XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 09:45

İran mediası Moskva memorandumunu necə qiymətləndirib? –"YAZIN SONUNDA VƏ YA YAYIN ƏVVƏLİNDƏ SURİYA QÜVVƏLƏRİ ATƏŞKƏSİ POZACAQ"

Məsud Sədrməhəmmədi

“United World International”, 09.03.2020

 

Rusiya-Türkiyə atəşkəs razılaşmasının İdlibdə tətbiqindən 24 saatdan da az müddət keçdib. İran rəsmiləri razılaşmaya heç bir münasibət bildirməsə də, İran mediası mövzunu müzakirəyə çıxarıb.

Medianın məsələni necə əhatə etdiyinə dair ilkin qiymətləndirmə İranın atəşkəsin davamlılığına pessimist baxdığını göstərir. Bəzi KİV-lər razılaşmanı Ərdoğan üçün müsbət və uğurlu addım kimi səciyyələndirib; digərləri Türkiyə üçün hər hansı bir üstünlüyü rədd edib və sazişi Ankara üçün əməliyyat uğursuzluğunun əlaməti olaraq qiymətləndirib.

Mühafizəkar “Tasnimnews”-da dərc edilmiş məqalədə “Ərdoğanın daxili siyasətdə kövrək durumda olduğu” qeyd olunur və yazının davamında Türkiyə prezidentinin “əhəmiyyətli bir nəticə əldə etmədən sövdələşdiyi” bildirilir. Yazıda, eyni zamanda, vurğulanır ki, “razılaşmaya əsasən, Suriya qüvvələri geri çəkilməyəcək”, yəni bu, Ərdoğanın fevralın 15-də irəli sürdüyü “İdlibdəki Suriya qüvvələri Türkiyənin müşahidə postlarının yerləşdiyi xətdən geri çəkməlidir” tələbindən geri çəkilməsi deməkdir.

Ölkənin İİKK ilə əlaqəli digər böyük xəbər agentliyi olan “Farsnews” son həftələrdə Suriya ordusu tərəfindən azad edilən şəhər və kəndlərlə bağlı geniş hesabatlar verib və hazırkı atəşkəs razılaşmasına dair hər hansı bir təhlil yayımlamayıb.

Moskva sazişindən bir gün əvvəl Türkiyənin ABŞ və NATO-nu Suriyaya hərbi müdaxilə etməyə çağırdığını sərt şəkildə tənqid edən populyar “Khabaronline” razılaşmanın Suriyanın parçalanması üçün başlanğıc olduğunu qeyd edib. Hesabatını “Ərdoğan Putinin qəlbini ovsunladı” adlandırmış sayt redaktoru öz təhlilində atəşkəs razılaşmasını Ankaranın İdlibdəki əvvəlki mövqeyindən geri çəkilmə kimi dəyərləndirib.

Rəsmi hökumət xəbər agentliyi (IRNA) İdlib məsələsində İranın sülh mövqeyini ortaya qoyan Tehran Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Hadi Borhani ilə müsahibə dərc edib. Ekspert “İranın artan gərginliyin kritik perspektivlərini yaxşı anlayacağını” vurğulayıb, Tehranın ehtiyatlı və barışıqçı mövqeyini izah edib. O, prezident Ruhaninin Rəcəb Tayyib Ərdoğanla telefon danışığına da toxunub və bildirib: “İran böhranı dialoq və barışıq yolu ilə həll etməyə çalışır və buna görə də dövlət başçılarını zirvə görüşünə dəvət edib”.

İran Tələbə Xəbər Agentliyi (ISNA) də əldə edilmiş atəşkəs razılaşmasını kövrək sülh və qeyri-sabit vəziyyət olaraq təsvir edib.

“Tabnak”ın xəbərlərində bu məsələ, digər KİV-lər kimi, bədbin şəkildə işıqlandırılıb və qeyd olunub: “Putin və Ərdoğan arasındakı atəşkəs razılaşması, ilk növbədə, status-kvonun saxlanmasını tələb edir. Bu, Suriya ordusunun ərazisi 600 kvadrat kilometrdən çox olan, o cümlədən mühüm coğrafi-strateji mövqedə olan və geri alınan Saraqib şəhərinin yerləşdiyi bölgədə qalması deməkdir. Bu, həmçinin Ərdoğanın Suriya ordusuna verdiyi geri çəkmə möhlətinin heç bir nəticə vermədiyinin sübutudur”.

İranın hərbi dairələrinə aid ixtisaslaşmış analitik “İslam Dünyası Xəbərləri” sazişi Suriya ordusu tərəfindən M4 və M5 marşrutlarının azad edilməsi üçün müqəddimə kimi dəyərləndirib: “Müqavilə, sözsüz ki, müvəqqətidir və sabit şəkildə davam etməyəcək. Xüsusilə, M4 marginal bölgəsi “Türkistan İslam Partiyası” kimi quzğun qüvvələrin əsas dayağı olduğundan, Türkiyənin oradan təxliyəsi asan olmayacaq. Bunun ardınca Suriya qüvvələrinin İdlib və Cisr əl-Şuquruna doğru irəliləməsi üçün kifayət qədər əsas verəcək”.

Hesabatda, həmçinin iddia edilib: “Yazın sonunda və ya yayın əvvəlində Suriya qüvvələri atəşkəsi pozacaq, lazımi maddi-texniki təminat və qüvvə təmin etdikdən sonra İdlibin azad edilməsi əməliyyatına başlayacaq”.

Veb sayt “atəşkəs rejimini pozma”nı “bölgədəki silahlı qüvvələr tərəfindən tez-tez sakit şəkildə baş verən” bir hərəkət kimi təsvir edir.

İlkin qiymətləndirmələr göstərir ki, İran mediası Moskvada Türkiyə və Rusiya liderlərinin imzaladığı atəşkəs razılaşmasına müsbət baxmır. Demək olar ki, razılaşmanı mövcud status-kvonun qorunması və nəzarətsiz böhranların qarşısını almaq üçün müvəqqəti tədbir hesab edir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə