XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2020 - 21:43

PAŞİNYAN PUTİNƏ ZƏNG VURDU –Ermənistan qaz məsələsində Rusiya ilə dil tapa bilmir - TƏHLİL

Sarqis Artsruni

“1in.am”, Ermənistan, 08 aprel 2020-ci il

 

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan telefon söhbəti zamanı yeni tip koronavirusla mübarizə tədbirlərini müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: “Koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər müzakirə edilib. Bu kontekstdə, Nikol Paşinyan Rusiya tərəfindən göstərilən yardıma görə böyük minnətdarlıq bildirib”.

Bununla birlikdə, əlavə edilib ki, “danışıq erməni tərəfinin təşəbbüsü ilə baş tutub”.

Qeyd edilir ki, danışıq zamanı Putin və Paşinyan ikitərəfli əməkdaşlığın aktual məsələlərinə, həmçinin Avrasiya İqtisadi Birliyi xətti ilə qarşılıqlı əlaqə məsələsinə də toxunublar. Bundan əlavə, gələcək təmasların qrafiki razılaşdırılıb.

Paşinyanla Putinin telefonda danışması faktı, şübhəsiz, müsbətdir. Çünki son həftələrdə belə təəssürat yaranmışdı ki, erməni tərəfinin Moskva ilə təmasları yalnız Baş nazir Mişustinlə məhdudlaşır.

Bu, əlbəttə, erməni-rus münasibətlərinin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı endirirdi. Yeri gəlmişkən, bu durum son günlərdə bizim ekspert dairələrində aktiv müzakirə olunur, hətta müəyyən spekulyasiyaya məruz qalırdı.

Ancaq o da qayğı yaradır ki, həmin telefon danışığı barədə rəsmi Yerevan və Moskvanın yaydığı məlumatlarda, ən azı, aksentlərdə əhəmiyyətli fərq vardır. Rusiyanın bizim artıq təqdim etdiyimiz rəsmi məlumatında qaz haqqında bir söz də yoxdur.

Halbuki Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, tərəflər həmçinin Ermənistana təbii qazın verilməsilə bağlı məsələləri də müzakirə ediblər.

Diqqətçəkəndir ki, Nikol Paşinyan feysbukda 4 saatlıq birbaşa efirdə olan zaman Rusiya prezidentiylə arasındakı telefon danışığının mahiyyətinin bir sıra təfərrüatları haqqında məlumat verib. Baş nazir qeyd edib ki, bu gün bizim qaz sistemindən effektli istifadə ilə bağlı problemimiz var, bunu həll etməliyik. O deyib ki, Baş nazirin müavini Mqer Qriqoryan qazın qiymətinin endirilməsi üçün hökumətin adından “Qazprom”a müraciət edib.

Baş nazir qiymətlərin qaldırılmasının mümkünlüyü ilə bağlı isə deyib: “Biz qazın qiymətinin endirilməsi üzrə danışıqlara başlamağı təklif etmişik”.

Nikol Paşinyan bildirib: “Bu gün biz bu məsələni Rusiya prezidenti ilə müzakirə etdik və mən dedim ki, humanitar və iqtisadi böhran vəziyyətini nəzərə alaraq gözləyirəm ki, biz ortaq məxrəcə gəlmək üçün bu məsələni Rusiya prezidenti ilə müzakirə edə bilərik. Və Rusiya prezidenti də bu məsələyə müdaxilə edir ki, biz “Qazprom Armeniya”nın tələbnaməsi üzrə qərar qəbul edə bilək. Bu böhranlı vəziyyətdə bizim cəmiyyətimiz və hökumətimiz qəbul edə bilmir ki, (qiymətlərin qaldırılmasının mümkünlüyü ilə bağlı – tərc.) belə qərar qəbul edilə bilər”.

Putinin nə cavab verdiyi isə aydın deyil, çünki Baş nazir bu barədə hər hansı bir təfərrüat verməyib. Ancaq mövcud qeyri-müəyyənlikdən çıxış edərək, bir neçə nəticə çıxarmaq olar.

Qaz məsələsinin müzakirəsinin iki ölkə rəhbərinin səviyyəsinə çıxması faktı deyir ki, “Qazprom Armeniya” müvəqqəti olaraq öz qalmaqallı tələbnaməsini ləğv edə bilər. Şübhəsiz ki, Moskva da bu hekayəni özünün “müttəfiqi” Ermənistana vacib siyasi jesti kimi təqdim edəcəkdir.

Digər tərəfdən, əgər Kreml özünün yaydığı məlumatda qaz məsələsini gündəlik məsələsi hesab etmirsə, fərz etmək olar ki, Moskvada rəsmi Yerevanın prinsipial hesab etdiyi bu məsələni – sərhəddə verilən qazın qiymətinin aşağı salınmasını müzakirə etmək niyyətində deyillər. Əlbəttə, Moskvanın belə yanaşması özlüyündə AİB-nin mövcudluğunu mənasız edir. Lakin o da faktdır ki, Rusiyada bənzər strukturları böyük dövlətçilik gündəliyinə xidmət etmək lazım olduqda xatırlayırlar.

Beləliklə, qazın tarifi məsələsi kölgədə qalmağa davam edir və hətta Nikol Paşinyanın feysbukdakı canlı yayımı da bu məsələyə aydınlıq gətirməyib.

Tərcümə Strateq.az-ındır