Aram Amatuni
“1in.am”, Ermənistan, 13 fevral 2020-ci il
Baş nazir Nikol Paşinyan hökumət binasında ATƏT üzvü olan ölkələrin Ermənistanda akkreditasiyadan keçmiş səfirləriylə görüşüb və onlarla bu günlərin ən səsli-küylü məsələsi – Konstitusiya referendumu, həmçinin ölkədə həyata keçirilən və gələcəkdə aparılacaq islahatlar haqqında danışıb.
Bu görüş hər şeydən öncə ona görə əhəmiyyətlidir ki, səfirlər bundan bir neçə gün öncə Milli Məclisin sədri Ararat Mirzoyanla görüşmüşdülər. Bu, məhz Milli Məclisin Konstitusiya Məhkəməsi hakimlərinin tərkibi məsələsinin həlliylə bağlı hakimiyyətin referenduma getməsinin aydınlaşdığı iclasından öncə olmuşdu.
Baş nazirin səfirlərlə görüşünün onların Ararat Mirzoyanla görüşündən bir neçə gün sonra olması daha maraqlıdır.
Hər şeydən öncə, diqqətçəkən odur ki, bu görüşlər kimin təşəbbüsü ilə keçirilib. Çünki belə bir sual yaranır: səfirlər Ararat Mirzoyanla görüşün nəticələrindən razı qalmayıblar, yoxsa bu görüşdən sonra irəli sürülən referendum təşəbbüsü onlar üçün gözlənilməz olub? Yoxsa hakimiyyət Milli Məclis sədrinin səfirlərlə görüşünü qənaətbəxş hesab etməyib və belə bir görüşün Baş nazirlə də keçirilməsini vacib hesab edib? Bu, o deməkmidir ki, ATƏT üzvü olan ölkələrin səfirlərindən alınan siqnallar rəsmi Yerevanda qayğı yaradıb və əlavə məzmunlu siyasi izahat verilməsi məqsədiylə ən yüksək səviyyədə daha bir görüşün təşkil edilməsi vacib sayılıb?
Bu görüş, şübhəsiz, göstərir ki, Yerevan məsələyə nəinki yalnız daxili məntiqi rəhbər tutmaqla laqeyd, əksinə məsuliyyətlə və ciddi yanaşır.
Eyni zamanda burada, əlbəttə, digər bir hal – referendumun xarici kapitallaşdırılması da nəzərə alınmalıdır. Şübhəsiz, hakimiyyət özünün atdığı bu addımla, Konstitusiya Məhkəməsinin tərkibindən başqa, bir sıra məsələni həll edir. Və bu mənada, referendumun keçirilməsi – hakimiyyətə olan etimadın səsə qoyulması həmçinin xarici siyasət sahəsində olan bir sıra məsələnin müzakirə edilməsi üçün imkandır. Bu kontekstdə, Nikol Paşinyanın ATƏT üzvü olan ölkələrin səfirlərilə baş tutan görüşü prosesin geniş əhatəli olmasından da xəbər verə bilər. Ələlxüsus ona görə ki, hakimiyyətin fəaliyyətində kifayət qədər maraqlı və diqqətəlayiq sinxronlaşdırma mövcuddur. Belə ki, bu günlərdə Ermənistan Xarici işlər naziri də Vyanada xarici ölkələrdə, o cümlədən ATƏT üzvü olan Avropa ölkələrində, həmçinin beynəlxalq təşkilatlarda akkreditasiyadan keçmiş erməni diplomatları ilə xarici siyasət öncəliklərini və çağırışlarını müzakirə edib.
Tərcümə Strateq.az-ındır