XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 13:01

Sabiq XİN rəsmisi:"İDLİBDƏ İRAN VƏ TÜRKİYƏNİ ÜZ-ÜZƏ QOYMAQ İSTƏYİRLƏR"

“Entexab” (İran), 03.03.2020

 

“ABŞ, İsrail və hətta Rusiya kimi aktyorların Suriya arenasında İran və Türkiyəni qarşı-qarşıya qoyması və potensial qarşıdurmaların arxasında gizlənərək öz maraqlarını həyata keçirməsi mümkündür, – deyə Yaxın Şərq mütəxəssisi vurğulayıb. – Hər iki tərəfdən güzəştlər qoparmaq üçün. Buna görə də, hesab edirəm ki, İran İdlibdə Türkiyə ilə üz-üzə duran tərəf olmamalıdır”.

İran Xarici İşlər Nazirliyi Yaxın Şərq şöbəsinin sabiq baş direktoru Qasim Mohebəli Rusiya qırıcı-bombardmançılarının hücumuna Türkiyənin təpkisi ilə əlaqədar olaraq bildirib: “Astana və ya Soçidə imzalanan müqavilələr əsasən məqsədəuyğun koalisiyalar idi. Bu koalisiya müqavilələri vaxtında imzalanıb, çünki tərəflərin münaqişənin idarə olunması üçün, bir növ, qısamüddətli razılığa ehtiyacı vardı”.

Qasim Mohebəli deyib: “Türkiyənin Suriya ilə bağlı müəyyən ambisiyaları və hədəfləri olduğunu nəzərə alsaq, Ərdoğan indi, bir tərəfdən, cənub sərhəddində kürdlərin mövcudluğundan narahatdır, digər tərəfdən isə İdlibin itirilməsinin faktiki olaraq son illərdəki bütün xərclərin boşa çıxması mənası verdiyini bilir”.

Ekspertin sözlərinə görə, buna görə də, o, Suriyadakı mövcudluğunu qorumaq üçün əlindən gələni etməyə qərarlıdır: “Fakt budur ki, Türkiyənin Suriya ilə ən böyük sərhədi var və orada baş verən proseslər Ankara üçün çox vacibdir. Əslində, türklər Suriyadakı tələblərinin İran, Rusiya və Suriyanın mərkəzi hökuməti ilə əlaqələndirmədən yerinə yetirilməsinə çalışırlar. Ancaq Amerikanın Suriyadan çəkilmə oyununu nəzərə alsaq, hazırda bu, praktiki olaraq mümkün deyil”.

Yaxın Şərqdəki vəziyyətlə bağlı söylədiklərinin başqa bir hissəsində ekspert vurğulayıb: ““Müqavimət Cəhbəsi”, ilk növbədə “Hizbullah”ın Səraqib şəhərinin alınmasında fəal iştirakı Türkiyə tərəfindən xüsusi vurğulanır. Səraqib şəhəri Suriya ordusu tərəfindən ələ keçirilsə, Türkiyə tərəfindən dəstəklənən qüvvələrin nəzarəti altındakı bölgələr faktiki olaraq müdafiəsiz qalacaq. Fakt budur ki, bu bölgədəki döyüşlərdə iştirak edən qüvvələr, əsasən, İran, Livan, Əfqanıstan və Pakistanı təmsil edirlər”.

İranın Suriyadakı hərbi nəzarət mərkəzinin açıqlamasını (Türkiyə qüvvələrinin İran hərbi obyektlərini bombalamasıtərc.) şərh edən Qasim Mohebəli bildirib: “İranın Türkiyə ilə əlaqələri “çəkindirmə” dediyimiz anlayışın çərçivələrindən kənara çıxır. ABŞ, İsrail və hətta Rusiya kimi aktyorların Suriya arenasında İran və Türkiyəni qarşı-qarşıya qoyması və potensial qarşıdurmaların arxasında gizlənərək öz maraqlarını ödətməsi və hər iki tərəfdən güzəşt əldə edə bilməsi mümkündür.

Buna görə də, İranın İdlibdə Türkiyə ilə qarşıdurmada tərəf olmaması və rusların Soçi razılaşmasının icrasına zəmanət verəcəyi təqdirdə, buna uyğun hərəkət etməli olduğuna inanıram. Rusiyanın hava hücumundan müdafiə sistemləri, İsrailin hava həmlələri kimi, son Türkiyə bombardmanlarına cavab verməyib.

Suriyadakı hərbi əməliyyatların kəşfiyyat izlənməsi və hava məkanına nəzarət hazırda Rusiyanın ixtiyarındadır və Moskva iranlılara öz obyektlərində zenit texnikasının yerləşdirilməsinə icazə verməyib.

Nəticədə, rəsmi Tehran İran-Türkiyə qarşıdurmasına doğurmamaq üçün diqqətli olmalıdır”.

İdlib böhranının perspektivi ilə bağlı söylədiklərinə əlavə olaraq Qasim Mohebəli deyib: “İdlib böhranı artıq çoxsəviyyəli bir oyuna çevrilib. Suriya, İran, Rusiya və Türkiyə ilə yanaşı, ABŞ, Avropa, ərəb ölkələri və İsrail kimi aktyorlar pərdə arxasında bu böhranda iştirak edir.

Həmin aktyorların hamısı, bir növ, öz rolunu oynayır. Suriya münaqişəsi və son İdlib böhranının həlli yalnız daxili və regional bir razılaşma ilə mümkün olacaq. Razılaşmanın mövcudluğundan asılı olmayaraq, digər aktyorlar tənlikləri pozmağa və böhranı dərinləşdirməyə çalışacaqlar.

Ruslar hazırda İdlibi Suriya hökumətinin nəzarətinə verməyə cəhd göstərirlər, amma indi ABŞ və Avropa kimi digər aktyorların hansı siyasət yürüdəcəyi sual altındadır.

Türkiyə digər aktyorların artıq ölkəni dəstəkləmədiyini başa düşsə, tədricən İdlibdən geri çəkilmə yolunu tutacaq. Ankara və Moskvanın geniş enerji, iqtisadi və geosiyasi münasibətləri ucbatından tərəflər arasında böyük bir qarşıdurmanın olacağı ehtimalı da azdır”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə