XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 17:12

TÜRKİYƏ “QARA QİTƏ”YƏ BU DƏFƏ ƏLCƏZAİRDƏN YOL AÇIR –Ərdoğanın Afrika səfəri Ankaraya nə vəd edir? - TƏHLİL

Yasin Aktay

“Yeni Şafak”, Türkiyə, 27 yanvar 2020-ci il

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Əlcəzairdəki təmaslarını tamalayıb Qambiyaya doğru hərəkət edəcək. O, Qambiyadan sonra Seneqala keçməklə, Afrika səyahətlərində bir növ qayda halına gətirdiyi, ən azı, üç ölkəyə səfər etmək davranışını davam etdirmiş olacaq.

Son dəfəki – iki il öncə mart ayındakı səyahətində də Əlcəzair və Seneqalla bərabər, Mali və Mavritaniyanı da ziyarət etmişdi. İndi isə səfər marşurutunda Mavritaniya və Mali yerinə, ilk dəfə ziyarət edəcəyi, hətta Türkiyənin ilk dəfə prezident səviyyəsində ziyarət gerçəkləşdirəcəyi Qambiya vardır.

Prezident getdiyi hər bir ölkədə iş forumunda çıxış edərək, ortaya ikitərəfli iqtisadi əlaqələri daha yaxşı bir nöqtəyə gətirəcək baxış və motivasiya qoyur.

Bu açılımın sadəcə Türkiyəyə təktərəfli faydalar gətirməsi əsla nəzərdə tutulmur. Əksinə, əlaqələrin daha irəli nöqtələrə daşınaraq davam etdirilə bilməsi üçün ikitərəfli qazancın olması lazımdır. Xarici İqtisadi Əlaqələr Qurumunun (XİƏQ) keçirdiyi iş forumlarının mesajı da bu olur. Afrikaya göstərdiyi maraq baxımından, Türkiyəni həm keçmişdə, həm də bu gün başqalarından fərqləndirən məhz budur. Türkiyənin hər hansı bir ölkə ilə qurduğu əlaqə mütləq həmin ölkəyə də qazanc gətirir.

Səfərin Əlcəzair qismi xüsusilə bu ölkənin ağırlığı, Türkiyə ilə olan ticarət mübadiləsinin həcmi və içindən keçməkdə olduğu dəyişikliklər baxımından çox önəmlidir.

Məlum olduğu kimi, 1999-cu ildən bəri bu ölkəni idarə edən sabiq Prezident Buteflikanın 5-ci dəfə namizəd olacağını açıqlaması ilə başlayan və aylarla davam edən etiraz hərəkatları seçkilərin təxirə salınması və Buteflikanın geri addım ataraq namizədlikdən vaz keçməsilə nəticələnmişdi. Təxirə salınan seçkilər bir müddət öncə keçirildi və Əbdülməcid Tebbun səslərin 58%-ni alaraq ilk turda Prezident seçildi.

Tebbunu keçmiş rejimin təmsilçisi olaraq gördükləri üçün etiraz hərəkatlarının bir qismi hələ davam etsə də, nəticədə bir seçki olmuş və indi Əlcəzairdə önəmli sayda səslə seçilmiş bir prezident vardır. Keçmiş idarəçilər təbəqəsilə əlaqələri yaxşı olsa da, bu, cəmiyyətdə uzlaşmanın əldə olunması üçün önəmli bir fürsətdir. Cəmiyyətin müxtəlif kəsimlərinin tələbləri tamamilə gözardı edilmədən, kimsə siyasi sahədən kənara itələnmədən sərbəst bir siyasi mühit formalaşıbsa, bu, ələlxüsus bu günün müsəlman ərəb ölkələri üçün böyük bir nailiyyətdir.

Təəssüf ki, bir çox islam ölkəsi bu minimal uzlaşma mühitindən, hətta ifadə azadlığı və siyasi sistemdə iştirak mühitindən belə, çox məhrum durumdadır. Əlcəzair bu baxımdan, siyasi inkişaf prosesini önəmli yetkinliklə davam etdirən bir ölkədir. Bu yetkinliyin keçmişdə yaşanan acı təcrübələrdən çıxarılan dərslərlə çox əlaqəli olduğu da söylənə bilər.

Həqiqətən, siyasi uzlaşma problemlərinin zorakılıqla müşayət olunan münaqişəyə və ya siyasi mühiti tamamilə ortadan qaldıran bir çevrilişə getməsi qaçınılmalı olan ən önəmli şeydir. Təbii, bundan qaçınmaq yönündə göstərilən həssaslığı zəiflik bilib ayrı bir avtoritarlıq nümunəsi göstərmək fürsətçiliyi də ola bilər.

Kim nə deyirsə desin, hazırda Əlcəzair demokratikləşmə və milliləşmə yolunda önəmli bir mərhələ qət etmiş durumdadır. Münaqişə edən tərəflər arasında, əlbəttə, bir tərəfin dediyi hər bir şey olmalı deyildir. Önəmli olan tərəflərin yox sayılmaması və müəyyən bir uzlaşmanın olmasıdır. Prezident Tebbunun bu uzlaşma və siyasi iştirak səviyyəsini artırmaq üçün ümumi əfv və siyasi tədbirlər görmək hazırlığı içində olması haqqında gələn xəbərlər ümidvericidir.

Prezident Ərdoğan Əlcəzairdə gedən bu prosesləri yaxından izləmiş, Əlcəzair xalqının iradəsini böyük hörmət və təqdirlə qarşılamış, seçildiyi elan edildikdən sonra zəng edərək Tebbunu ilk təbrik  edən dövlət başçısı olmuşdur.

Şimali Afrikada Əlcəzair geopolitik mövqeyi, maddi və mənəvi zənginliyilə çox önəmli potensialı olan bir ölkədir. Neft ehtiyatlarına görə, Liviya və Nigeriyadan sonra, Afrikanın ən zəngin 3-cü ölkəsi, qaz ehtiyatlarına görə isə, Nigeriyadan sonra, ən böyük qaz ehtiyatlarına sahib olan 2-ci ölkəsidir. Coğrafi baxımdan, Türkiyədən 3 qat böyük olmasına rəğmən, Türkiyə əhalisinin yarısı qədər (42 milyon) əhalisi vardır.

Təbii, sahib olduğu ən önəmli zənginliyi bu deyildir. Çox gənc əhaliyə sahibdir və bu, əslində, yaxşı idarə edildiyi təqdirdə, Əlcəzair üçün çox böyük qaynaqdır. Belə bir gənc əhaliyə sadəcə ucuz işçi qüvvəsi kimi baxmaq işin ən asan tərəfidir. Halbuki bu gənc əhali yaxşı təhsil sisteminin qurulması üçün də çox böyük bir fürsətdir. Bu durum Türkiyə ilə Əlcəzair arasında təhsil sahəsində çox önəmli əməkdaşlığın dəyərləndirilməsi üçün də üfüqlər açır.

Əlcəzair xalqı müstəmləkəçiliyə qarşı göstərdiyi əsil müqavimət hərəkatı ilə öz kimliyini, xarakterini qorumanın ən müstəsna örnəyini ortaya qoymuş bir xalqdır.

Dövlətin belə bir xalqı yanına alaraq, daha doğru desək, belə bir xalqın yanında duraraq öhdəsindən gələ bilməyəcəyi hər hansı bir çətinlik yoxdur.

Təbii, Ərdoğanın Əlcəzair səfərinin gündəliyində, əlbəttə, Liviya məsələsi də vardır. Ən azı, bu qədərini söyləyək: Liviya məsələsinin bu hala gəlməsində Əlcəzairin uzun müddət ərzində öz daxili problemlərilə məşğul olmasının təsiri çox böyükdür.

Əks təqdirdə, Əlcəzair uzun məsafədə həmsərhəd olduğu bir ölkənin bu şəkildə işğal edilməsinə və uzaqdan vəkalətlə idarə edilməsinə dözməzdi.

Aradakı boşluqdan faydalanıb Liviyanı işğal etməyə çalışanlar bundan sonra səhnəyə Türkiyə qədər Əlcəzairin də dönmüş olduğunu hesaba qatmağa məcburdurlar.

Tərcümə Strateq.az-ındır