XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2020 - 11:30

Şahmat taxtasında nərd oyunu:NİYƏ PUTİN, NƏHAYƏT, ƏRDOĞANLA GÖRÜŞMƏYƏ RAZI OLDU?

Amberin Zaman

“Əl-Monitor”, 01.03.2020

 

Ankara Suriya ordusuna qarşı “Bahar qalxanı” əməliyyatına başladığını bildirib. Rusiya prezidenti Vladimir Putin isə İdlib böhranı ilə əlaqədar martın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə razılaşıb.

Türkiyə fevralın 27-dən bəri bir neçə PUA və hava hücumundan müdafiə sistemi və 100-dən çox tankı məhv etdiyini, habelə Suriya qüvvələrinin 2212 üzvünü, o cümlədən 3 generalı öldürdüyünü açıqlayıb.

Fevralın 27-də İdlibdə ən az 36 türk əsgərinin ölümünə səbəb olan hava zərbələri NATO üzvü olan Türkiyə daxilində şok dalğası doğurub.

“Anadolu” agentliyi Bəşər Əsədin tərəfində döyüşən 21 Əfqanıstan, Pakistan və digər İran dəstəkli şiə milisinin İdlibdə zərərsizləşdirildiyini bildirib. “Anadolu” Türkiyə ordusunun Hələbdəki Nəyrab hərbi hava limanını da yararsız hala gətirdiyi barədə məlumat yayıb.

Bu gün əvvəl isə Suriyanın şimal-qərb hava məkanının bağlandığını və onu pozan hər hansı bir təyyarənin və ya PUA-nın düşmən kimi qəbul ediləcəyi və vurulacağını söylənib.

İdlibdə müharibə ilə yanaşı, Türkiyənin Yunanıstanla sərhədində humanitar dram yaşanır.

Türkiyə minlərlə suriyalı və digər qaçqın üçün sərhədlərinin açıq olduğunu bildirib. Bu hərəkəti artıq ağır yükün öhdəsindən gələ bilməyəcəyi ilə izah edən Türkiyə yenə də diqqəti İdlibdə rejimin zorakılığı ilə izah edib.

Minlərlə miqrant Yunanıstanın Kastaniye sərhəd keçidi yaxınlığında toplanıb, bəziləri Türkiyə hökumətinin təşkil etdiyi avtobuslarda ora çatıb. Türkiyənin ərəb dilində yayımlanan kanalı “TRT Arabi” miqrantların sərhədə çatması üçün müxtəlif marşrutları göstərən xəritələr təqdim edib.

Türkiyənin daxili işlər naziri Trakyanın qərbindəki Ədirnə şəhəri vasitəsi ilə 76.358 adamın Türkiyəni tərk etdiyini söyləyib. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Türkiyə tərəfindəki Pazarkule və İpsala keçidlərində 13 min insanın toplandığını bildirib.

Yunanıstan sərhədi keçməyə çalışan miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edərək axını dayandırmağa çalışıb.

Ərdoğan Aİ-nin 6 milyard avro (6.6 milyard dollar) maliyyəsi müqabilində təxminən 4 milyon suriyalı qaçqına qayğı göstərməni üzərinə götürdüyü 2016-cı il müqaviləsini yerinə yetirmədiyi üçün Avropa İttifaqı bu gün xarici işlər nazirlərinin təcili iclasını çağırıb.

Türkiyə prezidenti dəfələrlə Aİ-ni qaçqınlarla hədələyib. İttifaqın Ankaradakı keçmiş səfiri və Brüsseldə yerləşən “Carnegie Europe”-nin təmsilçisi Mark Pyerini deyib: “Hazırda Aİ-nin rəsmi təpkisinin nə olacağını proqnozlaşdırmaq çətindir”.

Pyerini “əl-Monitor”-a bildirib: “Eşitdiklərimə əsasən, bu yeni şantajın təsiri – tam fəlakətdir. Türkiyə rəhbərliyi miqrantları rəsmi şəkildə aldadır ki, “sərhədlər açıqdır”. İkincisi, bu, dövlət tərəfindən təşkil edilmiş humanitar fəlakətdir”.

Türkiyə Demokratiyanı Müdafiə Fondunda baş proqram direktoru Aykan Erdemir bu fikirlə razılaşır. “Türkiyənin hazırkı xarici və təhlükəsizlik siyasətini ən yaxşı xarakterizə edən termin kakistrokratiyadır, yəni ən az peşəkarlığı olan hökumət. İdlib böhranının yeganə gümüşü astarı budur ki, indi Türkiyə hökuməti yaxınlaşan iqtisadi böhranını ekzogen, yəni xarici amillərlə izah edə bilər. Bu, Ərdoğana günahı iqtisadiyyatı idarə edən kürəkəni Berat Albayrakın boynundan götürməyə imkan verir”.

Ərdoğanın rabitə direktoru Fahrettin Altun “tweet” ataraq bildirib ki, “3.7 milyon qaçqını olan bir ölkəni tənqid etməyə cəsarət edənlər riyakardır”.

Altun əlavə edib: “Məqsədimiz Əsəd rejimi tərəfindən etnik təmizlənmənin və müharibə cinayətlərinin, yerdəyişmənin və daha çox qaçqın kütləsinin qarşısını almaqdır. Bu mübarizədə tək qalmışıq”.

Türk qüvvələri və onların sünni üsyançı müttəfiqləri bu gün rejim qüvvələrinə ağır itki verməyə davam etdikcə, Türkiyədəki ahəng matəmdən şənliyə və şirniklənməyə keçib. “Bir türk olaraq qürur duyuram ki, Əsədin döyüşçülərini havadan bu səviyyədə məhv edən hökumətim və ordumdur. Doqquz ildə ilk dəfə”, – deyə gündəlik “Sabah “qəzetinin ifrat Ərdoğan tərəfdarı olan yazarı Hilal Kaplan “tweet” atıb.

“Hələb bizimdir, Hatay da”, – deyən İbrahim Karagül – “Twitter”-dəki başqa bir Ərdoğan tərəfdarı yazıb. O, “Sputnik” informasiya agentliyinin məqaləsinə cavab verib. Agentliyin məqaləsində Türkiyənin 1939-cu ildə Osmanlı İmperiyasının parçalanmasından sonra Hatayın müttəfiq güclərin mübahisəli bir referendumla Türkiyə ərazisinə qatdığı iddia olunub.

Məqalə “Sputnik Türkiye”-nin baş redaktorunun saxlanılmasına səbəb olub. Mahir Boztepe Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı vəzifədaşı Sergey Lavrov arasındakı telefon danışığından sonra sərbəst buraxılıb.

Yaranan sual: Moskva müttəfiqinin vurulmasına niyə icazə verib? Rusiya prezidenti Putin əvvəlcə başqa planlarının olduğunu söylədiyi halda, niyə martın 5-də Moskvada Ərdoğanla görüşməyə razı olub?

Axı hərbi ekspertlər arasında konsensus budur ki, fevralın 27-də hava zərbələri Rusiya təyyarələri tərəfindən həyata keçirilib. “Rusiya təyyarələri gecə uçur, rejim bunu bacarmır. Türklər gecə bombalanıb”. Bunu Xarici Siyasi Tədqiqatlar İnstitutunun Yaxın Şərq Proqramının direktoru Aaron Steyn deyib.

Hər iki tərəf, ehtimal ki, birbaşa qarşıdurmanın qarşısını almaq üçün hücumda rejimi günahlandırıb.

Ərdoğan deyib: “Rusiya lideri ilə etdiyim son telefon danışığı zamanı cənab Putinə dedim: “Suriyada nə işiniz var? Baza qurursunuzsa, qurun, amma yolumuzdan çəkilin və bizi rejimlə təkbətək qoyun”.

Yəni İdlibdən çıxması üçün Suriya qüvvələrinə fevralın 29-dək möhlət verən Ərdoğanı Putin düzgün dəyərləndirməyib? Yoxsa Ərdoğana simasını qorumaq imkanı verir? Bəlkə Ankaranın Moskva ilə münasibətlərində hesablanandan daha çox şey var?

Birminghem Universitetinin fəxri tədqiqatçısı, “Rusiya imperiyası” adlı kitabın müəlllifi Kevork Oskanyan “əl-Monitor”a verdiyi açıqlamada deyib: “Rusiyanın rejim lehinə müdaxilə etmək istəməməsi Ərdoğanın simasını qorumaq və Əsədin güzəştə getməyə meylləndirmə kimi görünür. Bu mərhələdə Türkiyənin Suriyadakı maraqları, xüsusən kürdlərlə bağlı hissə Rusiya ilə böyük bir sövdələşmə doğura bilər. Rusiya bunun müqabilində İdlib tapmacasını çözəcək”.

Başqaları hesab edir ki, Putin Ərdoğanın nuiyyətlərini səhv hesablasa da, eskalasiya şərtlərində üstünlük qazanan tərəf istənilən halda Türkiyə deyil, Rusiya olacaq.

Anonim qalmaq istəmiş bir Qərb diplomatı deyib: “Ərdoğan Putinin şahmat taxtasında nərd oynayır. O, dalana dirənib və getdikcə daha çox sərsəmləşir”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə