XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 16:51

Manatı nələr gözləyir? – Ekspertlərin təhlili

manat.jpg

Dünya bazarlarında neftin qiymətlərinin sabitləşməsi Azərbaycan Mərkəzi Bankına (AMB) manatın gələcək devalvasiyasını dayandırmağa imkan verəcək. “Saxo Bank”ın valyuta strategiyaları şöbəsinin rəhbəri Con C. Hardi (Cohn C. Hardy) belə hesab edir.
Fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/1 dollara qarşı 33,5% – 1,05 manat/1 dolara qədər ucuzlaşıb. “Mənim fikrimcə, əgər neftin qiymətləri sabitləşsə, Azərbaycan Mərkəzi Bankı neftin qiymətlərinə miqyaslı şəkildə yenidən baxılmasının cari konteksti nəzərə alınmaqla, valyutanın dəyərini təkrar gözdən keçirməməyə üstünlük verəcək. Manatın məzənnəsinin təkrar nəzərdən keçirilməsi üzrə gələcək fəaliyyət etimadı sarsıda və aktivləri denominasiya olunmuş manatda saxlamaq istəyini məhdudlaşdıra bilər”,- deyə C.Hardi bildirib.
Onun sözlərinə görə, manatın devalvasiyası iqtisadiyyatın, o cümlədən bank sektorunun dollarlaşmasının güclənməsinə gətirib çıxardı. “Başa düşmək lazımdır ki, bazarda baş verənlərdən sonra vəsaitlərin manatla deyil, ABŞ dollarında saxlanmasına üstünlük veriləcək. Bu tendensiya enerji daşıyıcılarının qiymətlərinin əlavə təzyiq altına düşməsi ilə daha aydın nəzərə çarpacaq”, – deyə, o, əlavə edib.
C.Hardi reytinq agentliklərinin manatın devalvasiyası ilə bağlı reaksiyasını izləməyi vacib hesab edir:
“Iqtisadi artıma gəlincə, manatın devalvasiyası Azərbaycanın əsas ixrac vahidinin – xam neftin devalvasiyasını əks etdirdi və məhz bu, milli valyutanın qiymətdən düşməsi ilə müqayisədə ölkədə iqtisadi artıma daha çox təsir göstərəcək” (Interfaks-Azərbaycan).
Bu arada yayılan maraqlı bir məlumat diqqət çəkir. Azərbaycanda fəaliyyət göstərən 45 kommersiya bankından 40-ı 2015-cü ilin yanvar ayını mənfəətlə, 5-i isə ziyanla başa vurub.
Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Xatırladaq ki, 2014-cü ilin yekunlarına görə, zərərlə işləyən bankların sayı 8 idi.
Ay ərzində bankların mənfəəti 70,94 milyon manat, zərəri isə 4,04 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 66,9 milyon manat təşkil edib.
Statistikaya əsasən, 40 bankın hər birinin qazancı orta hesabla 1,77 milyon manat olduğu halda, qalan 5 bank orta hesabla 0,81 milyon manat itki ilə üzləşib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə, 1 banka düşən orta mənfəət isə 0,4 milyon manat, 1 bank üzrə orta ziyan isə 0,24 milyon manat artıb.
Halbuki AMB-nin fevraldakı devalvasiya qərarından öncə artıq banklarda böhranlı durum yaranmışdı. Bir çox vətəndaşlarımızın banklarda olan vəsaitlərini geri çəkməsi artıq təhlükəli anın çatdığına işarə idi.
Bundan başqa onu da nəzərə almaq lazımdır ki, manatın devalvasiyasından sonra Azərbaycan bankları xarici banklardan kredit almaq üçün növbəyə düzülüb. Bu barədə “Global Capital” yazır. Xəbərdə bildirilir ki, hazırda bir neçə Azərbaycan bankı xaricdən borc almaq üçün iri kreditorlarla danışıqlara başlayıb.
“2-ci devalvasiya zamanı manat daha 20 faiz enə bilər”
Iqtisadçı Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bank devalvasiyaya gedən zaman da ekspertlər bəyan edirdi ki, manatın kursu neftin qiymətindən asılı olacaq. Əgər neftin qiyməti düşməyə davam edərsə, bu manatın kursuna da öz mənfi təsirini göstərəcək:
“Fikrimcə, neft 70 dollar həddini keçərsə, manatın ucuzlaşması baş verməyəcək. Əksinə bu zaman manat bir qədər bahalaşa bilər. Yox, əgər neft 30-40 dollara qədər ucuzlaşarsa, bu halda mən ikinci devalvasiyanı istisna etmirəm. Hesablamalara görə, ikinci devalvasiya zamanı manatın dəyəri 15-20 faiz enə bilər. Neftin qiyməti indiki səviyyədə qalarsa, o zaman ilin sonuna qədər manatın ucuzlaşması baş verəcəkdir. Bü zaman il ərzində hiss olunmayacaq dərəcədə manat 10 faiz ucuzlaşacaq. Mərkəzi Bank yumuşaq devalvasiyanı davam etdirəcək”.
Bankların yanvarda mənfəətlə işlədiyilə bağlı yayılan informasiyaya gəlincə isə S.Əliyev bildirdi ki, yalnız yanvar ayında baş verənlər əsasında bank sektoru ilə bağlı real qiyməti çıxara bilmərik: “Bu məlumata aydınlıq gətirərkən bankların bir qədər sərt tədbirlər görməsi də nəzərə alınmalıdır. Artıq banklar manatla kredit vermirlər. Bankların mənfəətlə işləməsi barədə yayılan məlumat ümumilikdə düz olsa da, bu bütün banklara şamil edilmir”.
Yerli bankların xarici kreditorlara müraciət etməsinə gəlincə isə S.Əliyev bildirdi ki, yeni kursla Azərbaycan banklarının 6 milyarddan çox xarici borcu var. “Bu borc getdikcə daha da artır. Bu borcun qaytarılmasında artıq problem yaranacaqdır. Yəni devalvasiya nəticəsində bankların 30 faiz ziyana düşüb. Təkcə manatın məzənnəsinin düşməsinə görə banklar xarici borcalamaya görə bir milyarddan artıq vəsait ödəməli olacaqlar”.