XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 12:17

Ərəb hökmdarları və İsrail liderləri:UZUN İLLƏRİN GİZLİ ƏMƏKDAŞLIQ TARİXÇƏSİ

Cozef Massad

“Middle East Eye”, 18.02. 2020

 

Son bir ayda İsrail liderləri Körfəz dövlətləri, Mərakeş və Sudan da daxil olmaqla, ərəb ölkələri ilə daha yaxın münasibətlər və ittifaqlar qurur.

Bu ölkələr deyir ki, nəhayət, “İrandan fərqli olaraq, İsrailin düşmən olmadığını gördük”.

Fələstinliləri müdafiə etmək üçün İsraillə münasibətlərdən həmişə qaçan ərəb rejimlərinin bu hərəkəti böyük dəyişiklik kimi təqdim olunur.

Amma bu uydurmadır. 20-ci əsrdə ərəb liderləri və hakim ailələrin əksəriyyəti İsrail və onun yaranmasından əvvəl də sionist hərəkatı ilə səmimi münasibətlərə malik olublar.

 

Saxta tarixçə

Saxta müqavimət tarixçəsi ərəb rejimləri, eləcə də israillilər tərəfindən təqdim edilib. Bu rejimlərin İsraili haqsız yerə təhqir və hətta fələstinlilərin təhriki ilə, öz milli və rejim maraqlarına zidd olaraq, İsraillə müharibə etdiyi yəhudipərəst ərəb ziyalılarının uydurmasıdır.

Bu düşüncə indi, nəhayət, ərəb hökumətlərinin öz maraqlarını fələstinlilərin maraqlarından üstün tutduqları zamanın yetişdiyini irəli sürür.

Sudanın hərbi qəyyumu Əbdülfəttah əl-Burhan iki həftə əvvəl Uqanda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra məhz bunu söyləyib. Sudan rəsmiləri ilə İsrail arasında ilk görüşün ardınca.

Amma gizli əlaqələr 1950-ci illərin əvvəlində, Sudan hələ də ingilislər və misirlilər tərəfindən idarə edilən və Ümmə Partiyası Sudanın müstəqilliyi üçün İsrailin dəstəyini qazanmağa çalışdığı zaman baş verib.

Müstəqillik əldə etdikdən sonra Sudanın baş naziri Abdullah Xəlil və İsrailin dördüncü baş naziri Qolda Meir 1957-ci ildə Parisdə gizli görüş keçiriblər.

1980-ci illərdə Sudan prezidenti Cəfər Nimeyri israillilərlə görüşüb və fələstinlilərin torpaqlarında məskunlaşdırmaq üçün Həbəşistan yəhudilərinin İsrailə köçünü asanlaşdırıb.

2016-cı ilin yanvar ayında iqtidarda olan Ömər əl-Bəşirlə birlikdə xarici işlər naziri İbrahim Qandur İsraillə rəsmi diplomatik əlaqələr açmağı təklif edərək ABŞ-ın Sudana tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməyə çalışıb. Netanyahu ilə son görüşü və münasibətlərin normallaşdırılması barədə sual verdikdə, Burhanın cavabı belə olub: “İsraillə münasibətlər, ilk növbədə, Sudanın təhlükəsizlik və milli maraqlara əsaslanır”.

Sudan liderlərinin İsraillə əlaqələrinin tarixçəsi çətin ki, unikaldır. Həqiqətdə ərəb liderlərin sionist hərəkatı ilə əməkdaşlığı sionistlərin Fələstinə gəlişinin ilk dövründən başlayır.

 

Könül sevən…

Paris Sülh Konfransı başlamazdan iki həftə əvvəl, 1919-cu il yanvarın 3-də Hicaz Krallığının rəhbəri, daha sonra İraq kralı olan əmir Feysəl ibn Hüseynlə Dünya Sionist Təşkilatının başçısı Xaim Veytzman bir saziş imzalayıb. Feysəl Suriyanın hər yerində böyük və müstəqil bir ərəb krallığının padşahı olmaq müqabilində Fələstində yəhudi çoxluğu dövlətinin yaradılmasına razılıq verib.

Fransız müstəmləkəçiləri Feysəli Suriya taxtından məhrum etdikdə, sionistlərin Paris Sülh Konfransından istifadə etməklə, Fələstində dövlət yaratma müqaviləsi puç olub.

Feysəlin Transiordaniyadakı qardaşı əmir Abdullah isə sionistlərlə uzunmüddətli işbirliyinə başlamışdı, ümidi bu idi ki, onun Fələstin və Transiordaniya kralı olmasına icazə veriləcək. Bu əməkdaşlıq 1951-ci ildə onun öldürülməsinə səbəb olub.

Nəvəsi, İordaniya kralı Hüseyn 1960-cı ildə Qüdsdə ordu generallarından biri ilə israillilər arasında ilk gizli görüşə icazə verib. 1963-cü ilə qədər özü də Londonda, həkiminin kabinetində israillilərlə gizli görüşüb.

1970-ci illərin ortalarına qədər İsrail liderləri ilə gizli görüşlər mütəmadi olaraq İsrail daxilində keçirilib.

İsrailin baş naziri Yitzhak Rabinlə Hüseynin (1948-ci ildə Lidda şəhərindən Fələstin əhalisini şəxsən qovub, 1987-ci ildə Qərbi Şəriyyəyə və Qəzza fələstinlilərinə qarşı siyasətə başlayıb) uzun müddətli dostluğu 1994-cü ildə Rabinin dəfni zamanı faş olub.

Hüseynin israillilərlə gizli təmaslar üçün istifadə etdiyi dəlil Misir prezidenti Camal Əbdülnasirin və daha sonra Fələstin Azadlıq Təşkilatının təzyiqləri qarşısında İordaniyanın “milli” marağı olaraq taxtın qorunması idi.

 

Sionist ittifaqları

Haşimi şahzadələri və padşahlarından başqa, Livan maronit kilsəsi, falangistlər kimi sağçı faşist maronit liderləri də 1940-cı illərin ortalarından sionistlərlə müttəfiq olub. Bu ittifaq bu günə qədər Livanda məzhəbçi xristian respublikasının qurulması naminə davam edir.

1950-ci illərin əvvəllərində “Neo Destour” Partiyasından olan Tunis millətçiləri BMT-də İsrail nümayəndələri ilə görüşərək, fransızlardan müstəqillik əldə etmələrinə kömək istəyiblər. Tunisin avtoritar lideri Həbib Burqubə İsraillə dostluq münasibətlərini 1987-ci ildə hakimiyyətinin sonuna qədər qoruyub.

1960-cı illərdə İsrail Səudiyyə Ərəbistanının Yəməndəki səylərini dəstəkləyib: Yəmən monarxistlərinə silah və pul göndərib.

Şimali Afrikada ən isti münasibətlər İsraillə Mərakeşin mərhum kralı II Həsən arasında olub.

1950-ci illərin sonlarında İsrail liderləri isti münasibətlər üçün kral Həsənin taxt-tac sahibi olmasını gözləyiblər. 1960-cı ildən bəri israillilər Mərakeşlə gizli razılaşmalar əldə edərək, Mərakeş yəhudilərin Fələstin torpaqlarında müstəmləkəçi olmasına can atıblar.

 

Mərakeşlə əlaqə

1963-cü ilə qədər Mərakeş naziri Məhəmməd Ufkir israillilərlə Mərakeş kəşfiyyatçılarına təlim vermə haqqında bir müqavilə bağlayıb. İsrail, eyni zamanda, 1965-ci ildə Mərakeş kəşfiyyatı tərəfindən tutulan və öldürülən Mehdi Bin Barka da daxil olmaqla, müxalifət liderlərini izləməyə kömək edib. 1976-cı ildə Yitzhak Rabin kral Həsən tərəfindən gizli şəkildə Mərakeş ziyarətinə dəvət edilib.

1986-cı ilə qədər gizlilik üçün başqa səbəblər qalmayıb və Şimon Peres çoxsaylı məiyyəti ilə Mərakeşdə səfərdə olub. 1994-cü ildə Mərakeş və İsrail rəsmi olaraq diplomatik missiya mübadiləsi edib.

2018-ci ildə Benyamin Netanyahu BMT-də danışıqlar üçün Mərakeşin xarici işlər naziri ilə gizli görüşüb. Son bir neçə həftədə israillilər, Mərakeşin İsraililə münasibətləri rəsmi olaraq normallaşdırması və Donald Trampın “əsrin sövdələşməsi”nin təsdiqlənməsi müqabilində, ABŞ-ın Mərakeşin Qərbi Səhra üzərindəki suverenliyini tanımasını təmin etməkdə kömək təklif ediblər.

İsrail və Misir arasında siyasi və ticari əlaqələrdən tutmuş böyük sevgi münasibətinə gəlincə, 1970-ci illərin sonlarından etibarən bu, açıq münasibətdir.

1991-ci ildən bəri İsrail liderlərinin, rəsmilərinin və idmançılarının Körfəz ölkələrinin əksəriyyətinə, o cümlədən Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Oman və gizli olaraq Səudiyyə Ərəbistanına baş çəkdiyini, bu ölkələrdə ticarət ofislərinin görmüşük.

 

Bir nömrəli xalq düşməni

Düşmən və ya dost olan İsraillə ərəblərin münasibətləri heç vaxt Fələstin xalqının mənafeləri ilə deyil, çox vaxt “milli maraqlar” – rejim maraqları ilə yaradılıb.

İsrailə olan sevgi tarixçəsinin yalnız sonuncu hissəsi 1991-ci ildən bəri Fələstin milli rəhbərliyini və FAT-ı İsrail hərbi işğalı agentliyinə çevirən Madrid Sülh Konfransı və Oslo Sazişləri ilə üst-üstə düşüb.

Bu, İsrailin ərəb siyasi, işgüzar və intellektual elitalarını bir araya gətirmək üçün davamlı səylərinə sübutdur. Həm də bu, elitaların nə dərəcədə əlverişli olduğunun isbatıdır.

İsrail siyasi və işgüzar elitalara aid olan hissədə uğurlu olsa da, Körfəz rejimləri və Qərb tərəfindən maliyyələşdirilən QHT-lər istisna olmaqla, ərəb intellektual sinfini ovsunlamaq uğursuz olub. Ərəb rejimlərindən fərqli olaraq, ərəb maraqlarını Fələstin torpaqlarının işğalından heç vaxt ayırmama və İsrailin bütün ərəblərin əsas düşməni olması fikrinə görə kütlələr arasında o heç vaxt populyarlıq qazanmayıb.

Tərcümə: Strateq.az