XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 20:15

ABŞ-ın DƏSTƏKLƏDİYİ KƏŞFİYYAT RƏİSİ İRAQIN BAŞ NAZİRİ OLDU:koronavirus ABŞ-İran gərginliyini səngidə bilməyib - TƏHLİL

Taha Dağlı

“Haber7.com”, Türkiyə, 10 aprel 2020-ci il

 

Dünya koronavirus pandemiyası qarşısında hipnoz olduğu bir vaxtda, İraqda ağlasığmaz hadisələr yaşanır. ABŞ və İranın İraqda mövcud olan qarşıdurması daha da alovlanır. ABŞ öz hərbi qüvvələrini şimala – Kürd bölgəsinə doğru çəkərkən, bütün kürdlərin dəstəklədiyi İraqın Kəşfiyyat naziri Baş nazir postuna gətirilir. Yaşanan hadisələrdən sonra ABŞ İranı bu ərazilərdən birdəfəlik təmizləyəcək, yoxsa 2003-cü ildən kağız üzərində qalmış “İraqın bölünməsi” məsələsi bu pandemiya günlərində gündəmə gətiriləcək?  Bu sualın cavabı çox mühümdür. Hətta ABŞ və İranın bir-birlərinə verə biləcəkləri, yaxud vermiş  kimi göstərilən zərərdən, ziyandan daha da mühümdür.

İraqda hansı hadisələr baş vermişdi?

ABŞ və İran dekabr ayının sonları və yanvarın əvvəllərində İraqda, az qala, açıq müharibəyə başlayacaqdılar. ABŞ İranın İraqdakı hərbi bazalarını vurmuş, İranyönümlü silahlı qruplaşmalar da ABŞ-ın İraqdakı səfirliyinə hücum etmişdi. Sonra ABŞ İraqda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Qasım Süleymanini öldürmüşdü. İran isə bu sui-qəsdə ABŞ-ın İraqdakı iki hərbi bazasını bombalayaraq cavab vermişdi.

Pandemiyanın Çindən sonrakı növbəti dayanacağı – İran

ABŞ və İran İraqda bir-birlərinə qarşı güc həmlələri edərkən, Çində koronavirus infeksiyası çoxdan başlamışdı.  Fevral ayının əvvəllərində isə virus Çindən İrana yayıldı. İndi isə virusun ən çox vüsət aldığı ölkələrin başında ABŞ gəlir. Hər iki ölkə də pandemiya ilə mübarizə apararkən, mövcud olan siyasi münaqişə yenidən alovlanmağa başladı və bu dəfə də ünvan İraq oldu.

Baş vermiş sensasion hadisələrin ardıcıllığı

11 martİraqın Taci bölgəsindəki hərbi baza İranyönümlü silahlı qruplaşmalar tərəfindən bombalandı. Hadisə nəticəsində 2 ABŞ və 1 İngiltərə hərbiçisi həlak oldu.

27 mart Pentaqon İraqdakı ABŞ silahlı birləşmələrinə “hazır ol!” komandası verdi.

28 martABŞ-ın yüksək səlahiyyətli nümayəndələrindən biri  İraqda mövcud olan İranyönümlü silahlı qruplaşmalara qarşı genişmiqyaslı əməliyyatlara başlayacaqlarını bəyan etdi.

30 martİran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri bölgədəki havadan müdafiə sistemlərini aktivləşdirdilər.

31 martABŞ Bağdadda işləyən Konsulluq işçilərini Ərbilə göndərdi.  Hətta iddia edildi ki, ABŞ Konsulluğu Ərbil şəhərinə köçürüləcək. Bağdad və ətrafında yerləşən bütün ABŞ hərbi bazaları qısa müddətə boşaldıldı, hərbçilər İraqın şimalına çəkildilər. Boş qalan həmin bazalara isə “Patriot”lar (uzaqmənzilli raket sistemləri – tərc.) yerləşdirildi.

1 aprelABŞ Prezidenti Donald Tramp bir açıqlamasında “gələn məlumatlara görə, İran İraqda yerləşən bazalarımıza və hərbçilərimizə hücumlar təşkil etmək niyyətindədir. Belə olacağı təqdirdə, bunun qarşılığı İran üçün fəlakət olacaq” –deyə bildirdi.

1 aprel –  Qasım Süleymaninin öldürülməsindən sonra Qüds Qüvvələri Komandanı postuna gətirilən İsmayıl Qaaninin, əslində Bağdadda olduğu ortaya çıxdı. General şiələrin nüfuzlu lideri kimi tanınan Müqtəda Əs-Sədrlə görüşmək istəsə də, Sədr ona görüşmək üçün vaxt ayırmadı.  Məlumatlı mənbələrə görə, həmin gün Qaani İraqda sadəcə olaraq, İranın təsiri altında olan iraqlılarla görüşə bilib.

2 aprelİran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Məhəmməd Bağıri “İraqda  ABŞ-ı hədəfə alanlar iranlı yox, iraqlı silahlı qruplaşmalardır” deyərək, özlərinin hərbi hazırlıq təlimləri keçib İraqa göndərdikləri Həşdi-Şabi adlı silahlı birləşməyə diqqət çəkdi.

3 aprelİraqdan İranın açıqlamasına cavab gecikmədi. İraqlı deputat Misal Alusi  İranın İraqda qurduğu silahlı birləşmələri “terrorçu ünsürlər” adlandırdı və qeyd etdi ki, baş verəcək hadisələrdən İraq hökuməti məsuliyyət daşımır.

3 aprelİraqda İran və İraq tərəfdarları arasındakı qırmızı cizgi yox olmaq səviyyəsinə çatarkən, ABŞ hərbi donanmasına aid 3 gəmi Hörmüz boğazına daxil oldu.

4 aprelİraqda yerləşən İranyönümlü silahlı qruplaşmaların liderləri ABŞ əsgərlərinə hücumlar təşkil ediləcəyini bəyan etdi.  Həmin gün İranın Bəsrə körfəzindəki sahillərə uzaqmənzilli raket sistemləri quraşdırıldı.

5 aprelİsrailə məxsus qırıcı təyyarələr İraq-Suriya sərhədində yerləşən İranyönümlü silahlı birləşmələrin qərargahını bombaladı.

Yaranan bu gərginliklərdən nə nəticə çıxarmalıyıq?

ABŞ İranla İraqda mübarizə apararkən, həm də Bağdad və ətrafını boşaldır. Şimala doğru çəkilərək, Kürd bölgəsinə və Ərbil ətrafına yerləşir. Bağdadın şimalından başlayaraq, Suriya sərhədini də İran qüvvələrindən təmizləməyə çalışır.  Həmin bölgədə isə ABŞ-ın himayəsi altında olan PKK işğalı hökm sürür.

Öz ölkəsində öz həkiminə maska tapmaqda çətinlik çəkən ABŞ, Suriya – İraq sərhədində məskunlaşan PKK-lı terrorçulara 1 milyon 200 min dollar qiymətində maska və digər tibbi ləvazimatlar göndərir. Pentaqon etdiyi bu dəstəklə dünyaya “virus dövründə və virusdan sonra da PKK-nı himayə edəcəyəm” mesajını verir.

İraqda Baş nazir postuna bütün kürd partiyalarının dəstəklədiyi fiqur gətirilir

Bütün bu hadisələr fonunda ABŞ İraq ərazisində İranla bu qədər gərgin siyasət apararkən, bir yandan da çox təsirli və diqqət cəlb edən siyasi addım atıldı. Noyabr ayı ərəfəsində ölkədə başlayan güclü mitinqlərdən sonra vəzifəsindən istefa etmiş Abdulmehdinin yerinə yeni Baş nazir hazırlandı. İraqın şimalındakı BərzaniTalibani başda olmaqla, kürd siyasi fiqurlarının çoxunun dəstəklədiyi  İraq kəşfiyyatının rəhbərliyindəki Mustafa Əl-Kazımi İraqın Baş nazir postuna gətirilərək, ona yeni hökumət qurmaq vəzifəsi tapşırıldı.

Əl-Kazımi həm bütün kürdlərin, həm də Müqtəda Əs-Sədr kimi İranın İraqdakı təsirini rədd edən şiə rəhbərlərinin dəstəyini alıb.  Eynilə, Əl-Kazımi də İraqın şimalında yerli idarəni ələ alan Məsrur Bərzani kimi keçmiş kəşfiyyat rəhbəridir və ən önəmlisi, ABŞ-ın sevdiyi  fiqurlardan biridir.

Əl-Kazıminin İrana qarşı münasibəti elə də yaxşı deyil. Qasım Süleymani İraqda sui-qəsdə uğradığı zaman İraq kəşfiyyatının rəhbərliyində Əl-Kazımi var idi və iranlılar Süleymanini ABŞ-a onun satdığını iddia edirdilər.

QEYD: İraqın Baş nazirinə vəzifə verilməsinin 9 aprel tarixində olması, yəni, Bağdadda Səddam hakimiyyətinin süquta uğraması ilə bir günə düşməsi heç də təsadüfə bənzəmir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə