XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2020 - 12:49

Qasim Süleymaninin başmağını geymiş xələfi:İRANIN REGİONAL TƏSİRİ BARƏDƏ GERÇƏKLƏRİ TƏXƏYYÜLLƏRDƏN NECƏ AYIRMALI?

Raz Zimmt

“Antlantic Council, 10.04.2020

 

Tehranda bir diplomatla danışan İranın Bağdaddakı səfiri İraq şiələri arasındakı fəaliyyətləri barədə məlumat verib. Onun sözlərinə görə, bu fəaliyyətə müqəddəs Nəcəf və Kərbəla şəhərlərinə həftəlik ziyarət, din xadimlərinə rüşvət təklifi, İranın İraqdakı səfirliyi və konsulluqlarına baş çəkməyə təşviq daxildir. İran səfirinin məruzəsi İslam Respublikasının regional nüfuzunu artırmaq səyləri çərçivəsində İraqda artan iştirakının göstəricisi kimi qeyd edilə bilər. Ancaq İsrail Milli Arxivindən götürülən bu hesabat çox uzaq tarixə, 10 may 1965-ci ilə aiddir. O, İsrailin Tehrandakı nümayəndəsi Meir Ezrinin İranın Bağdaddakı yeni səfiri Mehdi Pirastə ilə görüşündən sonra yazılıb.

İranın regional ambisiyaları, həmçinin nüvə proqramı 1979-cu il İslam İnqilabından başlamayıb. Bundan əlavə, 2011-ci ildən bəri Ərəb dünyasındakı siyasi qarışıqlıq İranın ərəb ölkələrinin zəif nöqtələrindən faydalanaraq bölgədəki nüfuzunu genişləndirməsi üçün yalnız yeni imkanlar açıb. İŞİD-in ərazi vahidi olaraq dağılması və Suriya prezidenti Bəşər Əsədin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) və Rusiyanın köməyi ilə əldə etdiyi qazanclar Tehrana gələcəkdə Suriya və İraq üzərində sahibliyini genişləndirmək imkanları verib.

Amma aylardır  bizə deyirlər ki, İran bölgədəki təsirini itirir. Birincisi, bu, “terrorçulara ağır zərbələr vuran” və bölgədəki “hərbi avantürizmi” əhəmiyyətli dərəcədə məhdudlaşdıran Tramp administrasiyasının tətbiq etdiyi cəza sanksiyaları ilə əlaqədardır. Sonra İsrail Müdafiə Qüvvələri İranın Suriyada möhkəmlənməsinin qarşısını “müvəffəqiyyətlə” alıb. Bunun ardınca Livan və İraqdakı nümayişlərlə “İranın Yaxın Şərqi itirdiyi” iddia edilib.

Bundan sonra İranda 2019-cu ilin noyabr etirazları baş verib, bu da rejim dəyişikliyinə ümidi artırıb. Bu ilin yanvar ayında “Qüds” qüvvələrinin komandanı Qasim Süleymani öldürülüb və bu, İranın regional hökmranlıq planlarına böyük bir zərbə kimi təqdim olunub.

Nəhayət, İranın regional hakimiyyəti üçün ən son ehtimal olunan təhlükə indi Tehranın Yaxın Şərqdəki zərərli fəaliyyətlərini ləngidən kimi görünən koronavirusdur.

İran regional təsirini artırmaq istəyərkən, şübhəsiz ki, bir sıra fundamental maneələrlə üzləşib. İsrailin fəaliyyətləri sayəsində İranın Suriyadakı hərbi möhkəmlənməsinin sürəti, habelə Livan “Hizbullah”ının dəqiq idarə olunan raketlərlə silahlanması ləngidilib. Rusiya, ABŞ və Türkiyənin iştirakı da İranın Suriya və İraqı təsir dairəsinin bir hissəsi olaraq formalaşdırmaq imkanlarını məhdudlaşdırır. Bundan əlavə, İranın Bağdad, Şam və Beyrutun daxili işlərinə geniş müdaxiləsi Ərəb dünyasında artan siyasi və ictimai müxalifliyə səbəb olub. Tehranın öz vətəndaşlarının çətinliklərini həll etmək hesabına hüdudlarından kənara sərmayə axıtması İranda daxili tənqidlər də doğurub.

COVID-19 böhranı İranın ən çətin vaxtlarından birinə təsadüf edib. ABŞ-ın 2015-ci il nüvə sazişindən çıxması və birtərəfli sanksiyaların yenidən tətbiq etməsi İran iqtisadiyyatını misli görünməmiş böhrana sürükləyib, onsuz da mövcud olan problemləri daha da artırıb.

Son zamanlar Rusiya və Səudiyyə Ərəbistanının neft qiymətləri müharibəsinə görə neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi İranın iqtisadi çətinliklərinə qatqı verib. Süleymaninin ölümü də İranın Yaxın Şərqdəki strateji hədəfləri, ən azı, qısamüddətli perspektivdə irəliləmə qabiliyyətinə ciddi zərbə vurub.

Bununla belə, İran bir daha sübut edib ki, məhdud və zəif tərəflərinə baxmayaraq, təkcə rejimin yaşamasına deyil, həm də regional təsirinə təhdidləri dayandırmağı, onları imkanlara çevirməyi bacarır. İran, şübhəsiz, yaxınlıqdakı digər oyunçularla müqayisədə, regional oyunu necə oynayacağını bilir. Tehranın öz ambisiyalarının yerinə yetirilməsi üçün səbr etməyi bacarır, yüksək əzmli və praqmatikdir, strategiyasını yeni çağırışlara cavab vermək üçün necə uyğunlaşdıracağını bilir.

Əslində, İranın İraqdakı son fəaliyyəti – ABŞ qüvvələri və İran tərəfdarı şiə milisləri arasında artan eskalasiya və Bağdaddakı siyasi hadisələr fonunda – Süleymaninin ölümündən sonra Tehranın öz missiyalarını yenidən qiymətləndirdiyini və əməliyyatlarını ABŞ-ın İraqdakı qoşunlarını çıxarmağa məcbur etmək kimi maraqlarını həyata keçirməyə imkan verən bir şəkildə dəyişən vəziyyətə uyğunlaşdırdığını göstərir.

Aprelin 9-da İraqın baş naziri təyin olunmuş Adnan əl-Zurfi – İranın dəstəklədiyi siyasi partiyaların onu “Amerika casusu” olmaqda günahlandırdığı sərt müqavimətdən sonra – yeni hökumət qurulması rolundan çəkinib. Buna görə də, İraq prezidenti Bərham Salih İraq kəşfiyyatının rəhbəri Mustafa əl-Kazimini baş nazir təyin edib. Son bir neçə həftə ərzində İran, əl-Zurfinin yeni bir hökumət qurmağı bacaracağı ilə bağlı narahatlıqları fonunda, İraqdakı yeni hökumətin quruluşu prosesinə təsir göstərmək səyləri aparıb.

Əl-Kazimi, şübhəsiz ki, iranlıların İraqın baş naziri kimi görmək istədiyi şəxs deyil. Lakin Tehran onunla əl-Zurfi arasında seçim etmək məcburiyyətində qaldıqda, iranlılar İraqdakı əsas siyasi qüvvələri öz maraqlarına ən mühüm təhdid sayılan siyasətçiyə qarşı birləşdirə biliblər.

Bu dəfə İranın İraqdakı siyasi prosesi uğurla həyata keçirtmək səylərini Qasim Süleymani etməyib. Onun əvəzinə, bunu keçən ay Bağdadda Kazimi ilə görüşən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və keçən həftə Bağdada səfər etmiş İsmayıl Qaani həyata keçirib. Bəli, bəzilərinin iddia etdiyi kimi, guya Süleymaninin başmağını geyinsə də, onun yerişini yeriyə bilməyəcəyi Qaani…

İranın regional təsirinə dair yeganə həqiqət rejimin və iqtisadiyyatın sabitliyi ilə bağlı olmasıdır. İran, əlbəttə, istər evdə, istərsə də xaricdə bir çox problemlərlə üzləşib, lakin regional təsiri azalmadığından nə rejim, nə də iqtisadiyyatı tezliklə dağılmayacaq. Əslində, illərlə davam edən iqtisadi sanksiyalar, dövlət qurumları və İİKK-nin geniş iştirak ilə əlaqəli olan iqtisadiyyatın mərkəzləşdirilməsi İranın böhranlara uyğunlaşma qabiliyyətini bir qədər yaxşılaşdırıb.

Çoxları bundan əsəbi və məyus olur, amma vəziyyət belədir – ən azı indi. Əlbəttə ki, on illər boyu “dağılmaq ərəfəsində olan” İslam Respublikasının yoxluğunda yeni Yaxın Şərqin və illərdir “ölümün pəncəsində olan” Ali Rəhbər Ayətullah Əli Xamnəisiz və ya bölgədə İran tərəfdarı milislərsiz dövrün astanasında olmağımız fərziyyəsinə əsaslanan strategiyaların təbliğini davam etdirən hər kəs təkrar-təkrar reallıqla üzləşmək məcburiyyətində qalacaq.

İran – uzun tarixi və müxtəlif güc mərkəzləri olan mürəkkəb və inkişaf etmiş bir dövlətdir. Lakin məhz buna görə İran həyəcanverici, zəif cəhətləri şişirdən yanaşmalara, arzuolunan düşüncələrə əsaslanan deyil, möhkəm və məsuliyyətli bir təhlil tələb edir.

Tərcümə: Strateq.az

 

Qeyd: Raz Zimmt, Təl-Əvib Universiteti Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun (INSS) İran üzrə ixtisaslaşmış elmi işçisi, həm də İsrail ordusunda İran üzrə veteran mütəxəssisdir.