XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

09 Fevral 2020 - 11:02

ERMƏNİSTANDA RUSİYAYÖNÜMLÜ YENİ PARTİYA YARADILDI –Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Paşinyana rəqib olacaq - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 08 fevral 2020-ci il

 

Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq rəisi Artur Vanesyan partiya yaratdığını bəyan edib. Bu da, ən azı, formal mənada, hakimiyyətə iddia etmək deməkdir.

Vanesyan bəyan edib ki, ideoloji nöqteyi-nəzərdən, sağ mərkəzçi qüvvə formalaşdırır.

Əlbəttə, hazırda Ermənistanın siyasi meydanında ideyalılıq “elektromobil” kimi bir şeydir, yəni o mövcuddur, lakin praktiki olaraq qayda deyil, daha çox istisna təşkil edir. Bu mənada, MTX-nin sabiq rəisinin partiyasının siyasi istiqamətinin Rusiyayönümlü olacağını demək daha əsaslı olacaqdır.

Onun Çeçenistanın sədri Kadırovla birgə Ermənistan məsələsilə bağlı “Ermənistan üçün proqramlar” təşəbbüsü ilə çıxış etməsi haqqında verdiyi bəyanat da bunu təsdiqləyir. O, hələlik hansı proqramlardan bəhs edildiyi haqqında detallı məlumat verməyib.

Sabiq MTX rəisinin partiyası, faktiki, inqilabdan sonra yaradılmış, ortaya yeni siyasi durumda rol oynamağa iddia qoymuş növbəti struktur olacaq.

Bununla əlaqədar, sabiq MTX rəisinin siyasətə gəlməsinin, şübhəsiz, arzuolunmaz olduğu haqqında çoxlu söhbətlər gedir. Belə ki, o, öz əvvəlki xidməti vəzifəsinə görə, gizli informasiyalara malikdir və onlardan siyasi rəqiblərinə qarşı istifadə edə bilər.

Digər tərəfdən, burada məsələyə, əlbəttə, ən azı, o aspektdə bir şərtlə yanaşmaq lazımdır ki, əgər siyasi meydanda hər hansı bir, gizli informasiya nöqteyi-nəzərincə, həssas olan qüvvələr varsa, artıq sabiq MTX rəisinin siyasət daxilində və ya xaricində olması ciddi əhəmiyyət kəsb etmir.

Nəhayət, təhlükəsizlik baxımından belə açığın olması bütün sahə və meydanlar üçün də həssaslıq yaradır. Bu səbəblə, inqilabın məqsədlərindən biri də o olmalıdır ki, bölgəyə həssaslığı, zəif yerləri haqqında nə sabiq, nə də indiki MTX rəisində, ümumiyyətlə, heç kimdə informasiya olmayan adamlar girsinlər. Onların zəif yerləri yalnız öz ideya və proqramları ola bilər.

Yeri gəlmişkən, eyni şey Artur Vanesyana da aiddir və bu mənada, onun əvvəlki statusu ilə bağlı yaranmış qayğı, şübhəsiz, böyüdülmüşdür. Mövcud şəraitdə məsələ ondan ibarətdir ki, yaxınlaşan siyasi proseslər çərçivəsində, Ermənistanda siyasi qüvvələr nisbəti necə formalaşacaq və yeni seçki prosesi öncəsi qüvvələr nisbətinin perspektivi necə olacaq?

Sabah durumun necə olacağı, əlbəttə, başqa məsələdir. Ancaq bu sabahın nə zaman başlayacağı, parlament seçkilərinin nə zaman keçiriləcəyi, Ermənistan vətəndaşlarının hansı qüvvələr arasında seçim edəcəyi, hazırkı iqtidara qarşı hansı qüvvələrin çıxış edəcəyi maraqlıdır. Bu mühüm məsələnin ictimai müzakirəsinə növbə gələcəkmi? Yeni siyasi reallığın rəqabət aparan əsas özəyi necə olacaq, rəqabət nəyin ətrafında gedəcək? Yeni ilə köhnə, indiki ilə keçmiş arasında gedən, əbədi diskurs kimi görünən rəqabət davam edəcəkmi?

Son nəticədə, Vanesyanın və ya başqalarının – yeni, köhnə, yarıyeni və ya yarıköhnələrin siyasətdə olmaları əhəmiyyətli deyil, başlıca problem odur ki, Ermənistan ictimaiyyəti siyasətdədirmi, siyasi oyunçuları idarə edə bilərmi? İctimaiyyət bu oyunçuları necə idarə edəcək? İctimai idarəçilk forması heç də bu və ya başqa şəxsiyyətin ünvanına qiymətləndirmələrin və ittihamların səsləndirilməsi deyil, bu və ya digər şəxsə qarşı ictimai məzmunu olan tələblərin irəli sürülməsidir. İctimai həyat hadisəsi olan siyasəti bəsit “xeyir və şər” və ya “yaxşı və pis” sxemindən məhz bu çıxarır. Bu, həmin bəsitçilikdən istifadə etməklə ictimai əhvali-ruhiyyə ilə möhtəkirlik etməyə imkan vermir.

Ermənistanda siyasətin deqradasiyası həm də onun nəticəsində başlayıb ki, ictimaiyyət siyasi subyektlər qarşısında tələblər və məzmunlu “planka”lar qoymaq yerinə, məsələləri bu kontekstdə dəyərləndirməyə başlayıb. İkinci dəfə eyni çuxura düşmək daha böyük itki olacaq. Bu nöqteyi-nəzərdən, Ermənistanda ictimai-siyasi şüur və mühit belə formalaşdırılmalı və möhkəmləndirilməlidir: Artur Vanesyanın siyasətə gəlməsinin nəticələrini, qoy, ictimaiyyət deyil, özü düşünsün. Və belə yanaşma yalnız ona münasibətdə deyil, siyasətə gələn istənilən şəxsə münasibətdə nümayiş etdirilməlidir.

Tərcümə Strateq.az-ındır