XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 14:51

İSRAİLƏ SƏRT MESAJ? –Moskva mülki təyyarənin təhlükəyə məruz qalması ilə yəhudi dövlətinə sarı kart göstərir

“Əl-Xəlic əl-Cədid, 09.02. 2020

 

Həftəsonu Rusiya bildirib ki, İsrailin Dəməşqə endirdiyi hava zərbələri zamanı mülki təyyarəni ağır risk altına alıb və təyyarə Rusiyanın Xmeymim hərbi bazasına enməyə məcbur olub.

Bu, Moskvadan mesaj kimi görünür, amma mesajın məzmunu nədir?

Rusiyanın İsraildəki səfirliyi son hadisə ilə bağlı “tweet” yazıb və bu məsələ ilə bağlı “Russia Today” saytındakı məqaləyə istinad edib. Tvitdə İsrailin mülki təyyarəni “ağır təhlükə” vəziyyətinə gətirdiyi söylənib.

Rusiya Müdafiə Nazirliyi ilkin qiymətləndirməsini dəyişməyib, lakin Xarici İşlər Nazirliyi daha bir tvit atıb və yazıb ki, Tehrandan havalanmış “Airbus A320” İsrailin raket hücumundan sonra təcili eniş etməyə məcbur olub. Rusiya mediası ilə göndərilən ən hədələyici mesaj İsrailin basqınlardan qorumaq üçün adətən, mülki təyyarələrin arxasında gizlənməsidir.

Moskva bu halın adiləşdiyini iddia edib və bunu İraqdakı ABŞ qüvvələrinə İranın raket zərbələrindən sonra, yanvarın 8-də Ukrayna mülki təyyarəsini vurulması hadisəsinə bənzətməyə çalışıb.

Rusiya mətbuatı İranın Ukrayna təyyarəsini vurmasına haqq qazandırmaq üçün bir bəhanə kimi istifadə olunan “atəş mübadiləsi” ifadəsini işlədib.

İran mediası da bu xəbəri dərc edib. Həmçinin, Rusiyanın iddiaları BBC-də də yer alıb, bir məqalədə İsrailin mülki təyyarəni “az qala” vuracağı təsdiqlənib.

Ancaq bunu təsdiqləyəcək bir dəlil yoxdur.

Doğrudur, Çam Uinqs təyyarənin vurulmadığını yazaraq onun niyə başqa bir hava limanına enmək əvəzinə məhz Latakiyaya, şimala doğru üz tutduğunu şübhəyə alır.

Rusiya Müdafiə Nazirliyinin təmsilçisi İqor Konaşenkov bildirib ki, “İsrail mülki aviasiyanı Suriyanın zenit atəşinə qarşı qalxan olaraq istifadə edib və bu, yüzlərlə günahsız mülki şəxsin həyatı bahasına başa gələ bilərdi”.

Bu, Rusiyadan İsrailə sərt tənqiddir. Hadisə Moskvanın İdlibdəki döyüşlərə görə Türkiyə ilə gərginlik yaşadığı günlərə və baş nazir Benyamin Netanyahunun yanvarın sonlarında Moskvaya səfərindən sonra, Moskvada tutulan İsrail vətəndaşı Neama İssacharın sərbəst buraxıldığı bir vaxta təsadüf edir.

Rusiya son illərdə İsrailin Suriyaya zərbələri ilə bağlı ritorikasını sərtləşdirib. Bu, hər dəfə İsrailin Suriyadakı İran bazalarına etdiyi basqınlardan sonra baş verir. Məsələn, 2019-cu ilin yanvar ayında İsrail ordusunun keçmiş Baş Qərargahı rəhbəri İsrailin Suriyada 1000 İran hədəfinin vurulduğunu söyləyib. İsrailin müdafiə naziri isə Suriyanı İran üçün başqa bir “Vyetnam” halına gətiriləcəyini söyləyib.

2015-ci ildə Suriya rejiminə dəstək verməyə başladıqdan və hava qüvvələrini Suriyaya göndərdikdən bəri Rusiya və İsrail yaxın və getdikcə daha çox təmasda olub. Ümumən, Rusiya əməliyyatlarını İsrailin hava hücumlarını keçirdiyi yerdə deyil, ölkənin şimalında aparıb.

Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi video. Görüntü “Novaya Qazeta”da hadisənin təkzibindən sonra paylaşılıb

 

2018-ci ilin sentyabrında Suriyanın “S-200” raketi İsrail təyyarəsi ucbatından Rusiya hərbi təyyarəsini vurub. Bu, İsraillə böhrana səbəb olub. Rusiya “S-300” sistemini cavab olaraq Suriyaya göndərib və İsraillə danışıqlar aparıb.

Həmin ilin dekabrında Rusiya İsrailin Suriyaya zərbələrini “təxribatçı” olaraq xarakterizə edib. Moskva həmin vaxt həmlənin “iki mülki uçuşa təhlükə yaratdığını” söyləyib. Ötən ilin iyun ayındakı xəbərdarlığında Rusiyanın milli təhlükəsizlik müşaviri İsrailin hava zərbələrinin arzuolunan olmadığını söyləyib.

2019-cu ilin noyabr ayında Rusiya daha da irəli gedib və Xarici İşlər Nazirliyi son 10 gündə 4 İsrail hücumu haqqında məlumat yayıb. Bu məlumatları sızdırmaq İsraili utandırmaq cəhdi hesab olunub. Nazirlik İsrailin Suriyadakı əl-Bukamal yaxınlığında bombalama əməliyyatını və İsrail döyüş təyyarələrinin İraq və İordaniya hava məkanını keçdiyini bildirib.

Rusiyanın mülki təyyarə ilə bağlı son iddiası Suriya ilə bağlı İsrailə növbəti mesajdırmı? Yoxsa Moskvanın Suriya rejiminə dəstəyini göstərmək üçün tutduğu yoldur? Ya da İsrailin öz strategiyasını bir az dəyişdirməsinin üsulu?

Əslində, Rusiya son hədəfə aydınlıq gətirmir.

Rusiya İsrail davranışı ilə əlaqədar daha çox təfərrüatları ortaya qoya biləcəyini göstərmək istəyir və bunun sayəsində İsrail siyasətinə təsir və ya heç olmasa İsrailin qərarlarını daha şəffaf edə bilər. Bu, İsraillə İran arasındakı gərginliyi də azaldar. Ancaq ümumən Rusiya İsrailin davranışının qarşısını almağa və ya Dəməşqi modern hava hücumundan müdafiə sistemi ilə təmin etməyə çalışmayıb.

Bəziləri illər boyu bunun Rusiya və İranın Suriyanın gələcəyini eyni şəkildə görməməsi və Rusiyanın Suriyada İranın varlığından azad olması istəyi ilə izah edir. Fərziyyə budur ki, Suriyada İranı zəiflətmək Rusiyanı gücləndirəcək, çünki bu, Suriya rejiminin tamamilə Moskvadan asılı olacağı deməkdir. Bundan əlavə, Rusiya İrana Suriyanı qeyri-sabitləşdirən qüvvə kimi baxa bilər, çünki İran Suriyadakı qüvvələrini saxlayır və İsraili təhdid edir, bununla da Dəməşqə xələl gətirir.

İran hava hücumundan müdafiə sistemini Suriyadakı T-4 bazasına gətirtmək və kömək məqsədilə Suriyada raket texnologiyasını “Hizbullah”a təhvil verməyə çalışır. Bu, böyük bir təhdiddir. Rusiyanın Suriyadakı strategiyası nizamı qorumaq və Türkiyə ilə münasibətləri tarazlaşdırmaqdır.

İran bütün bunları öz əməlləri ilə korlaya bilər. Moskvanın şərhləri göstərir ki, o, İsraillə İran arasında baş verənlərə çox diqqət yetirir. Mülki təyyarə ilə bağlı iddialar, bir növ, xəbərdarlıq kimi görünür.

Tənqidlərin artmasına gəldikdə, bu, Moskvanın Suriya münaqişəsinin növbəti mərhələsində diktə edən mövqeyinin artması və Suriya hava məkanında sərbəstlik qazanmış bütün güclərin sıxışdırılması cəhdini ifadə edə bilər.

Tərcümə: Strateq.az