XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 21:00

DÜNYA NEFTİ 2020-Cİ İLİN ŞAHMAT TAXTASINDA:Putin strategiyası dünya iqtisadiyyatına meydan oxuyur - TƏHLİL

Mehmet Ali Güller

“Cumhuriyet”, Türkiyə, 04 aprel 2020-ci il

 

Dünyanın koronavirusla sınandığı bu günlərdə qlobal məsələlərdən  biri də hər zaman öz aktuallığını qoruyan neft siyasətidir. Əsl oyunçuları Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ olan bu böyük oyunda  Putinin güclü həmlələri bu oyunun sonunu gətirəcək kimi görsənir. Səudiyyə Ərəbistanı mat olmamağa, ABŞ isə Rusiyanın bərabərliyə razılaşmasına çalışır.

Şist neft faktoru

Neft ixrac edən ölkələrin təşkilatı sayılan OPEC 1960-cı ildə qurulub. Təşkilatın 14 üzvü bilinən neft ehtiyatlarının 3-də 2-sini əlində saxlayır. Bu da, sözün əsl mənasında, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi həmin təşkilatı neft qiymətlərini tənzimləmədə mərkəzi faktor halına gətirir.

2017-ci ildə dəyişən siyasi və iqtisadi şərtlər  “OPEC+”un yaranmasına səbəb oldu –  14 OPEC üzvü ilə Rusiyanın rəhbərlik etdiyi OPEC üzvü olmayan 10 neft ixracatçısı ölkə qiymətlərin təyin edilməsində məcburi razılaşmaya getdilər.

Bundan daha önəmli olan məsələlərdən biri də ABŞ-ın şist neft istehsalı idi. Şist neft istehsalı sayəsində ABŞ, məsələn,  2008-ci ildə günlük 5 milyon barel neft istehsal edə bilirdisə, bu, 2020-ci ildə 13 milyon barelə çatdı.

Koronavirus və neft böhranı

Koronavirus pandemiyası səbəbindən Çinin məcburən aldığı sərt tədbirlər ölkədə sənaye istehsalını aşağı saldı. Bu da ən böyük neft idxalçısı sayılan Çinin neftə tələbini azaltdı. Buna qlobal tədarük zəncirindəki qopmalar və nəqliyyat sahəsindəki azalma da əlavə olunduqda, neftin qiyməti sürətlə düşməyə başladı.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC üzvləri qiymətin düşməsinin qarşısını almaq üçün istehsalı azaltmağa çalışsa da, Rusiyanı buna razı sala bilmədi. Bu səbəblə də Səudiyyə Ərəbistanı  istehsal sahəsində işlərini intensivləşdirdi –  böyük ehtimalla, rəsmi Riyad iqtisadiyyatı neft və təbii qaz satışına dayanan Moskvanın intensiv xarakter alan sənaye istehsalı zamanı qiymətlərin düşməyinə çox da tab gətirə bilməyəcəyini təxmin edirdi. Beləliklə, qiymətlər sürətlə düşməyə başladı.

Putinin strategiyası

Ancaq görünən odur ki, Tramp və şahzadə Salman taktiki səviyyədə irəliləyərkən, Putin böyük strateji həmlələr üzərində çalışırdı. Nəticədə, iqtisadiyyatının neftin ucuzlaşmasına tab gətirə biləcəyini hesablayan rəsmi Moskva bu böhranı bir fürsətə çevirdi və Avropa bazarında Rusiyanı sıxışdıran ABŞ-ın şist neft istehsalçılarını “yüksək vəsait”lə zəiflətməyi hədəflədi.  Yəni, neftin qiyməti düşdükcə, həmin qiymətdən baha olan şist neft istehsalçısı amerikalılar istehsalı artırmaqda çətinlik çəkəcək və Avropa bazarındakı hissələri  sürətlə azalacaqdı.  Hərçənd ki, elə bu mənzərə yavaş-yavaş görsənməyə başlayıb.

ABŞ-ın yanlış taktikası

ABŞ neft qiymətlərinin düşməsi ilə öncəliklə Rusiyanın iqtisadiyyatını böhrana uğradacağını, sonra isə Avropa bazarında öz hissələrini artıracağını hesablamışdı. Rəsmi Riyad isə qiymətlərin enməsi ilə avropalı müştərilərinin Rusiyanın əlinə keçəcəyini düşünürdü.

Ancaq iqtisadi böhrana məruz qalmayan Rusiya amerikalı istehsalçıların istehsal edə bilməyəcəkləri qiymətlərə qədər neftin düşməsinin yolunu açdı. Bu müddət ərzində Putinin ən önəmli  mənfəəti  koronavirusla mübarizədə qalib gələn və sonradan Rusiyadan neft almağa davam edən Çin idi.

ABŞ-ın bu məsələdə üçüncü hədəfi də Səudiyyə Ərəbistanı və Rusiya ittifaqına dayanan  “OPEC+” razılaşmasına “çomaq soxaraq”, ABŞ-Səudiyyə ittifaqı qurmaq niyyət idi.

Neft-Dollar sisteminin sonu görsənməyə başlayır

Ancaq həm Vaşinqton, həm də Riyad, Moskvanın neft qiymətlərinin azalmasına qarşı dirənişinə uduzmaq üzərədirlər. Hansı ki, öz iqtisadiyyatları böyük çətinliklə üzləşdi. Bu səbəblə də Moskvanı yeni bir təklifə razı salmağa çalışırlar – “Energetika birjalarını balanslaşdırma” təklifi və bunun qarşılığında ABŞ-ın Səudiyyə Ərəbistanı ilə neft ittifaqı qurmaq planlarından vazkeçməsi.

Putin yaranan vəziyyət qarşısında fikirlərini belə ifadə edir:  “ OPEC ölkələri və ABŞ-la neft qiymətləri barəsində danışıqlar aparırıq. Vəziyyət – ABŞ iqtisadiyyatı çətin imtahan qarşısındadır” –  1 aprel 2020-ci il.

Danışıqlar müddətində tərəflər razılığa gələcək, yoxsa aktyorlar bir-birlərinin dözümlülüyünü yoxlamaq üçün bu prosesi bir az da uzadacaqlar? OPEC və OPEC xarici ölkələrin 6 apreldə baş tutacaq videogörüntülü konfransında bu, çox güman ki, dəqiqləşəcək.

Lakin konfransın nəticəsi nə olarsa olsun,  bu, sadəcə olaraq, qısa müddətli həll yolu sayılacaq.

Çünki uzun bir zaman içində görsənən yeni mənzərə formalaşıb –  ABŞ hegomoniyasına söykənən neo-liberalizmin və neft-dollar sisteminin çöküşü.

Artıq əsas məsələ, çökənin yerinin necə doldurulacağıdır.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə