XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

03 Aprel 2020 - 11:57

Koronavirus və neft qiymətləri:OPEC ÜZVLƏRİ VƏ DİGƏR NEFT İSTEHSALÇILARINI QARŞIDA NƏ GÖZLƏYİR?

Aleksey Xlebnikov

“Middle East Eye”, 02.04.2020

 

Rusiya Səudiyyə Ərəbistanının hasilatı daha da azaltma təklifini rədd etdikdən sonra OPEC+ (OPEC-plyus) -un razılığa gələ və sazişi uzada bilməməsi neftin qiymətinin kəskin enməsinə səbəb olub. Nəticədə, 3 ildir qüvvədə olan müqavilə aprelin 1-də pozulub.

Bu inkişaflar bazarı güzəştli neftlə doldurmaqla hədələyən Riyadda sərt təpki doğurub.

İndi bir çoxları Moskvanı tərəfdaşlarına arxa çevirən və neftin 1 barelinin 42.40 dollardan aşağı olmasından fayda görmədiyi üçün sazişdən imtina edən məsuliyyətsiz bir aktyor kimi görür. Üstəlik, bəzi hesablamalara görə, Rusiya neftin qiymətinin aşağı düşməsi səbəbindən gündə 150 milyon dollara qədər qazanc itirir.

Bu, Rusiya iqtisadiyyatına daha mənfi təsir göstərə biləcək COVID-19-la durumu ağırlaşdırıb.

Tərəfdaşlığı pozmaq

İstehsalın azalması ilə bağlı fikir ayrılıqları 2015-ci ildən bəri neft qiymətlərinin tarazlaşdırılması kimi ortaq məqsəd ətrafında güclənən Rusiya-Səudiyyə tərəfdaşlığını da sarsıda bilər.

Moskvanın bu potensial nəticələri hesablamadığına inanmaq çətindir.

İlin əvvəlindən neft qiymətləri, qlobal iqtisadiyyatda tələbatın böyüməməsi və COVID-19 pandemiyası da daxil olmaqla, bir neçə əsas amilə görə azalıb.

OPEC-in hesabatına görə, pandemiya tələb proqnozlarına böyük mənfi təsir göstərib.

Qlobal iqtisadiyyat neft tələbatının ən azı yarım il daha da azalacağı tənəzzüllə üzləşib.

Beynəlxalq Valyuta Fondu, BP-nin dünya enerjisinə dair statistik araşdırmasına əsaslanaraq, vəziyyətin 2008-2009-cu illərdəki maliyyə böhranından daha pis ola biləcəyini proqnozlaşdırıb. O zaman gündəlik tələbat 1,5 milyon barelə enmişdi.

“Bloomberg”-in araşdırmasına görə, bu ilin aprel ayında qlobal neft tələbatının təxminən gündəlik 17 milyon barelə enəcəyi gözlənilir.

Koronavirus qara qaranquş olsa da, qlobal neft istehlakı illərdir yavaşlayır. OPEC+un uğursuzluğundan əvvəl asta böyümə və koronavirus pandemiyası neft qiymətlərinin təxminən 30 faiz enməsinə səbəb olub. Səudiyyə-Rusiya “qırğınından” sonra qiymətlər dörddə bir qədər ucuzlaşıb və bundan sonra bu gün 1 barel 25 dollar civarına enib.

Tamamilə aydındır ki, OPEC+ razılaşmanı qoruya bilsə belə, neftin qiyməti asta-asta azalacaqdı.

Moskvadan xəbərdarlıq

Bəs Rusiya niyə neft hasilatını əlavə azaltmaq istəməyib?

Rusiya Energetika Nazirliyinin verdiyi məlumata görə, Moskva sazişdən tamamilə çəkilmək istəməyib, ancaq Riyad mövcud istehsal azalmalarının səviyyəsini genişləndirməyə, bunu koronavirus və qlobal neft tələbatı ilə uzla.dırmağa çağırıb.

Energetika nazirinin müavini Pavel Sorokin “Reuters”-ə bildirib: “Tələbin dibinin harada olduğu ilə bağlı heç bir aydınlıq olmadıqda, azalan tələbat vəziyyəti ilə mübarizə apara bilmərik. Bir dəfə azaltmaqla, hətta 2 həftə içində daha pis bir vəziyyətə düşürsünüz”.

Bundan əlavə, son illərdə OPEC-ə daxil olmayan bəzi ölkələr, ABŞ, Kanada və Braziliya da daxil olmaqla, neft hasilatını artırıb. Buna səbəb bahalı şist neft hasilatına qoyulan sərmayənin çoxalmasıdır.

2015-ci ildən bəri ABŞ neft hasilatını gündəlik 2,6 milyon barelə çatdırıb. Onun xam neft ixracatı 2015-ci ildən bəri 5 dəfə artaraq 465.000 bareldən 2019-cu ildə 3 milyon barelə, ümumi neft ixracı (xam, karbohidrogen qazları və digər mayelər daxil olmaqla) 4.7 milyon bareldən 7.6 milyon barelə yüksəlib.

Nəticədə, ABŞ önümüzdəki illərdə əlavə genişləndirmə imkanları olan mühüm yeni ixracatçıya çevrilib.

Bir çox cəhətdən bu dəyişiklik 2015-ci ilin dekabr ayında xam neft ixracına qoyulmuş embarqonun ləğvi ilə əlaqədardır. Müəyyən dərəcədə OPEC+ sazişi ABŞ şist neft istehsalçılarına son illərdə hasilatlarını artıraraq inkişaf etmələrinə kömək edib. Lakin hazırkı aşağı neft qiymətləri ABŞ şist neft istehsalçıları üçün problem yaradıb.

Bundan əlavə, prezident Tramp Bazar ertəsi günü prezident Putinə zəng edərək, təkcə Rusiya üçün deyil, ABŞ üçün də neft bazarındakı mövcud vəziyyəti müzakirə və neftin qiymətindən narahatlığını ifadə edib.

Beləliklə, bir sıra amillər – neftə olan tələbatın qlobal azalması, COVID-19, ABŞ və digər şist neft istehsalçılarından artan neft hasilatı və OPEK-in bazardakı payının azalması – Rusiyanın neft hasilatının azaldılmasına davam etdirməmək qərarına təsir göstərib.

Bundan əlavə, Rusiyanın Səudiyyə Ərəbistanı kimi neft hasilatını artıracaq qədər gücü yoxdur. Rusiya kifayət qədər sürətlə öz neft hasilatına gündəlik 200.000-300.000 barel əlavə edə bilsə də, hasilat gücü yalnız 11,8 milyon barelə çatacaq və 500.000 barelə qədər artırması üçün ona yarım il vaxt lazımdır.

Vahid cəbhə yaratmaq

Bu fonda Rusiya-Səudiyyə əməkdaşlığı risk altındadırmı?

Qlobal neft istehsalçıları olmaqla yanaşı, onlar OPEC+ sazişinin əsas dayaqları idi. 2014-2015-ci illərdə qlobal neft qiymətlərinin düşməsindən bəri Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman Kremllə yeni münasibət qurub.

Hazırkı qarşıdurma ikitərəfli münasibətlərə zərbə vursa da, ölümcül deyil və OPEC+ formatını da məhv etmir. Moskva Riyadı neft bazarında vacib bir aktyor kimi görür və onlar gec-tez dialoqu bərpa etməli olacaq.

OPEC-in bazar payını itirməsi qlobal neft qiymətlərinə ardıcıl təsir göstərmək qabiliyyətini sarsıdırsa da, bu kartelin üzvləri ümumi riskləri azaldaraq vahid cəbhə yaratmaq imkanına malikdir.

Qlobal iqtisadi qeyri-müəyyənlik doğuran COVID-19 pandemiyasının müddəti ilə bağlı heç bir aydınlıq olmadıqca, OPEC+ sazişinin xüsusi mənası yoxdur. Lakin qlobal iqtisadiyyat bərpa olunduqda, bu format Rusiya və Səudiyyə Ərəbistanına yeni saziş bağlamağa imkan verən qlobal neft qiymətlərinin tənzimlənməsinə kömək edə bilər.

Tərcümə: Strateq.az