XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

30 Mart 2020 - 12:41

Pentaqonun hərbi əməliyyat direktivi:İRAQDA "KƏTAİB HİZBULLAH" VƏ "SEPAH" HƏDƏFƏ ALINIR

Mark Mazzetti, Erik Şmitt

The New York Times”, 27.03.2020

 

Keçən həftə Pentaqon hərbi komandirlərə Amerika qoşunlarını təhdid edən İran dəstəkli milis dəstəsini məhv etmək göstərişi verib. Lakin Birləşmiş Ştatların İraqdakı baş komandanı belə bir kampaniyanın qanlı, əks-təsirli ola və İranla müharibə təhlükəsi yarada biləcəyi xəbərdarlığı edib.

Öz sərt xəbərdarlığında general-leytenant Robert Uayt yazıb ki, yeni bir hərbi kampaniya minlərlə Amerika əsgərinin İraqa göndərilməsinin əsas məqsədi və Amerikanın hərbi missiyası olan İraq qoşunlarını İŞİD-lə mübarizə təlimindən yayındıracaq.

Pentaqonun göstərişi və general Uaytın cavabı bir neçə Amerika rəsmisi arasında fikir ayrılığı yaradıb. Bəzi yüksək vəzifəli şəxslər, o cümlədən dövlət katibi Mayk Pompeomilli təhlükəsizlik üzrə müşavir Robert O’Brayen İran və onun etibarlı qüvvələrinə qarşı təcavüzkar hərəkətlər etməyə təşəbbüs göstərib və İrandakı liderlərin başı ölkədə pandemik böhrana qarışdığından onlar milis qruplarını məhv etmə fürsəti yarandığını düşünürlər.

Hərbi liderlər, o cümlədən müdafiə naziri Mark EsperBaş Qərargah Rəisləri başçısı general Mark Milli, prezident Trampın bölgədəki Amerika qoşunlarının sayını azaldacağına istinadla, hərbi kampaniyanın Yaxın Şərqi daha da qeyri-sabitləşdirə biləcəyi xəbərdarlığı edərək kəskin hərbi eskalasiyadan yayınmağa çağırıb.

Bununla belə, amerikalı səlahiyyətlilər Mark Esperin İraq daxilində yeni bir kampaniya hazırlamaq əmri verdiyini söyləyiblər. İran dəstəkli milis qruplarının Amerika qoşunlarına qarşı hücumlarını artırdığı təqdirdə Tramp seçim etmək imkanı əldə etsin deyə.

Martın 19-da Oval Offisdəki iclasda Tramp İraqda yeni kampaniyaya icazə verməyib, amma planlaşdırmaya razı olub.

Milli Təhlükəsizlik Şurasının sözçüsü mövzu ilə əlaqədar şərh verməkdən imtina edib.

Pentaqon sözçüsü Şon Robertson açıqlamasında deyib: “Qoşunlar İraq hökumətinin dəvəti ilə oradadır və İŞİD-in qalıqlarını məğlub etmək üçün İraq təhlükəsizlik qüvvələri ilə tərəfdaşlıq edirlər. Fərziyyələri və ya ehtimalları müzakirə etmək fikrində deyilik”.

Pentaqonun yüksək səviyyəli rəsmiləri və yüksək rütbəli komandirləri sıralarında sürətlə genişlənən koronavirus hadisələri ilə bağlı artan narahatlıqları müzakirə olunur, onlar bunu hərbçilərin döyüş hazırlığı potensialını təhdid etdiklərini ifadə edirlər.

Bir neçə Amerika rəsmisi martın 16-da yayılmış general Uaytın memorandumunun sərt tonuna təəccübləndiklərini söyləyib. Bundan 1 gün əvvəl o, Pentaqondan “Kətaib Hizbullah” kimi tanınan milis qrupunu məhv etmək əmri alıb. Onun qeydində belə bir kampaniyanın Amerika qoşunlarının ölkədə fəaliyyət göstərməsinə imkan verən İraq hökuməti ilə mövcud razılaşmaya zidd olduğu vurğulanır. Bundan başqa, çox güman ki, İraq rəhbərliyi Amerikalı müttəfiqləri və iranlılar arasında könülsüz seçim etmək məcburiyyətində qalacaq.

İranın dəstəklədiyi “Bədr” təşkilatının yüksək vəzifəli bir şəxsi – Kərim əl-Nuri deyib: “İraq İran və ABŞ-ın rəqabətinin qurbanı ola bilməz”, yəni son nəticə İranın lehinə olacaq.

Tehran uzun müddət İraqdakı şiə milis qruplarını həm Amerika, həm də İraq qoşunlarına qarşı vuruşmaq və hökumət daxilində siyasi təsir göstərmək üçün etibarlı qüvvə olaraq istifadə edib. Livan “Hizbullah”ı kimi “Kətaib Hizbullah” da həm hərbi, həm də siyasi qanada malikdir və İraq siyasətçiləri, müəssisələri, xeyriyyəçiləri və internet şəbəkələri ilə sıx əlaqəsi var.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Maykl Nayts deyib: “Bu, kölgə dövlətinə bənzəyir. “Kətaib Hizbullah”ın məhv edilməsi ilə bağlı istənilən genişmiqyaslı bir planın həyata keçirilməsi Tramp administrasiyası üçün böyük siyasi və təhlükəsizlik riskləri, habelə amerikalı hərbçilər üçün praktik çətinliklər doğurur”.

Bu, eyni zamanda, İraqın zəif mərkəzi hökuməti ilə münasibətləri gərginləşdirəcək. Yanvar ayında İraq parlamentinin üzvləri Bağdad beynəlxalq hava limanında Amerika pilotsuz təyyarəsi ilə İranın ən yaxşı komandirlərindən olan general-mayor Qasim Süleymani, habelə Əbumehdi əl-Mühəndisin öldürülməsindən sonra ölkədəki bütün ABŞ qoşunlarının çıxarılmasına çağırış ediblər.

Pompeo və general Milli də daxil olmaqla, bir sıra yüksək səviyyəli Amerika rəsmisi İraq təhlükəsizlik qüvvələrini Amerika qoşunlarına hücum edən şiə milis qruplarına zərbə endirməyə çağırdıb.

Pentaqonun direktivi ordunun Mərkəzi Komandanlığına İraqda milis qruplarının əməliyyatlarına sədd çəkən strategiya hazırlamağı əmr edib. Direktivdə bildirilib ki, İran hərbi qüvvələri – İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri – “Kətaib Hizbullah” döyüşçüləri ilə birlikdə olsalar, qanuni hədəfdirlər.

“Kətaib Hizbullah”ın raket zərbələri bu ay bir hərbi bazada 2 Amerika və 1 ingilis əsgərini öldürüb, bir gün sonra Amerika döyüş təyyarələri cavab zərbəsini endirib.

Bununla belə, Amerika rəsmiləri İranın milis qrupuna hücum əmri verdiyinə dair dəqiq bir dəlil olmadığını söyləyiblər. Lakin Pompeo və digər yüksək səviyyəli rəsmilər son həftələrdə təkcə “Kətaib Hizbullah”a qarşı deyil, həm də İran hərbi qüvvələrinə qarşı təcavüzkar hərbi hərəkətlər üçün mübahisə edirlər.

Martın 12-də Ağ Evdə keçirilən görüşdə Esper və general Milli raket hücumlarına daha məhdud təpki vermək barədə mübahisə ediblər. “Kətaib Hizbullah” tərəfindən istifadə edilən 5 silah anbarına gecə reydləri sifariş edən Trampla görüşdə.

Bir sıra Amerika rəsmiləri, “Kətaib Hizbullah”a qarşı hücuma təcili ehtiyac olduğunu söyləyib, çünki qrup, digər şiə hərbçiləri ilə İraq bazalarında yerləşdirilən ABŞ qoşunlarına qarşı zərbələr endirməklə hədələyib. Amerika hərbi kəşfiyyat idarələri böyük hücumların ola biləcəyinə dair əlamətlər aşkarlayıb.

“Kətaib Hizbullah” verdiyi açıqlamada döyüşçülərinə Birləşmiş Ştatlardan mümkün hücumlara hazırlaşmaq barədə xəbərdar edib, amerikalılar və onlara kömək edən hər bir iraqlıdan qisas alacağını bildirib.

Maykl Naytsın sözlərinə görə, Pentaqonun “Kətaib Hizbullah”a qarşı apardığı kampaniyanın hədəfləri, yəqin ki, qrupun rəhbərliyi, bazaları və silah anbarları ola bilər. Amerika kəşfiyyatı və hərbi rəsmilərinin bildirdiyinə görə, qrupun son bir neçə ay ərzində İran tərəfindən İraqa daxil edilmiş qısa mənzilli ballistik raket arsenalına sahib olduğu güman edilir.

Geniş kampaniya ilə İraq və Suriya ərazisindəki hədəflərə və ehtimal ki, “Kətaib Hizbullah”la birləşən İraqdakı digər şiə milislərinə zərbələr endirilə bilər. Eyni zamanda, Amerika rəsmiləri general Uaytın qeydindəki risklərin həqiqi olduğunu söyləyib və bəzi hərbi planlaşdırmaçılar Tramp administrasiyasının İraq daxilindəki hərbi əməliyyatları hər an kəskinləşdirməsinin axmaqlıq olacağını düşünürlər.

Hazırda İraqda 5 mindən çox Amerika əsgəri yerləşdirilib, onların əksəriyyəti İŞİD-ə qarşı missiyada İraq təhlükəsizlik qüvvələrinə təlim və məsləhət verirlər. Pentaqon rəsmiləri yaxın aylarda bu mövcudluğu 2500 əsgərə endirmək istəyirdi.

“Kətaib Hizbullah”a qarşı hər hansı bir kampaniyanın, Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələri də daxil olmaqla, hazırda Yaxın Şərqdə yerləşdirilən təxminən 70 min Amerika hərbçisini cəlb edəcəyi ehtimal olunur. Bu qoşunların 14 mindən çoxu İranla artan gərginliklər fonunda ötən may ayından bəri bölgəyə gətirilib.

Pentaqon, həmçinin “Patriot” batareyaları, “B-52” bombardmançı dəstələri, “Reaper” dronları və s. köməkçi heyət göndərib.

Son həftələrdə, milis hücumları və koronavirusa məruz qalma təhlükəsi artdıqca, ABŞ və Avropa müttəfiqləri kiçik koalisiya bazalarını iraqlı həmkarlarına təhvil verib və ya İraqI tərk ediblər.

Tərcümə: Strateq.az