XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 21:30

ERMƏNİSTANDA QARABAĞ MÜZAKİRƏLƏRİ:Paşinyanın "Münhen prinsipləri" anlayışında nələr var? - TƏHLİL

Aram Amatuni

 “1in.am”, Ermənistan, 19 fevral 2020-ci il

 

Ermənistan ictimaiyyəti Münhendəki Paşinyan-Əliyev diskussiya-müzakirəsini, onun, necə deyərlər, uduşlu və uduşsuz tərəflərini müzakirə etməyə davam edir. Əlbəttə, bu müzakirələr, həmişə olduğu kimi, zəngin manipulyasiya, saxtakarlıq axını ilə müşayət olunur. Buna paralel olaraq, hakim çoxluğun təmsilçiləri və tərəfdarları Serj Sarkisyanın iştirak etdiyi və Dağlıq Qarabağın (mətndə Artsax olaraq göstərilir – tərc.) statusu dəqiqləşdirilmədən, 7 rayonu təhvil verməyə hazırlıq haqqında danışdığı fond görüntülərini baxışa çıxarırlar.

Bu fonda, Ermənistan baş naziri Paşinyan Münhen görüşündən sonra feysbuk səhifəsində 6 maddə təqdim edərək, “Münhen prinsipləri” anlayışını irəli sürür. Bu maddələr, faktiki, Dağlıq Qarabağ məsələsinə yeni erməni yanaşmasını göstərməkdədir.

1. Dağlıq Qarabağ da Azərbaycan kimi müstəqillik əldə edib;

2. Dağlıq Qarabağ münaqişənin və danışıqların tərəfidir, onunla danışıq aparmadan münaqişəni həll etmək mümkün deyildir;

3. Ərazilər deyil, təhlükəsizlik vardır: Dağlıq Qarabağ öz təhlükəsizliyini güzəştə gedə bilməz;

4. Münaqişəni bir və ya iki hərəkətlə həll etmək mümkün deyildir: danışıqlar prosesində öncə “mikroinqilablar”, ardınca “miniinqilablar”, sonra da irəliləyiş etmək lazımdır;

5. Məsələnin istənilən həlli həm Ermənistan, həm Qarabağ (mətndə belə gedib – tərc.), həm də Azərbaycan xalqı üçün məqbul olmalıdır, Ermənistan və Qarabağ belə həll variantını tapmaq üçün ən ciddi şəkildə səy göstərməyə hazırdır . Azərbaycan da belə hazırlıq nümayiş etdirməlidir.

6. Dağlıq Qarabağ məsələsinin hərbi həlli yoxdur. Əgər kimsə məsələnin hərbi həll yolu vardır deyəcəksə, Dağlıq Qarabağ xalqı (mətndə belə gedib – tərc.) da “Deməli, o, çoxdan həll edilibdir!” deyəcəkdir.

Bax, Ermənistan ictimaiyyəti və ictimai-siyasi fikri bunu – “Münhen prinsipləri”ni müzakirə etməlidir. Onlar ictimaiyyət üçün məqbuldurmu? Əgər deyilsə, hansı etirazlar vardır? Hansı əvəzedici və ya tamamlayıcı maddələr lazımdır? Münhendəki diskussiyanı, Paşinyanın ingiliscəsini, Əliyevin gülüşünü və ya əlləri və qollarının vəziyyətini deyil, məhz bunları müzakirə etmək lazımdır.

Üstəlik, təqdim olunan bu 6 maddə, demək olar ki, Baş nazirin böyük mətbuat konfransı zamanı Dağlıq Qarabağın prezidentliyinə namizədlərə müsbət mənada əlcək atdığı kimi, erməni siyasi qüvvələrinə özünəməxsus meydanoxuması ola bilər.

Hələ ki, Ermənistanın heç bir siyasi qüvvəsi, o cümlədən 2007-ci ildə qəbul edilən və “Madrid prinsipləri” adlandırılan prinsiplər çərçivəsində danışıq aparanlar  “Münhen prinsipləri”nə reaksiya verməyib. Bu mənada, əlbəttə, “Münhen prinsipləri”nə reaksiya verməkdənsə, Münhen diskussiyasını müzakirə etmək daha rahatdır. Çünki diskussiyanın müzakirə olunması, ən uzağı, təbliğat qarşıdurması riski daşıyır, uzaqbaşı, hakim çoxluq öz opponentlərinə, məsələn, Serj Sarkisyanın və ya Robert Koçaryanın, ya da Ter-Petrosyanın müxtəlif adlı paketlər üzrə nə müzakirə etdiyini xatırladacaq.

Ancaq yeni prinsipləri müzakirə etmək və onlarla bağlı öz razılığını və ya konkret alternativlər formasında narazılığını bildirmək çox konkret mövqeyə görə və mahiyyət etibarilə öz üzərinə məsuliyyət götürmək mənasına gəlir. Bu mənada, görəsən, ilk qoçaq kim olacaq?

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə