XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 12:19

“Brexit” tamaşasının sonu:İNGİLTƏRƏ RƏSMİ OLARAQ AVROPA İTTİFAQINI TƏRK ETDİ

Ceyms Braunsell

“Əl-Cəzirə”, 01.02.2020

 

Təmsilçiliklərin sırasındakı bayraq endirildi, gerisayım dayandı. İngiltərə artıq Avropa İttifaqının üzv deyil.

47 üzv arasında ölkənin təmsilçiliyi rəsmi olaraq saat 23:00-da (Brüssel vaxtı ilə gecə yarısı) bitdi.

Britaniya cəmiyyətində dərin mübahisələrə məruz qaldıqdan 3 il yarım sonra.

İngiltərənin baş naziri Boris Conson komandası ilə birlikdə bu anı Dauninq Stritdəki ofisində köpüklü şərab və ingilis kulinariya bişintiləri ilə qeyd edib.

Saat son saniyələri vurduqda, minlərlə “Brexititor” parlamentin qarşısında və qrupların çevrəsində Aİ bayraqlarını yandırıb.

“Brexit” əleyhinə təbliğatçılar isə İrlandiya sərhədi boyunca bir neçə etiraz aksiyası keçiriblər.

Britaniya ilə Aİ arasındakı razılaşmanın şərtlərinə görə, İngiltərə artıq 2020-ci ilin sonuna qədər keçid dövrünə girir, yəni London münasibətlər bitdikdə belə, Aİ-nin əksər qanunlarına əməl edəcək.

İndi Conson Aİ – dünyanın ən böyük ticarət bloku ilə ticarət razılaşmasına nail olmalıdır. 11 ay ərzində. Bir çox mütəxəssis bu vəzifənin yaxın 5 ildə çətin olacağını düşünür.

Referendumdan bəri Avropa və anti-Avropa tərəfdarları arasındakı etiraz nümayişləri və toqquşmalarda çirkin mənzərələr, habelə qəzetlərdə və parlamentdə tikanlı ritorikalar və Şimali İrlandiyanın yarımhərbi dövrə qaytarılması qorxuları müşahidə olunub.

 

Bu hələ son deyil

Ancaq Cümə günü rəsmi çıxışla xaosun sona çatacağını düşünənlər məyus ola bilərlər.

Birmingem Universitetinin beynəlxalq siyasət üzrə professoru Skott Lukas deyib: “Biz bu prosesin heç yarısına çatmamışıq. Biz yalnız Avropa İttifaqı ilə hələ indi iqtisadi əlaqələr, Şimali İrlandiyanın statusu, sənaye, kənd təsərrüfatı, bankçılıq və maliyyə ilə bağlı sərt danışıqlar prosesinə başlayırıq”.

Lukas əlavə edib: “Hətta britaniyalıların Avropada tibbi sığortaya sahib olacağı həll edilməyib. Yaxud burada yaşayan Aİ vətəndaşları və Avropada yaşayan Böyük Britaniya vətəndaşlarının hüquqları bilinmir”.

İngiltərə Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin direktoru Devid Heniq baş nazir Consonun qarşısında çətin bir vəzifə olduğunu qəbul edir. “Böyük Britaniya hökuməti, Aİ-yə üzv olmaq istəmədiyi şeyə qərar vermək üçün 4 ilə yaxın vaxt sərf edərək, Aİ və ABŞ-la ticarət sövdələşməsi şəklində indi özlərinə nə istədiklərini qərar vermək üçün 1 ildən az vaxt ayırıb. Xüsusilə belə qısa bir müddətdə bu, böyük bir problemdir”.

 

“Möhtəşəm ümid anı”

Consonun özü isə TV-dəki çıxışında İngiltərənin Aİ-dən çıxmasını “möhtəşəm ümid anı” adlandıraraq kədərli görkəm alıb. “Bu, böyük milli dramaturgiyamızda şəfəq çağı və pərdənin qalxması kimi yeni bir aktın təcəssümüdür”.

O əlavə edib: “Əlbəttə, bunun düzgün, sağlam və demokratik bir şey olduğunu düşünürəm. Çünki bütün güclü tərəfləri və heyranedici keyfiyyətləri üçün Aİ 50 il ərzində artıq bu ölkəyə yaraşmayan bir istiqamətdə inkişaf edib”.

Baş nazir “Aİ və enerjili Britaniya arasında dostluq əməkdaşlığının yeni bir dövrü” çağırışı səsləndirib.

“Bu ölkənin sərbəstlik intizarında olan potensiala baxdıqda, bilirəm ki, bu fürsəti heyrətamiz bir müvəffəqliyə çevirə bilərik. Qarşıdakı yolda baş verən maneələr nə olursa-olsun, öhdəsindən gələ biləcəyik”.

 

“Boris Conson – Brekzit sahibi”

“Brexit” iki baş nazirin vəzifədən getməsinə səbəb olub.

David Kameron əks-düşərgənin qələbəsindən sonra istefa verib. Onun xələfi Tereza Mey sonradan hər tərəfdən tənqidə məruz qalıb, onun rəhbərliyinin Brüssel ilə əldə edilən geri çəkilmə razılaşması ya “Aİ ilə əlaqələri kəsmək üçün kifayət qədər deyil”, ya da “İngiltərənin maraqlarını qorumur”, – deyə etiraz doğurub.

Conson səlahiyyət müddətinin ilk bir neçə ayında parlamentə qarşı mübarizə aparmaq məcburiyyətində qalıb. Daha sonra, ötən ilin dekabrında “Brexit” şüarı altında seçki qələbəsini qazanıb.

Redinq Universitetinin beynəlxalq siyasət şöbəsinin müdiri Mark Şanahan prosesi Consonun “son çağırışı” adlandırıb. “Bu gecə Böyük Britaniya naməlum yöndə səyahətə çıxır. Xudbin, nostaljik millətçi və nikbinlik qarışı ilə biz aydın nəticə bilmədən yol gedirik. Son 11 ay ərzində Böyük Britaniya eyni qaydaların hamısına tabe olmaqla, Aİ-də səs vermə və veto hüququ olmadan qalacaq”.

Böyük Britaniya, iş yerlərini qorumaq, daxili sərmayə və dövlət xidmətlərini artırmaqla, ABŞ və Aİ ilə azad ticarət sazişinin qəbul edilməsini istəyir.

“Bu mümkündürmü? Bəli. Yəni ehtimal var? Xeyr. Britaniya nəsə vermək məcburiyyətində qalacaq və çoxlu kompromislər olacaq. Nikbinlik kifayət etməyəcək. Böyük Britaniya Birləşmiş İrlandiya və müstəqil Şotlandiya ümidi ilə parçalanacaq. Boris Conson yalnız “Brexit”-ə sahibdir. Yeni şəfəq yeni problemini təqdim edir”.

Tərcümə: Strateq.az