XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 14:02

KƏŞFİYYAT RƏHBƏRLƏRİNİN İLK GÖRÜŞÜ:9 ildən sonra Türkiyə və Suriya prezidentləri bir araya gələcəkmi? - TƏHLİL

Metin Gürcan

“Əl-Monitor”, 18.01.2020

 

Keçən həftə Türkiyənin kəşfiyyat xidməti rəisi, habelə müdafiə və xarici işlər nazirləri Moskvaya gedəndə, gündəmdəki əsas məsələnin Liviyadakı münaqişə olduğu düşünülürdü, amma Rusiyanın “sehrli qutu”sundan sürpriz çıxıb. Moskvanın vasitəçiliyi ilə, Türkiyə və Suriya kəşfiyyat rəhbərləri, 2011-ci ildən, yəni Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlunun Dəməşqdə prezident Bəşər Əsədlə görüşündən bəri, yanvarın 13-ü ilk yüksək səviyyəli Türkiyə-Suriya görüşündə üz-üzə gəliblər. Bu, təxminən 9 illik düşmənçilikdən sonra iki qonşu arasında normallaşma prosesinin qaranquşudurmu?

Başlanğıc üçün, görüşün baş tutduğunu dünyaya bildirmək istəyən Şam idi. Suriyanın rəsmi informasiya agentliyi SANA xəbəri həm ingilis dili, həm də türkcə dərc edib.

Türk versiyasında deyilir: “Milli Təhlükəsizlik Bürosunun rəhbəri general-mayor Əli Məmlükün təmsil etdiyi Suriya tərəfi, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın təmsil etdiyi Türkiyə tərəfini, xüsusilə bölgəni terrorçulardan və ağır silahlardan təmizləmək və Hələb-Latakiya və Hələb-Hama magistral yollarının açılması ilə əlaqədar İdlibə dair 17 sentyabr 2018-ci il tarixli Soçi razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb”.

Suriya tərəfinin İdlibdə Türkiyə tərəfindən idarə olunan silahlı üsyançı qrupların Əsəd qüvvələrinə qoşulmasına dəstək istədiyi deyilir.

Ankaradakı mənbələrdən “əl-Monitor”a verilən məlumata görə, görüş Rusiya prezidenti Vladimir Putinin yanvarın 8-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarında Türkiyə ilə Suriya arasındakı aşağı səviyyəli əlaqələri daha yüksək səviyyəyə qaldırma təklifindən sonra baş verib.

“Əl-Monitor”un əldə etdiyi məlumata görə, Suriya tərəfi Ankaranı Türkiyə qoşunlarının Suriyadan çıxarılması üçün cədvəl hazırlamağa çağırıb. Əvvəlcə İdlibdəki hərbisizləşdirilən zonalardan, əyalətin cənubundakı bölgələrdən başlayaraq, daha sonra isə Afrindən, habelə Cərablus, əl-Ray və əl-Bab arasındakı üçbucaqdan və nəhayət, Suriyanın şimal-şərqindən.

Suriya tərəfi Soçi razılaşmasıyla Rusiya ilə birlikdə Türkiyənin İdlibə dair bu öhdəlikləri yerinə yetirməsini nəzərdə tutub: vilayətdəki üsyançı qrupların ram edilməsi, xüsusən “əl-Qaidə” ilə əlaqəli “Heyət Təhrir əl-Şam”la mübarizə, Hələb-Latakiya və Hələb-Hama avtomobil yollarının açılması. Bura Dəməşqin Ankaradan əsas tələbinin, İdlibin cənubundakı Morek, Maarat əl-Numan, Arima, Sur-surman və Tuqandakı hərbi nöqtələri boşaltmaq da daxildir.

Görüşdə Türkiyənin mövqeyinə gəldikdə, Türkiyə tərəfi aşağıdakı əsas məqamları bildirib:

– Türkiyə Suriyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət və Suriyada hərbi mövcudluğunun müvəqqəti olduğunu etiraf edir.

– ABŞ Fərat çayının şərqindəki hərbi mövcudluğunu artırır və bölgədəki “Kürd Xalqının Müdafiə Qrupları” (YPG) ilə hərbi əməkdaşlığını gücləndirə bilər.

– Önümüzdəki dövrdə Şam və Ankara YPG-yə qarşı birgə strategiya hazırlamalıdır.

– Döyüşlər və sərt qış şərtlərinə görə mülki itkilər artdığı üçün İdlibdə barışıq təcili şəkildə təmin edilməlidir.

– Anlaşılmazlıqların və istənməyən hadisələrin qarşısını almaq üçün iki ölkənin kəşfiyyat xidmətləri arasında genişləndirilmiş əməkdaşlıq və koordinasiya tələb olunur.

– Suriyanın şimal hava məkanının istifadəsi üçün koordinasiya lazımdır.

Ankaranın Əsəd rejiminə qarşı təcavüzü davam etsə də, Dəməşqi düşmən kimi qəbul etmədən təxminən 9 il sonra məlum görüşlə onu həmsöhbət olaraq qəbuletmə yeni bir mərhələnin başlanğıcı sayıla bilər. Kəşfiyyat və təhlükəsizlik rəsmiləri arasında təmaslarla ikitərəfli əlaqələrin yaxşılaşması ehtimalı var. İdlib məsələsi və Türkiyə qoşunlarının çıxarılması ilə yanaşı, Türkiyənin dəstəklədiyi “Suriya Milli Ordusu” və YPG kimi mürəkkəb problemlər də həll olunmasını tələb edir və qarşıdakı dövrdə sərt danışıqların xəbərçisidir.

Normallaşma yolundakı ilk addım Ərdoğan və Əsəd arasında görüşə səbəb ola bilərmi?

Əsəd ötən ilin dekabr ayında verdiyi bir müsahibədə, belə bir görüşün Suriyanın maraqlarına xidmət edəcəyi təqdirdə, Ərdoğanla görüşəcəyini söyləyib.

İki lider arasındakı görüş 2020-ci ildə çətin görünsə də, Türkiyə mediasının dəyişən tonu və Ankaranın siyasi dəhlizlərindəki pıçıltılar hökumətin Suriya ilə yanaşı, Misir və İsraillə əlaqələrin canlanmasını istədiyini göstərir. Hazırda hər üç ölkədə Türkiyə səfirləri yoxdur. Bu diplomatik yırtıqların Türkiyənin Aralıq dənizinin şərqindəki təcridini daha da dərinləşdirməsi barədə geniş yayılmış qiymətləndirmə, nəhayət, Ərdoğanın sarayına çatıb.

Liviya və Suriya məsələlərinin eyni vaxtda Moskvada gündəmə gəlməsi o deməkdir ki, Rusiya Türkiyənin dəstəklədiyi Tripoli hökumətinin əleyhdarı olan Xəlifə Həftər qüvvələrini cilovlamaq səyləri qarşılığında İdlibdə nəzarətin Əsəd qüvvələrinə verilməsini gözləyir. Liviyada da görülən maraqlı nümunədən aydın olur ki, Türkiyənin Yaxın Şərqdəki hərəkətləri Rusiyanın xal yığması ilə nəticələnib. Suriya da istisna deyil.

Ötən ilin oktyabr ayında Türkiyənin Fərat çayının şərqində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatından sonra Ankara və Moskva ABŞ tərəfindən dəstəklənən YPG nəzarətində olan bölgələrin Əsəd rejiminin nəzarətinə keçəcəyinə dair razılığa gəlib. Rejim bu prosesi həyata keçirə bilməyib. Rusiya Pentaqonun Suriyanın şimalında qurduğu bazaları ələ keçirsə də, rejimin YPG ilə sövdələşməsi nəticə verməyib.

Bu vaxt İdlibdə Rusiya tərəfindən dəstəklənən rejim qüvvələri Suriya qiyamının simvolu olan Maarat əl-Numana çatmaq üçün 40-a yaxın şəhərə yerüstü hücumları gücləndirib. Rusiya təyyarələri tərəfindən ağır bombardımalar yüz minlərlə insanı Türkiyə sərhədinə sıxışdırıb və Putin-Ərdoğan sammiti keçən həftə atəşkəslə nəticələnib. Amma İdlibdə hava hücumları və qarşıdurmalar davam edir.

Əlbəttə, Şam və Hələb arasındakı M5 magistral yolundakı əsas şəhər Maarat əl-Numan, Liviya və Şərqi Aralıq dənizində enerji müharibələrinə başlamış Ankara üçün az əhəmiyyət kəsb etmir. Ankara indiyə qədər Moskvanın İdlibdəki gözləntilərini rədd edib, hələ də Morek, əl-Surman və Tell-Tuqandakı mərkəzlərini və yaxınlıqda olan Arima və Maarat əl-Numandakı bazalarını boşaltmaqdan çəkinir.

Amma Türkiyə Həftərin Tripolidə irəliləməsini dayandırma müqabilində İdlibi rejimə təhvil verəcəkmi?

Cavab, deyəsən, çox gözlənməyəcək. Hər halda, Ankara getdikcə Suriyanın şimalındakı ərazi iddialarından imtina etməyə, YPG-nin və ABŞ-la hərbi əməkdaşlığın qarşısını almaq üçün Dəməşqin dəstəyini istəməyə çalışır.

İdlibin cənubundakı 5 forpost Ankara və Dəməşq arasında qol güləşidir. Türk qoşunlarının mövcudluğu Ankaranın hələ də daha güclü bir ələ sahib olduğunu göstərir və qoşunlar çıxarsa, bu, Şamın qol güləşində qələbəsi deməkdir.

Tərcümə: Strateq.az