XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

16 Yanvar 2020 - 22:46

PUTİNİN HAKİMİYYƏTƏ CAN ATMAYAN ƏSGƏRİ…- Mühəndislikdən hökumət rəhbərliyinə; Rusiyanın yeni Baş naziri kimdir? (ARAŞDIRMA)

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə dünənki müraciətində Konstitusiyaya dəyişiklik edilməsi barədə təkliflər verdi. Bu çıxışdan dərhal sonra Baş nazir Dmitri Medvedev hökumətin tam tərkibdə istefaya getdiyini açıqladı. O da məlum oldu ki, Putin Medvedevə Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib. Ölkənin baş naziri postunda isə Rusiya Federal Vergilər Xidmətinin rəhbəri Mixail Mişustini görmək istəyir.

Putin Mişustinin namizədliyini Dövlət Dumasına təqdim etdi. Duma bügünkü iclasında onun namizədliyini təsdiqlədi. Bunun ardınca prezident Mixail Mişustinin Rusiyanın Baş naziri təyin olunması barədə sərəncam imzaladı.

Bəzi müşahidəçilər Putinin bu seçimini gözlənilməz gediş kimi qiymətləndirir, Baş nazir postuna daha nüfuzlu şəxsin gətiriləcəyini ehtimal edirdilər. Putin isə, göründüyü kimi, yenə təəccübləndirdi.

İndi gəlin, görək, Rusiya prezidentinin yüksək etimad göstərdiyi Mixail Mişustin kimdir və hansı fəaliyyətləri ilə yadda qalıb?

Mixail Mişustin 3 mart 1966-cı ildə Moskvada anadan olub. “Stankin” Moskva Dövlət Texnologiya Universitetində ali təhsil alıb. İxtisası sistem mühəndisliyidir. İqtisad üzrə elmlər doktorudur.

90-cı illərdə ölkəyə informasiya texnologiyalarının cəlb edən Mişustin Beynəlxalq Kompüter Klubunda işləyib. 1996-cı ildə bu təşkilatın İdarə Heyətinə rəhbərlik edib.

Dövlət qulluğuna 1998-ci ildə gəlib və vergi sahəsində çalışmağa başlayıb. Əvvəlcə Dövlət Vergi Xidməti rəhbərinin mühasibat uçotunun informasiya sistemləri üzrə köməkçisi, sonra müavini olub.

Adıçəkilən qurum Vergilər Nazirliyinə çevriləndə də analoji vəzifəni tutub və 2004-cü ilə qədər həmin postda qalıb.

Bu müddət ərzində nazirlikdə üç dəfə rəhbər dəyişib – Georgi Boos, Alexandr Poçink və Gennadi Bukaev.

2006-cı ilə qədər “Rosnedvijimost”a (Federal Daşınmaz Əmlak Kadastr Agentliyi), 2008-ci ilə qədər Xüsusi İqtisadi Zonaların İdarə Edilməsi üzrə Federal Agentliyə rəhbərlik edib. Xüsusi iqtisadi zonalarla işləyən Mişustin vətəndaşlar üçün “bir pəncərə” sistemini tətbiq edib.

2000-ci illərin sonlarında investisiya biznesi ilə məşğul olub. 2010-cu ilə qədər “UFG Capital Partners” şirkətinin prezidenti və “UFG Asset Management” şirkətinin idarəedici tərəfdaşı olub.

Mişustin idmanla yaxından maraqlanır. 2006-cı ildə Olimpiya İdman Kompleksində Rusiya Üzgüçülük Çempionatının açılışında iştirak edib.

Başqa bir hobbisi hokkeydir. Həm buzüstü hokkey oynayır, həm də MOİK (ÇSKA) klubunun Müşahidə Şurasında yer alır. Qatı azarkeş kimi də tanınır.

“Mişustinin hüquq-mühafizə orqanlarında yaxşı əlaqələri var. O, tez-tez Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə hokkey oyunlarında görünür ”, – deyə Rusiya mətbuatına (RBK) danışan mənbə bildirib.

Mişustin Federal Vergi Xidmətinə 2010-cu ildən rəhbərlik edib və bu müddət ərzində onun rəhbəri olub.

“O, özünə və tabeçiliyində olanlara qarşı tələbkardır”, – deyə iş adamı David Yakobaşvili Mişustini Federal Vergi Xidmətinin rəhbəri təyin olunduqdan sonra xarakterizə etmişdi.

İqtisadçı və Rusiya Mərkəzi Bankının keçmiş sədr müavini, Mişustinin keçmiş həmkarı Sergey Aleksaşenko yeni baş nazirin “yaxşı menecer” olduğunu bildirib: “Mənə elə gəlir ki, Putin yaxşı bir baş nazirin Sovet sistemindəki kimi olmasını düşünür – mən sənə dedim, sənə hədəflər verdim, sən planı qəbul etdin və qaçdın onları icra etməyə. Problemlər barədə danışmırsan, maşın kimi işləyirsən. Mişustin, həqiqətən, belədir. Olduqca səmərəli bir menecerdir. Vergi xidmətini yaxşı idarə etdi, bir çox yenilik gətirdi, vergi ödəyiciləri ilə əlaqəni yaxşılaşdırdı, vergi yığımını artırdı”.

Ümumiyyətlə, KİV-də yayılan materiallardan və həmkarlarının rəylərindən belə məlum olur ki, Mixail Mişustinin idarəetmə və təşkilatçılıq qabiliyyəti yüksək qiymətləndirilir.

Mişustin postsovet bürokratiyasında kompüter sistemlərini tətbiq edib və Federal Vergi Xidmətinin rəhbəri kimi rekord vergi yığımına nail olub.

Federal Vergi Xidmətinə yaxın bir mənbə prezident Putinin Mişustinlə bağlı yaxşı fikirdə olduğunu deyir: “Mişustin prinsipial və sərtdir. Öz prinsiplərini necə müdafiə edəcəyini bilir. O, uzaqgörən texnoloqdur. Vergi xidməti bunun əyani sübutudur”.

Rusiyanın yeni baş naziri özündən 10 yaş kiçik, tatar əsilli Vladlena Mişustina ilə evlidir. Cütlüyün 3 oğlan övladı var.

2011-ci ildə Mişustin 78,6 milyon rublluq gəliri ilə ən zəngin Rusiya məmurlarının ilk üçlüyünə daxil olmuşdu. 2015-ci ildə Rusiyanın “Forbes” nəşri Mixail Mişustini “Güc və pul: dövlət qulluqçularının gəlirləri 2015” reytinqinə daxil etmişdi. Mişustin reytinqdə 54-cü yeri tutmuşdu.

Ailənin ümumi gəliri 183,31 milyon rubl, Mişustinin gəliri isə 23 milyon rubl göstərilmişdi. 2019-cu ildə Mişustin “Forbes” analoji reytinqində ilk yüzlüyə girmədi.

Yeri gəlmişkən, tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnı və onun təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu Mişustini həyat yoldaşının varidatını hansı yolla əldə etdiyini dərhal açıqlamağa çağırıb.

Navalnının və Fondun bildirdiyinə görə, vergi bəyannamələrindən Vladlena Mişustinanın son 9 ildə təxminən 800 milyon rubl qazandığı göstərilir.

Navalnının sözlərinə görə, Vladlena Mişustinin adına heç bir hüquqi şəxs qeydiyyata alınmayıb: “Onun haqqında internetdə də heç nə tapmaq olmur”.

Navalnı xanım Mişustinanın bəyannamələrdə göstərilən pulları qanuni yolla əldə edə biləcəyinə şübhə ilə yanaşır. Navalnı həmçinin xatırladır ki, əvvəllər rəsmi bəyannamədə Mişustin ailəsinə məxsus olduğu bildirilən əmlak hazırda Rusiya Federasiyasının adına göstərilir.

Açıq mənbələrdən göründüyü kimi, Vladlena Mişustina 2008-ci ilə kimi fərdi sahibkar kimi qeydiyyata alınıb. Və 2013-cü ildə bu, ləğv edilib.

Mişustinanın əsas fəaliyyəti “Rəqs meydançalarının, diskotekaların, rəqs məktəblərinin fəaliyyəti” göstərilib. Jurnalist Anastasiya Gorşkovanın dediyinə görə, 2009-cu ildə Mişustina “Barvixe Luxury Village”dəki “DecaDance” rəqs klubunun sahiblərindən biri olub.

2012-ci ilin sonunda Mişustina bu biznesdən çıxıb. “DecaDance” 2014-cü ildə ləğv edilib.

Jurnalistin sözlərinə görə, 2002-ci ildən xanım Mişustina ərinin bir vaxtlar işlədiyi Beynəlxalq Kompüter Klubunun səhmlərinin 50 faizinə sahib idi. Jurnalistin fikrincə, bu iş Mişustinaya böyük gəlir gətirə bilməzdi.

“Proekt” nəşri isə yazır ki, Mixail Mişustin Rublyovo-Uspenski magistralında təxminən 600 milyon rubl dəyərində bir malikanəyə sahib olduğunu gizlədib.

Jurnalistlər üzə çıxarıb ki, o, həyat yoldaşı Vladlena ilə 2001-ci ildə bahalı bir malikanəyə sahib olub. Həmin vaxt M.Mişustin vergilər nazirinin müavini vəzifəsini icra edirdi.

Ərazidəki oxşar mülklərin qiymətini nəzərə alaraq, “Proekt” Mişustin ailəsinə məxsus malikanənin dəyərini 600 milyon rubl (9.74 milyon dollar) qiymətləndirib.

Nəşrin bildirdiyinə görə, məlum əmlakın sahiblərinin adı “Rosreestr”də gizlədilib. Daha doğrusu, sahibin adı “Rusiya Federasiyası” göstərilib. Nəşr bunda Mişustinin əlinin ola biləcəyini yazır. Və ehtimal edir ki, 2004-cü ildən 2006-cı ilədək Federal Daşınmaz Əmlak Kadastr Agentliyinin rəhbəri vəzifəsində çalışması Mişustinə bu məsələdə kömək edə bilərdi.

“Proekt” eyni zamanda həmin əmlakın rəsmi olaraq Mişustinin uşaqlarına aid ola biləcəyini bildirir. Belə ki, əvvəlki bəyannamələrdə onun yetkinlik yaşına çatmayan uşaqlarının adına ev və torpaq sahəsi göstərilirdi. Onların da ümumi sahəsi məlum malikanənin sahəsi ilə ilə üst-üstə düşür.

Qaydaya görə, uşaqların 18 yaşı tamam olandan sonra bəyannamələrdə qeyd olunmalarına ehtiyac yoxdur.

Rusiya mətbuatı yazır ki, Putinin gözlənilməz qərarından sonra Mişustinin hansı klanı və ya Kremldəki hansı qrupu təmsil etdiyinə dair söhbətlər baş qaldırıb:

“Maraqlıdır ki, Mişustini müxtəlif illərdə müxtəlif şəxslərlə əlaqələndiriblər. Onların arasında Fedorovun, Narışkinin, Kudrinin, İqor Seçinin, Gennadi Timçenkonun, Kovalçuk qardaşlarının adları var. Bütün bu soyadlar yeni Baş nazirin tipik bir texnokrat olduğunu göstərir. Mişustin Putinin əsgəridir. O, yeni vəzifəsinə can atmayan, lakin ona həvalə edilmiş vəzifəni layiqincə yerinə yetirəcək bir əsgəridir.

Mişustinin hökumət başçısı təyin edilməsi Putinin varisi məsələsini həll etmədi. Mişustin rəqəmsal iqtisadiyyatda inkişafı təmin etmək, sosial problemləri həll etmək və milli layihələri həyata keçirmək üçün səy göstərən bir texnoloqdur.

Onun siyasi ambisiyalarının olmadığı göz qabağındadır. Bu səbəbdən də 2024 tranziti, çox güman ki, digər hakimiyyət institutları vasitəsi ilə gerçəkləşəcək”.

Hazırladı: Strateq.az