XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 12:12

İDLİB DÜYÜNÜ:türk əsgərlərinin öldürülməsi Türkiyə-Rusiya əlaqələrinə zərər verə bilərmi?

Endrü Uilks

“Əl-Cəzirə”, 05.02.2020

 

Keçən ilin aprel ayından bəri Suriya hökumət qüvvələri İdlib əyalətinin şimal-qərbindəki son üsyançı qalasını geri almaq üçün hərbi kampaniya aparır. Mindən çox mülki şəxs həlak olub, bir o qədər insan məcburi köçkün vəziyyətinə düşüb.

Bazar ertəsi, sübh saatlarda prezident Bəşər Əsədə sadiq qüvvələr 8 türk hərbi və mülki şəxsi qətlə yetirəndə, hücum kəskin və potensial böhranlı bir dönüş alıb.

Sabancı Universitetinin İstanbul Siyasət Mərkəzinin baş elmi işçisi Əhməd Evin bildirib: “Hücum başlayandan bəri biz rejim qüvvələrinin inadını, Türkiyənin şikayət etdiyini və Rusiyanın hücumları yavaşlatmağa müdaxiləsini görürürk. Sonra proses yenidən sürət yığır. Bu dəfə nəticə fərqli ola bilər, çünki türk əsgərlərinin ölümü riski xeyli artırır”.

Eskalasiya Moskva ilə Ankara arasındakı münasibətlərə xələl gətirəcəyi ilə hədələyir. Suriya və Liviyadakı qarşıdurmalarda əks tərəfləri dəstəkləsə də, iki ölkə son illərdə artan enerji, müdafiə və ticarət əlaqələri ilə daha da yaxınlaşıb.

Türk əsgərlərinin ölümü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri ərəfəsində Suriyada siyasi həll yolu tapmağa çalışan Rusiyaya 2017-ci ilin Astana razılaşmasına əməl etmə çağırışları ilə müşayiət olunub. Bununla yanaşı, İdlib vilayətində bir sıra “hərbisizləşdirilən zonalar”ın təhlükəsizliyi vurğulanıb.

Son inkişaflardan əvvəl Ərdoğan Suriya hökumətinin irəliləyişinin “Astana prosesinə müvafiq olmadığını” ifadə edib.

Yaxın Şərq üzrə ekspert və Rusiyanın xarici siyasət üzrə təhlilçisi Aleksey Xlebnikov bildirib ki, Ərdoğan Kremlin Əsəd üzərində nəzarətini düzgün qiymətləndirmir: “Rusiya Əsədi heç nəyə məcbur edə bilməz. Moskva əvvəllər də Dəməşqlə çox ciddi çətinliklər yaşayıb və mən Moskvanın Dəməşqi tam nəzarətdə saxladığını görmürəm”.

Xlebnikov əlavə edib ki, Ankara Türkiyənin dəstəklədiyi “mülayim” döyüşçüləri radikallardan ayırmaq və ya Rusiya aviabazasına hücumların qarşısını almaq kimi Astana razılaşması tələblərinə əməl etməyib.

 

Dərin bağlar

Ankaradakı politoloq və tədqiqatçı Əli Bəkir Türkiyə-Rusiya münasibətlərindəki aydın qırılmalara baxmayaraq, əməkdaşlığın dərin olduğunu söyləyib: “Türkiyə ilə Rusiya arasında dərin əlaqələr və bir çox səviyyələrdə ortaq maraqlar var. Bu əlaqələr arasında keçən ay açılan qaz kəməri və Türkiyənin NATO müttəfiqləri arasında narahatlığa səbəb olan hava hücumundan müdafiə müqaviləsi xüsusi qeyd olunmalıdır”.

Xüsusilə, Ərdoğan və Putin arasında görüşlərdə bir-birini “əziz dost” adlandırmaları yaxşı şəxsi münasibətləri vurğulayır. İki ölkənin son eskalasiyadan yaranan ziyanı düzəltmək üçün çalışdıqlarına işarə Çərşənbə axşamı baş tutan telefon söhbətidir.

Ərdoğan Putinə deyib ki, türk hərbi personalına edilən hücum ortaq sülh səylərinə zərər verir və bənzər bir hücum halında, Türkiyənin özünü müdafiə edəcək.

Kreml liderləri Suriyadakı hərəkətlərinin koordinasiyasını yaxşılaşdırmaq üçün dərhal tədbirlər görməyə razı olduğunu söyləyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bazar ertəsi günü rusiyalı vəzifədaşı Sergey Lavrovla danışıb. Ertəsi gün Çavuşoğlu Ankaradakı bir yığıncaqda Astana prosesinin davam etdiyini, amma Soçi razılaşmasının “ziyan gördü”yünü deyib.

O əlavə edib: “Biz davamlı atəşkəs və Konstitusiya komissiyası ilə birlikdə ən qısa müddətdə siyasi prosesə sürət vermək istəyirik. Ancaq hücumlara dözməyəcəyik”.

 

Regional əməkdaşlıq

Ötən ilin oktyabr ayında Türkiyənin kürd qüvvələrinə qarşı əməliyyatının Rusiya vasitəçiliyi ilə sona çatmasından sonra Türkiyə və Rusiya əməkdaşlığının uğursuz olduğu görünür. NTV telekanalının verdiyi məlumata görə, Bazar ertəsi günü sərhəd bölgəsindəki türk-rus ortaq patrulu ləğv edilib.

Xlebnikov deyib: “Bu iki məsələ paraleldir. İdlib və Suriyanın şimal-şərq arasında Türkiyə ilə Suriya arasında bəzi sövdələşmələr ola bilər. Sonuncu məsələ Türkiyə üçün daha vacibdir”.

İdlib – keçmiş “əl-Qaidə”çi “Heyət Təhrir əl-Şam”ın hakim olduğu müxalif qüvvələrin hökumətə qarşı son mövqeyidir. Əsəd əleyhinə döyüşçülər arasında Türkiyənin dəstəklədiyi qruplar var.

Keçən il Rusiya ilə əldə edilmiş razılığa əsasən, Türkiyənin İdlib ətrafında 12 hərbi müşahidə məntəqəsi var, onlardan bəziləri Əsəd qoşunları tərəfindən mühasirəyə alınıb.

Ölüm halları həftəsonu Türkiyənin əlavə qoşun yeritdiyi strateji M4 və M5 magistral yollarının qovşağında yerləşən Saraqib şəhəri yaxınlığında baş verib.

Türkiyə Suriya mövqelərinə əks-hücumla 13 suriyalının ölümünə səbəb olub. Amma Suriya hökuməti itki barədə məlumat verməyib.

Ankaranın dəstəklədiyi üsyançı qrupları qorumaqla yanaşı, Ərdoğanın sözlərinə görə, Türkiyə sərhədinə doğru qaçan yüz minlərlə mülki vətəndaşa görə narahatdır.

Hazırda Türkiyədə təxminən 3,6 milyon suriyalı yaşayır və belə böyük bir qaçqın cəmiyyətinin olması mübahisəli daxili siyasi məsələyə çevrilib.

Analitik Kamal Aləm bildirib: “İdlibin süqutunun qaçılmaz nəticəsi Ərdoğanın daxili problemlərinə səbəb olacaq və yeni qaçqın dalğası doğuracaq”.

Suriya İnsan Haqları Rəsədxanasının məlumatına görə, rejim qoşunları İdlib şəhərinə tərəf irəlilədiyi zaman Rusiya təyyarələri hədəfləri bombaladığı üçün dinc sakinlər evlərini tərk edib.

İngiltərədəki Müharibəni İzləmə Qrupu onların əksəriyyətinin Türkiyə sərhəddinə və ya Suriyanın Hələb vilayətinin türk nəzarətində olan hissələrinə qaçdığını, digərlərinin isə qaçaqmalçıların köməyi ilə Türkiyə ərazisinə keçməyə çalışdıqlarını bildirib.

Tərcümə: Strateq.az