XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2020 - 12:37

MİLLİ MƏCLİSİN YENİ SPİKERİ 116 SƏSLƏ QADIN OLDU –Sahibə Qafarova kimdir? + TƏRCÜMEYİ-HALI

Yeni Azərbaycan Partiyasının (YAP) namizədliyini irəli sürdüyü Sahibə Qafarova Milli Məclisin spikeri seçilib. 

Strateq.az Report-a istinadla xəbər verir ki, bununla bağlı ilk iclasda qərar qəbul olunub.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə olub və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Qeyd edək ki, Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.

***

İclasda daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edib.

***

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

Prezident İlham Əliyev iclasda iştirak edir.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

İclasın gündəliyinə 1 məsələ – Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək.

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.