XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 16:44

“Cənnət”dən qaçış:KANADAYA SIĞINAN SƏUDİYYƏ KƏŞFİYYATÇISININ OĞURLANMA VƏ YA ÖLDÜRÜLMƏ TƏHLÜKƏSİ VAR

Daniya Akkad

“Middle East Eye”, 11.03.2020

 

Kanada hökuməti vəliəhd şahzadə Məhəmməd bin Salmanın (MBS) hakimiyyəti üçün təhlükə hesab edilən Səudiyyə kəşfiyyatçısına sığınacaq verib.

Bir zamanlar Qərb xüsusi xidmət orqanları ilə dərin əlaqələri olan keçmiş daxili işlər naziri, hazırkı tacdar şahzadənin rəqibi Məhəmməd bin Naifin etibarlı məsləhətçisi olan Səad əl-Cəbri səltənət xaricində ən çox axtarılan səudiyyəli olaraq səciyyələndirilir.

Cəbri 2017-ci ildə, bin Naifin ev dustağı edilməsindən əvvəl krallıqdan qaçıb. Onun Kanadaya sığınması 2018-ci ilin yayından Ottava ilə Riyad arasındakı misli görünməmiş diplomatik münaqişə doğurub.

Ötən Cümə günü şahzadə yeni həbslər həyata keçirib. Səudiyyə hökuməti hələ həbslərlə bağlı rəsmi açıqlama verməyib.

3 il əvvəl bin Naifə olan sədaqətinə görə Cəbri 31 yaşlı şahzadənin hədəfinə çevrilib.

Vəziyyəti bilən bir mənbə  deyib: “Səudiyyə Ərəbistanında çevriliş ola biləcəyini fərz edək. O, ən böyük təhlükədir. Bunu etmək üçün pulu və gücü var”.

İkinci bir mənbə bildirib ki, hətta Kanadada da keçmiş məmur Məhəmməd bin Salmandan qorxuducu mesajlar alaraq təqib olunur. Mənbə deyib ki, Cəbrinin yenidən krallığa gətirilməsi cəhdi var.

Kanada Təhlükəsizlik Xidmətləri şərh verməkdən imtina edib.

Kanada Kral Daxili Polis İdarəsi (RCMP) sözçüsü MEE-yə deyib: “Ümumiyyətlə, yalnız cinayət işinin açılması halında, RCMP istintaqı, ittihamın xarakterini və şəxsin adını açıqlaya bilər”.

“MEE” Cəbri və ailəsindən bir neçə kanal vasitəsi ilə şərh istəyib, ancaq cavab almayıb.

 

Nüfuz mübarizəsi

Krallığın Daxili İşlər Nazirliyində işlədiyi müddətdə Cəbri antiterror fəaliyyətində yaxından iştirak edib, xüsusən, bin Naiflə Səudiyyə dini liderləri arasında bir kanal olub.

Kral Abdullahın ölümü və kral Salmanın taxta çıxmasından və daha sonra, 2015-ci ilin yanvarında Məhəmməd bin Salmanın hakimiyyətə gəlməsi ilə, Cəbri və digər yüksək vəzifəli nazirlik səlahiyyətlisi, general Əbdüləziz əl-Huvayrini arasında nüfuz mübarizəsi başlayıb.

Həm Cəbri, həm də Huvayrininin ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqələri olub.

Ancaq gərginlik onların sədaqətini üstələyib. Cəbri o dövrdə tacdar şahzadə olan bin Naifi dəstəkləyib, Huvayri isə gənc MBS-i. Sonda həm Cəbri, həm də Naif işdən qovulub.

2015-ci ilin sentyabr ayında Cəbrinin Məhəmməd bin Salmanın xəbərsiz, Vaşinqtonda CIA direktoru Con Brennanla  görüşdüyü bildirilir. Cəbri evə qayıdanda, kral fərmanı ilə işdən azad edilib.

“Washington Post” qəzetinin köşə yazarı David İqnatius yazıb ki, Cəbrinin işdən çıxarılması Məhəmməd bin Salmanın “səltənəti havaya uçurma və ya uçurumdan aşağı ata biləcəyinə” dair xəbərdarlıq əlamətidir.

2017-ci ilin iyun ayında növbə bin Naifə çatıb. Həmin ay o həm tac şahzadə, həm də daxili işlər naziri vəzifələrindən kənarlaşdırılıb, sarayda ev dustağına çevrilib.

Bin Naifdən sonra Huvayrini də vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı olub. ABŞ rəsmiləri o zaman “New York Times” qəzetinə verdiyi açıqlamada həm bin Naifin, həm də Huvayrininin itkisinin krallıqla kəşfiyyat məlumatı mübadiləsini əngəlləyəcəyini söyləyiblər. Lakin bir ay ərzində Huvayrini milli təhlükəsizliyə cavabdeh olan, yeni yaradılan Dövlət Təhlükəsizlik İdarəsinə rəhbər gətirilib, habelə daxili kəşfiyyat, xüsusi əməliyyat qüvvələri və antiterror fəaliyyətləri Daxili İşlər Nazirliyinin səlahiyyətlərindən alınaraq ona verilib.

O vaxta qədər Cəbri artıq ölkədən qaçıb.

 

Kanadaya qaçış

2017-ci ilin yayında Almaniyaya qaçdıqdan sonra Cəbri ABŞ-a gedib və onun Boston bölgəsində qaldığı güman edilir. Bu müddət ərzində o, Harvard Universitetinin Belfer Mərkəzi üçün bloq məqalələri yazıb.

Bin Naifin köməkçisi olaraq ABŞ kəşfiyyat icması ilə geniş əlaqələrinə baxmayaraq, məsələ ilə bağlı məlumat verən iki mənbə Donald Trampın hakimiyyətdə olduğu dövrdə Cəbrinin təhlükəsizliyinə əmin olmadığını söyləyib. 2017-ci ilin dekabrında o, ailəsi ilə Kanadaya gedib.

Cəbrinin vəziyyəti haqqında məlumat verən üçüncü bir mənbə “MEE”-yə deyib ki, Cəbri Kanadaya gələndən təqib edilir.

Kanadanın Xarici İşlər şərh verməyib.

 

“MBS dəvədir”

Kanada hökumətinin Cəbri və ailəsinə göstərdiyi yardımlar 2018-ci ilin avqustunda Ottava ilə Ər-Riyad arasında diplomatik münaqişə yaradıb.

Kanadanın Riyaddakı səfirliyi ərəb dilində tvitlər atdıqdan sonra, 48 saat ərzində Səudiyyə Ərəbistanı elçisini geri çağırıb, Kanada səfirini krallıqdan qovub, bütün yeni biznes və investisiya əməliyyatlarını dondurub.

Cəbrinin Kanadaya sığınması haqqında məlumat verən qaynaqlar bunu belə şərh edib: “Tvit sadəcə dəvənin donqarını qıran saman idi və dəvə – MBS-dir”.

Ottava Universitetinin dosenti olan Tomas Juno deyib: “MBS-in bunu niyə etməsinin səbəbi aydın oldu. Ancaq bu, Kanada ilə məyusluğunu artıran kiçik bir qıcıqlanma idi”.

 

İctimai radar

Cəbri krallıqdan ayrıldığı vaxtdan bəri ictimai radardan kənarda qalıb. Anonimlik şərtiylə danışan bir səudiyyəli dissident də bunu təsdiqləyib.

Keçmiş CIA təhlilçisi və “Brookings”-də Kəşfiyyat Layihəsinin direktoru Bryus Ridel Cəbrinin Kanadaya köçündən təəccüblənmədiyini söyləyib. “Dissident olan istənilən şəxs oğurlanmaq ya öldürülmək təhlükəsi ilə üzləşir. Tramp rəhbərliyi problemi qulaqardına vurur”.

2018-ci ilin noyabrında Səudiyyə jurnalisti Camal Xaşuqcinin öldürülməsində Məhəmməd bin Salmanın rolunu azaltdığına görə Tramp tənqid atəşinə tutulub.

FTB-in bildirdiyinə görə, Xaşuqcinin öldürülməsindən bir neçə həftə sonra Səudiyyə müxalifləri potensial təhlükə ilə qarşılaşdıqları barədə xəbərdarlıqlar edib.

Bu ilin əvvəlində Kaliforniyada yaşayan Əbdürrəhman əl-Mutayri “Daily Beast” “LA Times” qəzetlərinə verdiyi açıqlamada FTB-nin Səudiyyə hökumətinin onu ABŞ torpaqlarında oğurlanması cəhdinin qarşısını aldığını söyləyib.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə