XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 11:36

Çinin böyük epidemiya sıçrayışı:YOLUXUCU XƏSTƏLİKLƏRDƏN QURTULMANIN İLK ÇARƏSİ SÖZ VƏ İFADƏ AZADLIĞIDIR

Arye Neyer

“Project Syndicate”, 20.02. 2020

 

Dünyanı təlaşa salmış “Koronavirus” haqqında xəbər peyda olana qədər Uhanda yaşayan oftalmoloq Li Venlyan bir neçə xəstədə qəribə hal müşahidə edib. Göründüyü kimi, onlar təxminən 20 il əvvəl Çində yayılmış şiddətli kəskin tənəffüs sindromuna (SARS) bənzəyən naməlum virusa yoluxmuşdular. Bir neçə gün sonra Li çat söhbətində bir neçə həkimə xəbərdarlıq mesajı göndərdikdə, 34 yaşlı həkim ictimai asayişi pozmaq bəhanəsi ilə və “saxta şərhlər verdiyini” etiraf edən məktubu imzalamağa məcbur edildiyi polis bölməsinə çağırılıb. Li artıq ölüb, o, virusun qurbanlarından biridir və indi xəstəlik COVID-19 adlanır.

Linin ölümü, Çinin COVID-19-un mövcudluğu barədə dünyaya car çəkmək istəyənləri susdurmaq səyləri ilə birlikdə, haqlı olaraq qlobal narazılıq doğurub. Hökumət gizli məlumatların yayılmasını qarşısını almaqdan daha çox ictimai sağlamlığı qorumaqdan narahat olsaydı, virusun yayılmasının qarşısını ala bilərdi.

İndiyə qədər COVID-19-a Çində 74 mindən çox insan yoluxub, 2 mindən çox adam ölüb.

Bu, söz azadlığının inkar edilməsinin Çindəki ölümcül dövlət səhiyyəsi ilə əlaqəli olduğu ilk hal deyil. 2002-ci ildə SARS epidemiyası başlayanda da Çin hakimiyyəti əvvəlcə onu ört-basdır etməyə çalışıb.

Xoşbəxtlikdən, Hu Şuli – həftəlik “Kaycin” qəzetinin təsisçisi və baş redaktoru məmurların hiylələrini nisbətən qısa zamanda ifşa edib. Pekindəki xəstələrdə sirli qızdırmanın olduğunu bildikdən sonra həkimlərlə görüşmək üçün o, jurnalistləri xəstəxanalara göndərib. “Kaycin”in hesabatı Çin liderlərini SARS-ı açıq şəkildə etiraf etməyə məcbur edib – virusu nəzarət altına almaq üçün ilk addım. Bununla belə, SARS-la mübarizə bitdikdə, virus dünyada 8 mindən çox insana yoluxmuş və 800-ə yaxın adamı öldürmüşdü.

Lakin Çində azad sözə qarşı repressiyalar dövlət səhiyyəsi ilə müqayisədə daha narahatedicidr. Mao Zedonun “Böyük Sıçrayış”ında da o, əhəmiyyətli bir rol oynayıb – Çinin Kommunist Partiyasının 1949-cu ildə hakimiyyətə gəlişindən bəri qarşılaşdığı ən böyük bəla.

1958-ci ildə Mao qərara gəlib ki, sürətli sənayeləşmə üçün kəndlilər məcburi şəkildə kommunalara yığılmalı və burada başqa yerlərdə maşın və fabriklərə etibar ediləcək sənaye tapşırıqlarını yerinə yetirməlidirlər. Məsələn, milyonlarla adama əkinçilik texnikası üçün kiçik sexlərdə polad istehsal etmək tapşırılıb.

Səyləri səmərəsiz kiçikmiqyaslı sənayeyə yönəldərək, “Böyük Sıçrayış” kənd təsərrüfatını məhv edib və bu, 1960-cı ildə təşəbbüs başa çatdıqdan sonra da davam edən ciddi qida çatışmazlığı ilə nəticələnib. Çinli jurnalist Yan Cişenin 20 illik araşdırmaya əsaslanaraq verdiyi məlumata görə (2008-ci ildə Honq-Konqda nəşr olunub), 1958 və 1962-ci illər arasında 36 milyon çinli aclıqdan ölüb.

COVID-19-da olduğu kimi, “Böyük Sıçrayış”ın fəlakətli nəticələri barədə informasiya əvvəldən ləğv edilib. Əvvəla, mərkəzi hökumət orqanları kəndlərdə baş verən fəlakətlərdən xəbərsiz idilər, ikincisi, yerli məmurlar Maoya qarşı tənqidi hesab edilə bilən məlumatları mərkəzə vermək istəmirdilər. Lakin Çinin ən yaxşı rəhbərləri də aclıqdan xəbər tutduqda, kənar kömək üçün müraciət etməkdənsə, məsələni ört-basdır ediblər. Maonun nüfuzunu qorumaq ən vacib vəzifə idi və Çinin o vaxt həddindən artıq beynəlxalq təcriddə olmasını nəzərə alsaq, çinlilər onlara deməsəydi, xarici dünya heç nə tapa bilməzdi.

“Böyük Sıçrayış”la bağlı həqiqətin yatırılması bu günə qədər davam edir, partiya səlahiyyətliləri faciəni pis hava şəraitinin nəticəsi kimi göstərməyi üstün tuturlar. Yanın kitabı isə hələ də materik Çində nəşr olunmayıb.

Qıtlıq və söz azadlığı arasındakı əlaqə yalnız Çinlə məhdudlaşmır. Hind filosofu və Nobel mükafatçısı, iqtisadçı Amartya Şenin 20 il əvvəl qeyd etdiyi kimi, “fəaliyyət göstərən demokratiyalarda tarix boyu heç bir qıtlıq olmayıb”. Dövlət siyasətini tənqid etmək azadlığı ilə seçicilərin dəstəyindən asılı olan liderlər, ümumiyyətlə, bu seçicilərin ac qalmasına səbəb olan siyasəti dəstəkləmirlər.

Dünya Ərzaq Proqramına görə, əhalisinin təxminən yarısı – 7,7 milyon nəfəri ac olan Zimbabvedə bu baş verməyib. Zimbabvenin 59 bölgəsinin 8-də görünməmiş qida çatışmazlığı var.

Zimbabve nisbətən mülayim iqlimi sayəsində çoxdan “Afrikanın çörək tabağı” kimi tanınıb. Lakin iqlim dəyişikliyi öz təsirini göstərir. Vəziyyəti daha da pisləşdirən 2017-ci ildə istefaya məcbur edilən, 37 illik hakimiyyəti dövründə demokratik hesabatlılığı olmayan Robert Muqabenin iqtisadi fəakət, inflyasiya, yüksək işsizlik, elektrik enerjisinin uzun müddət kəsilməsi, yanacaq çatışmazlığı və s. fəlakətlər doğuran siyasətidir.

İfadə azadlığı birbaşa siyasi fikir ayrılığından və təhqiramiz fikirlərə, hərəkətlərə və ya görüntülərə dözümlülükdən daha böyük məna daşıyır. 1990-cı ildə Amartya Şenin yazdığı kimi, “aclıqdan və aclıqdan qurtulma azadlığı digər azadlıqlar növü – tənqid etmək, dərc etmək və səs verməklə bağlıdır”. Bu siyahıya “COVID-19-la ölümdən qurtulma azadlığı”nı əlavə etməliyik.

Tərcümə: Strateq.az