XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2020 - 16:52

“KOMMERSANT” PUTİN-ƏRDOĞAN GÖRÜŞÜNÜN DETALLARI BARƏDƏ:"Görəsən, 6 saat ərzində heç olmasa bir dəfə Bəşər Əsədə zəng etmişdilər?"

Andrey Kolesnikov

Коммерсант”, 06.03.2020

 

Martın 5-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada İdlib bölgəsindəki vəziyyətlə bağlı danışıqlar aparıb və nəinki atəşkəs haqqında, hətta birgə patrul xidməti haqqında protokol imzalayıblar. Bu görüşdən daha çox şey gözləmək mümkün deyildi, üstəlik imzalanmış sənədin özü çox şeydir. Ən əsası, Rusiya ilə Türkiyə arasında müharibə olmayacaq.

Jurnalistlər Kremlin Birinci Korpusunun mətbuat mərkəzinə gəldikdən təxminən 5 dəqiqə sonra sanki İstanbulun Böyük Çarşısında idik. Zahirən hər kəs üçün kifayət qədər sahə vardı. Ancaq yaxınlığınızda türk jurnalistlərinin olması dabanlarınızın ən azı 3 dəfə tapdalanmasından xəbər verir; əgər yerində durub və heç kəsi narahat etmirsənsə, hətta pəncərəaltlığına oturmusansa belə, kimsə burnunun ucandan uzağı görməyə imkan verməyəcək, çünki zal heç biri digərinə təslim olmaq istəməyən adamlarla doludur; türk operatoru canlı yayım qurduqda, əsəbi şəkildə geri çevrilir; kimsə nəfəsini üzünüzdə və ya peysərinizə buraxır…

Bu arada, türk jurnalistləri ilə danışdım, yəni Pulitzer mükafatı yarışında uduzma taleyi ilə barışanlarla. Bir müddət sonra 2 böyük monitordan birinin qara ekranına baxaraq. Görüşün əvvəlində ekrandan Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın dar tərkibdə görüşdüyü görünürdü.

Yeri gəlmişkən, həmkarlar düşündüklərini açıq şəkildə söylədilər. Yəni Rusiya böyük və hətta nəhəng bir dost idi. Ancaq 30-dan çox türk əsgəri öldürüldükdən sonra hər şey dərhal dəyişib. İndi hər şey başqa cürdür. Dostluq yoxdur və görünür, olmayacaq da. Ən əhəmiyyətlisi, məhz Vladimir Putinin başa düşməli olduğu şey məhz budur.

Ancaq hərbçiləriniz həmin yerdə olmamalı idi, – deyə həmkarlarıma o qədər də inamlı olmayan tərzdə dedim, çünki onların harada olacağını həqiqətən bilmirdim. – Heç kimə xəbərdarlıq da etməyiblər.

– Məsələ burasındadır ki, hamını xəbərdar etmişdilər, – deyə həmkarlarım kədərlə cavab verdilər.

Başa düşdüm ki, kimin kimi və nədə xəbərdarlıq etməsini, görünür, heç vaxt bilməyəcəyik. Və əksinə, xəbərdarlıq edibsə və yenə – nədə? Bu o deməkdir ki, dostluq həyatın bu anında çatlamış görünür. Bəs indi Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin tövbə məktubunu gözləyir? Vaxtilə, Rusiya təyyarəsi vurulduqda, Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın tövbə məktubunu gözlədiyi və nəhayət, aldığı kimi?

Türk həmkarlar da bu gün İdlib bölgəsində atəşkəs mövzusunda mütləq razılaşma olacağına əmin olduqlarını söylədi. Öz növbəmdə, onlara adının açıqlanmasını istəməyən məşhur bir danışıqçı ilə söhbətimi nəql etdim. Həmin adamın sözlərinə görə də, çox güman ki, atəşkəsdən başqa heç bir şeydə sövdələşmə olmayacaq, çünki geri addım atan məğlub olacaq: ya Suriya ordusu bu yaxınlarda İdlib bölgəsində əldə etdiyi və ya türk əsgərləri indi dayandıqları yerdən geri çəkilərsə.

“Rusiya dəvətlə Suriyaya müdaxilə etdiyi halda, Suriyanın dəvəti olmadan onun ərazisinə niyə girmisiniz?” sualıma türk həmsöhbətim çiyinlərini atdı və əlavə etdi:

– Deyirlər ki, üsyançı Azad Ordunun dəvəti ilə… Və ya Azad Suriya Ordusu… Buna bənzər bir şey… Buna görə münasibətlərimizi aydınlaşdırırıq. Belə aydınlaşdıracağıq.

Nümayəndəlik kabinetindəki görüş dərhal başlayıb, Rəcəb Tayyib Ərdoğan hava limanından Kremlə gəldikdən dərhal sonra. (Baxmayaraq ki, “Kommersant”ın məlumatına görə, Birinci Korpusun boş binalarında onu ən azı bir müddət gözlətmək istəyən insanlar var idi. Kim bilir, axı belə danışıqlara, xüsusən qüvvələr təxminən bərabər olduqda və cüzi əsəbilik qısa zamanda orta səviyyəyə çevrilərkən, birdən-birə həlledici ola bilər; ancaq bu qıcıqlanmanın hansı tərəfin xeyrinə olacağı məlum deyil…)

Amma yox, Rəcəb Tayyib Ərdoğan bir saniyə belə gözləməyib: Vladimir Putin ondan əvvəl Kremlə gəlmişdi.

Burada, Nümayəndəlik kabinetində hamı bir-birini çox yaxşı tanıyırdı. Genişləndirilmiş səviyyədə danışıqlarda iştirak etməli olduqları üçün Sergey Lavrov, Sergey Şoyqu və Yuri Uşakov uzaqdan əks tərəfdə duran türk vəzifədaşlarına əl yelləyirdilər.

– Görüşümüzün əvvəlində, – deyə Vladimir Putin Rəcəb Tayyib Ərdoğana deyib, – Suriyada qoşunlarınızın ölümü ilə əlaqədar bir daha başsağlığı vermək istəyirəm. İnsan ölümü həmişə böyük bir faciədir.

O, baş verənlərin ehkama çevrilmiş rus-Suriya variantını təsdiqləyib:

– Təəssüf ki, telefon danışığımda əvvəlcədən söylədiyim kimi, heç kim, o cümlədən suriyalı hərbçilər onların yerləşdikləri yeri bilmirdi… Bu müddət ərzində, təəssüf ki, suriyalı hərbçilər də zərər görüblər: Suriya ordusu ciddi itkilər verib.

Rəcəb Tayyib Ərdoğan eşitdiklərindən məmnun olduğunu bildirmədən söhbəti dinləyib.

Rusiya prezidenti deyib: “Buna görə də, əlbəttə ki, sizə hər şeyi, bu gün yaranmış bütün vəziyyəti izah etməliyik ki, bu kimi bir şey: a) yenidən təkrarlamasın və b) bu, bizim Rusiya-Türkiyə münasibətlərimizi məhv etməsin. Bu münasibətləri biz və bilirəm ki, siz də çox diqqətlə qiymətləndirirsiniz.

Beləliklə, Vladimir Putin, yəqin ki, vəzifədaşını dağıdıcı ola biləcək söhbətin nəticələri barədə əvvəlcədən xəbərdar etmək istəyib.

– Bildiyiniz kimi, bu görüşü Türkiyədə keçirməliydik, –Rəcəb Tayyib Ərdoğan bildirib və bu, əlbəttə ki, hər şeydən əvvəl həm ona, bəlkə də Vladimir Putinə məlum idi, amma bizim, jurnalistlər üçün yenilik olub. Ancaq sizin üçün Konstitusiya dəyişiklikləri üzrə işlərinizə görə buraya gəlmək dəvətini qəbul etmək qərarına gəldik. (Ona belə izah verilmişdi və həqiqətən, Rusiya prezidenti həmin gün Dövlət Dumasının fraksiya liderləri ilə görüşüb və ertəsi gün hamılıqla İvanovoda; sonra bayram tətili… Buna görə də Rəcəb Tayyib Ərdoğan Türkiyə xalqına izah edirdi: niyə bütün baş verənlərdən sonra Moskvaya yollanıb, nəinki Vladimir Putin Ankaraya gəlib). Şübhəsiz ki, İdlib danışıqları ilə əlaqədar bugünkü görüşümüz böyük əhəmiyyət daşıyır. Bilirəm ki, bütün dünya bu gün nəzərlərini buraya yönəldib və inanıram ki, bu gün atılacaq addımlarımız və qərarlarımız, şübhəsiz ki, vəziyyəti yüngülləşdirəcək! Ölkələrimiz arasında münasibətlərimizin pik həddə çatdığı vaxtı, dövrü yaşayırıq. Bu, əlbəttə ki, müdafiə sənayesinə və ticarət əlaqələrinə aiddir və s. İnkişaf etməyə davam edirlər!

Rəcəb Tayyib Ərdoğan türk pomidorunun yenə də Rusiyada satılmasını istəyirdi. Bu ümidlərdən ilhamlanaraq danışıqların həqiqətən də təsirli ola biləcəyini söyləyib.

İki ölkə liderlərinin təkbətək görüşü 3 saat çəkib və bu, sövdələşmə istəyinin yoxluğunu göstərir.

Genişləndirilmiş formatda danışıqlar da 3 saata yaxın davam edib. Bundan sonra, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, əvvəlcə bunu planlaşdırmalsalar da, jurnalistlərin qarşısına çıxıb.

Rusiya prezidenti, demək olar ki, dərhal hətta ortaq bir kommünikeni razılaşdıqlarını açıqlayıb.

– Radikalların Rusiyanın Xmeymim bazasına hücumları davam edib, – deyən Vladimir Putin əvvəlcə açıq şəkildə Suriyada təkcə Türkiyənin əziyyət çəkmədini vurğulayıb. – Martın 1-də bazaya 11-dən çox raket atmağa cəhd edilib… İlin əvvəlindən bəri 15 belə cəhd olub… Hər dəfə türk tərəfdaşlarımızı real vaxtda məlumatlandırmışıq. Əslində, yaraqlılar hərbi əməliyyatların yenidən başlamasına səbəb olublar.

Həqiqətən, yaraqlıların tam və qeyd-şərtsiz təslim olması ilə bağlı əvvəlki açıqlamalara uyğunsuzluğu izah etmək lazım idi. Aydındır ki, indiki fəallığı görməməzliyə vurmaq artıq olmaz…

– Təəssüf ki, Türkiyə hərbçiləri arasında da itkilər var… Bununla əlaqədar olaraq, bir daha Türkiyə prezidentinə başsağlığı verdim. Mən bilirəm ki, bu məsələdə o, çox narahatdır…

Cənab Putin də öz növbəsində bunu bir daha vurğulayıb: müharibə müharibədir. Bu və ya digər yerdə hər kəs atəş altındadır.

– Danışıqlarımızın nəticələrinə əsasən, ortaq bir sənəd qəbul etdik, – nəhayət, Rusiya prezidenti bildirib, – onun müddəaları xarici işlər nazirləri tərəfindən elan ediləcək (doğrudur, bu, çara yaraşacaq işi deyil).

Rəcəb Tayyib Ərdoğan keçən ilin sentyabrında Soçidəki razılaşmalarını xatırladıb:

– Orada deyilirdi ki, bölgədəki hər hansı bir hücumun qarşısı alınacaq və status-kvonun qorunub saxlanması barədə razılığa gəlinmişdi. Ancaq bu ilin martından başlayaraq rejim qüvvələrinin hücumları daha çox artıb (cənab Ərdoğan bu rejimin rəhbərinin adını belə söyləməyib), bu da mülki əhaliyə hücumla nəticələni və İdlib müqaviləsini pozub.

Rəcəb Tayyib Ərdoğan versiyasının təfərrüatlarını açıqlayıb, Vladimir Putin isə heç olmasa indi öz versiyasını səsləndirməməyi qərara alıb. Jurnalistlərin yanında olduqlarına görə deyil. Bu versiyalarla ancaq danışıqlara başlamaq olar, bitirmək yox. Ancaq cənab Ərdoğan bütün bunları bir daha söyləməkdən çəkinməyib:

– Demək istəyirəm ki, əsas məsuliyyət rejim qüvvələrinin üzərinə düşür! Bu bölgədə 4 milyon insan yaşayır. Bu 4 milyonun terrorçu olduğunu demək olmaz və onları bombalamaq yolverilməzdir. Rejimin əsas vəzifəsi bu ərazini viran etməkdir!… Yeni qaçqın dalğası ilə Türkiyəni çətin vəziyyətə salmaq…

Əlbəttə, Rusiya hərbi komandanlığının bütün bunlara şamil edildiyi aydın olub. Ancaq ucadan, əlbəttə, deyilmirdi.

Rəcəb Tayyib Ərdoğan davam edib:

– Belə vəziyyətdə Türkiyə boş dayanmayacaq. İdlibdə gərginliyin qarşısını almaq üçün orada müşahidə postları qurmuşuq.

Elə onlara görə, yeri gəlmişkən, xüsusi gərginlik yaranıb.

– Onlar yalnız atəşkəs rejiminə və əraziyə nəzarət etməlidirlər. Ancaq rejimin hücumu nəticəsində kədərli hadisələr baş verdi… İdlibdə yeni bir vəziyyət formalaşdırmaq lazımdır…

Nədənsə, razılaşmaların səsləndirilməsinin nazirlərə həvalə edilməsinə baxmayaraq (Sergey Lavrov sənədin oxunması üçün bir neçə dəqiqə dodaqlarını tərpədərək məşq edirdi), bundan sonra Rəcəb Tayyib Ərdoğanın özü bunu etməyə başlayıb. O, məsələn, martın 5-dən 6-na keçən gecə saat 00:00-dan başlayaraq İdlib zonasında atəşkəs rejiminin tətbiq olunacağını söyləyib. Ancaq bu qərar ən gözləniləni idi.

O: “Qaçqınların yaşadıqları yerə qayıtmalarını da təmin edəcəyik”, – deyib.

Ərdoğan Türkiyənin “rejimin hər hansı bir təxribatına” cavab verəcəyinə və “əziz dostumla təmaslarımızı davam etdirəcəyimizə …” inandırıb.

Sonda söz Sergey Lavrova verilib. Protokolda preambula vacib idi:

– “Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyi təsdiqləyərək, terrorizmin bütün təzahürlərinə qarşı mübarizə apararaq və BMT Təhlükəsizlik Şurasının terrorçu kimi tanıdığı bütün terror qruplarını məhv etmək əzmini qeyd edərək, mülki şəxslərə və infrastruktura olan təhdidin heç bir bəhanə ilə əsaslandırıla bilməyəcəyinə razılıq verərək (nəhayət, nəzərlərini Türkiyə təmsilmilərə tərəfə yönəldib) münaqişənin hərbi həllinin olmadığını vurğulayaraq… Razılaşdırılıb:

1. İdlib de-eskalasiya zonasında mövcud təmas xəttindəki bütün hərbi əməliyyatlar 6 mart 2020-ci il tarixində dayandırılır;

2. M-4 magistral yolundan şimalda 6 km və cənubda 6 km enində təhlükəsizlik dəhlizi yaradılır. Təhlükəsizlik dəhlizinin işləməsinin xüsusi parametrləri Rusiya Federasiyası və Türkiyənin müdafiə nazirlikləri tərəfindən 7 gün ərzində razılaşdırılır;

3. 15 mart 2020-ci il tarixindən etibarən Trumbo qəsəbəsindən Ayn əl-Xabr qəsəbəsinə qədər M-4 şossesi boyunca ortaq Rusiya-Türkiyə patrul xidməti fəaliyyətə başlayır.

Protokol imzalandıqdan sonra qüvvəyə minir”.

Rusiya və Türkiyənin müdafiə nazirləri artıq sənədi imzalamışdı.

Sonra sənəd Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu tərəfindən oxunub (nahaq yerə məşq etməmişdi, qiraəti təntənəli idi və dili dolaşmırdı). İş bitdi. Rəcəb Tayyib Ərdoğan yenə də Sergey Şoyqunun yanına getdi və bir müddət nəyisə şərh etdi, ya da görünür, Vladimir Putini tək qoyaraq onu razı salmağa çalışırdı.

Bununla belə, əldə olunan gözləniləndən daha çox idi.

Kimsə köksünü ötürdü: Türkiyə ilə Rusiya arasında müharibə olmayacaq.

Maraqlıdır, bütün bu 6 saat ərzində heç olmasa bir dəfə Bəşər Əsədə zəng etmişdilər? Heç olmasa Vladimir Putin başqa otağa keçərkən?

Tərcümə: Strateq.az