XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 22:07

MİLYARDLIQ MÜLKLƏR, MƏNZİLLƏR, TORPAQ SAHƏLƏRİ…- Rusiya Dövlət Teleradio Şirkəti rəhbərinin və "Rostex" sədrinin gizli varidatı

Rusiya Dövlət Teleradio Şirkətinin rəhbəri Oleq Dobrodeyevin ailəsi Rublyovo-Uspenski şossesində və Moskva ətrafında ümumi dəyəri 1,7 milyard rubl olan iki torpaq sahəsinə sahibdir.

Bu barədə “Proekt” nəşrinin araşdırmasında bildirilir.

İki torpaq sahəsindən ən böyüyü Dobrodeyevin həyat yoldaşı Marinaya məxsusdur. Xanım Dobrodeyevanın adına qeydiyyatda bir hektardan çox torpaq sahəsi və “Balaton” qəsəbəsində təxminən 2 min kvadratmetrlik sahəsi olan malikanə var. Həmin ərazidə bu tip evlərin qiyməti 830 milyon rubldur.

“Balaton”da Dobrodeyevin həyat yoldaşının əmlakı

Ətrafı şam meşəsi ilə əhatə olunan “Balaton”da cəmi 22 malikanə var. “Sakitlik və təbiətlə harmoniyanı qiymətləndirən uğurlu və işgüzar insanların layiqli seçimi”, – deyə qəsəbənin reklamında qeyd olunub.

Oleq Dobrodeyevin oğlu, “Mail.ru Group”un direktoru Boris Dobrodeyevin də həyat yoldaşı ilə birlikdə “Jukovka 21” kəndində təxminən 865 milyon rubl dəyərində qiymətləndirilən 60 sotluq torpaq sahəsi var. Cütlük bu torpaq sahəsini 2014-cü ildə Aleksandr Ksencuk adlı şəxsdən alıb.

Oleq Dobrodeyev

Araşdırma müəllifi qeyd edir ki, Oleq Dobrodeyevin təxminən 20 ildir rəhbərlik etdiyi dövlət media holdinqi son illərdə ciddi itkilərə məruz qalıb. 2018-ci ildə şirkətin itkisi 25 milyard rubla çatıb. Üstəlik şirkət rəhbərinin gəlirləri ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Proekt” Rublyovo-Uspenskidə “Rostex” (Yüksək texnoloji sənaye məhsullarının inkişafının, istehsalının və ixracının təşviqi üzrə Dövlət Korporasiyası) rəhbəri Sergey Çemezovun da yaxınlarına məxsus bahalı əmlaklar tapıb.

Bu məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar əsasında üzə çıxıb.

Sergey Çemezov

Çemezovanın 74 yaşlı qayınanası Lyudmila Rukavişnikova 2014-cü ildən Razdorı kəndində 8 hektarlıq sahəyə sahibdir. Peyk görüntülərinə görə bu ərazidə bir ev hələ də tikilməkdədir. Çemezovun qayınanasının qonşuları arasında maliyyə naziri Anton Siluanov, müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov və digər yüksək vəzifəli şəxslər var.

Rukavişnikovaya məxsus torpaq sahəsinin dəyəri təxminən 3 milyard rubldur. Qadının özünün şəxsi biznesi var. Lakin bu biznes az gəlirlidir və məlum əmlaka sahib olmağa imkan vermir.

Çemezovun ikinci həyat yoldaşı olan Yekaterina İqnatova (Rukavişnikovanın qızı) Rublyovo-Uspenski şossesindəki “Jukovka-2” kəndində 47 hektar əraziyə sahibdir. Bu ərazinin dəyəri təxminən 233 milyon rubldur.

Lyudmila Rukavişnikovaya məxsus torpaq sahəsi

İqnatova anası kimi, bizneslə məşğuldur. “Forbes”in məlumatına görə, ötən il “Rostex” rəhbərinin həyat yoldaşının sərvəti 180 milyon dollar olaraq qiymətləndirilib. Jurnalın verdiyi məlumata görə, 2019-cu ildə İqnatova “Rusiyanın ən zəngin 25 qadını” siyahısında yer alıb.

Çemezovun oğlu, 35 yaşlı Alexandr “Jukovka-3” kəndində 29 sotluq torpaq sahəsinə, 690 kvadratmetrlik evə sahibdir. Həmin ərazidə oxşar əmlak 440 milyon rubla satılır.

“Rostex” rəhbərinin oğlu həm də “ZOO Beer & Grill” restoranının sahiblərindən biridir. Əvvəllər onun “KamAZ”ın rəhbəri Sergey Koqoginlə ortaq biznesi olub.

Rublyovkada eyni zamanda Çemezovun birinci həyat yoldaşı Lyubovun da əmlakı var. Onun “Jukovka-3″də 78 sotluq torpaq sahəsi (təxminən 250 milyon rublluq) və təxminən 580 kvadratmetrlik bir evi var.

Rublyovo-Uspenski şossesi

Bundan əvvəl “Open Media” “Rostex” rəhbəri Sergey Çemezovun 5 milyard rubl dəyərində bir mənzilə sahib olduğunu açıqlamışdı. Mənzil “Moskva” otelinin yerində – “Oxotnıy Ryad” küçəsindəki binada yerləşir. Çemezov və həyat yoldaşı həmin binanın 12 və 13-cü mərtəbələrində, ümumi sahəsi 1434 kvadratmetr olan mənzillərə sahibdirlər.

Açıq mənbələrdən alınan məlumata görə, bu binadakı mənzillərdən bir kvadratmetri 3,5 milyon rubldur. Beləliklə, Çemezovun mənzilinin dəyəri ən azı 5 milyard rubldur.

Sonradan RBC-ya verdiyi müsahibədə Çemezov həyat yoldaşının “Oxotnıy Ryad”da mənzilinin olduğunu təsdiqləmişdi. Lakin “Rostex” rəhbəri qeyd etmişdi ki, bu mənzil 5 milyard rubl dəyərində deyil: “Künc-bucaqda pul yığmıram. Mənim yaxtalarım və təyyarələrim yoxdur. Ailəmizlə birlikdə yaşadığımız gözəl, böyük bir ev var. Saraylar tikmək fikrində deyiləm və buna ehtiyac da yoxdur. Sahib olduqlarım mənə kifayətdir “.

Tərcümə Strateq.az-ındır