cəsarət simvolu və qəhrəman kimi məşhurlaşıb. Onun populyarlığı kəskin dərəcədə artıb, 2015 və 2016-cı illərdə Qərblə nüvə anlaşmasına nail olan xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bərabərləşdirilib.

Qasim Süleymaninin daxili siyasi döyüşlərə girməyə marağının yoxluğu sərt tənzimçilər və mühafizəkarlar üçün hədiyyə idi, çünki onu dəstəkləyən kimi göstərə biliblər. Mühafizəkarlığa boyanmış simasına baxmayaraq, ictimaiyyət Süleymaninin mötədil olduğuna inanıb. O, sabiq prezident, mötədil və islahatçıların lideri Ayətullah Haşimi Rəfsəncaninin uzun müddətli dəstəkçisi olub. 2009-cu il prezident seçkilərindən sonra etirazlar İranı sarsıdan vaxtda Yaşıl Hərəkatın lideri Mir Hüseyn Musəvinin tərəfini tutduğu üçün Süleymani sərt tənzimçilərin ağır təzyiqi ilə üzləşib, üstəlik Rəfsəncani ilə şəxsi əlaqələrini və münasibətlərini qoruyub. Çoxlarını təəccübləndirərək Süleymani 2017-ci ildə, ölümündən sonra Rəfsəncaninin ailəsinə baş çəkən bir neçə böyük şəxs arasında olub.

Süleymani, demək olar ki, hər çərşənbə axşamı generalla birgə görüş keçirən islahatçı vitse-prezident İshaq Cahangiri və Zəriflə də sıx əlaqə saxlayıb. 2019-cu ildə, Zərifin Suriya prezidenti Bəşər Əsəd və İran prezidenti Həsən Ruhani arasında Tehranda keçirilən görüşdən kənarlaşdırılmasından sonra istefası zamanı xarici işlər nazirini işə qayıtmasına inandırıb, hətta evinə baş çəkib. O, Qərblə münasibətlərdə Zərifin zəif bir insan kimi göstərildiyi serialı yayımladığı üçün sərt tənzimçilərin idarə etdiyi dövlət telekanalına qarşı da rəy bildirib.

2013-2015-ci illərdə nüvə danışıqları zamanı, Ruhani və Zərif P5 + 1 formulu ilə danışıqlar apararkən, sərt tənzimçilər və mühafizəkarların tənqid atəşinə tutulduqda, Süleymani hazırkı hökumətin yanaşmasına qarşı heç bir ictimai mövqe qoymayıb.

2017-ci ildə nisbətən mötədil Ruhanini məğlub edə biləcək bir namizəd tapmağa ümidli olduqda, Süleymani sərt tənzimçilər və mühafizəkarların prezident seçkilərində namizədi olma çağırışlarını da rədd edib və özünü “inqilab əsgəri” adlandırıb.

2019-cu ildə Merilend Universitetinin keçirdiyi bir araşdırmaya görə, iranlıların 82 faizi Süleymaniyə – müsbət, 59 faizi – çox müsbət yanaşdığını söyləyiblər. Populyarlıq daxili siyasətə baş qoşmasdığı və nüfuzundan sui-istifadədən çəkindiyi üçün davam edib.

Bu neytrallığına və ictimaiyyətin gördüyü kimi, İran sərhədlərini və maraqlarını qorumasına görə iranlılar onu siyasi xadim yox, milləti qoruyan vətənpərvər olaraq görüblər. Buna görə də, milyonlarla insan, hətta digər şərtlərdə İslam Respublikasına qarşı çıxanlar da Süleymaninin xatirəsini yad etmək üçün Tehran küçələrinə axışıb. O cümlədən 10 ildir ev həbsində olan müxalifətçi lider Mehdi Kərrubi, yazıçı Mahmud Douvlətəbadi, keçmiş siyasi məhbus Abdullah Momeni, aktyor Navid Məhəmmədzadə və Londonda iqamət edən jurnalist Məsud Behnud Süleymaniyə ölümündən sonra rəğbətlərini bildirib. Onların əksəriyyəti İran daxilindəki son etirazlarda yüzlərlə insanın ölümü də daxil olmaqla, bir çox məsələyə görə siyasi sistemə ciddi şəkildə tənqidi yanaşıb, lakin Süleymani ilə digərlərini fərqləndiriblər.

Bəzi amerikalılar da bunu etiraf ediblər. BBC-nin “Kölgə komandiri: İranın hərbi strateqi” sənədli filmində oğul-Buşun prezidentliyi dövründə xüsusi əməliyyatlar xidmətinin rəhbəri general Stenli MakKristal deyib: “Düşünmürəm ki, biz onu zalım şəxs kimi görməməliyik. Ona özümüz kimi baxmalıyıq. Biz öz ölkəmizi düşünürük, Qasim Süleymani də öz ölkəsini”.

Süleymaninin qəhrəman obrazı onun ölümünü ABŞ üçün daha baha başa gətirir. Heç kimin sevmədiyi yüksək rütbəli hərbi komandir öldürülsəydi, işlər başqa cür olardı. Bunun əvəzinə, son etirazlardan zəifləyən İran hökuməti Süleymaninin öldürülməsindən sonra canlanıb. Əvvəllər bölünmüş xalq indi həftələr əvvəl qəti etiraz etdiyi hökumətin arxasında möhkəm dayanır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə