XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 13:40

“Gizli Bakı”:Rusiya-Qərb qaz savaşının mühüm səngəri Azərbaycandan keçir – Təhlil

dehliz esas

Voyçex Yakubik,

Biznes Alert (Polşa)

 

Hələlik “Şimal axını – 2” layihəsi ətrafında mübahisələr davam edincə rusiyalılar cənub cəbhəsini yenidən açırlar. Onlar Aralıq dənizi ölkələrini Qara dəniz vasitəsilə qaz tədarükü konsepsiysına qoşulmağa inandırmaq istəyirlər. Bu cəhdlər, əsasən, təbliğat xarakterlidr, çünki faktlar indiyədək rəqib layihənin – AB və ABŞ-ın dəstəklədiyi “Cənub qaz dəhlizi”nin lehinə danışır.

"Qazprom", İtaliyanın "Edison" və Yunanıstanın "DEPA" şirkətləri fevralın 24-də Romada Rusiya qazının Qara dəniz vasitəsilə Yunanıstan və İtaliyaya tədarük imkanları mövzusunda memorandum imzaladı. O, “Rusiya qazının Avropaya tədarükünün cənub istiqaməti”nə təməl olmalıdır. Bu məqsədə yetişməyin əvvəlki ideyaları Bolqarıstana “Cənub axını” (ildə 63 milyard kubmetr), sonra isə Türkiyəyə “Türk axını” olub (əvvəlcə ildə 63, sonra 15,75 milyard kubmetr).

Birincini prosedur iddialarına (əyri tenderlər) və hüquqi özəlliyə (AB-nin üçüncü energetik zərfinə uyğunsuzluq) görə Avropa komissiyası bağladı. Türkiyə ərazisi üzərində Rusiya qırıcısı ilə bağlı insidentdən sonra Moskva ilə Ankara arasında yaranmış siyasi gərginlik kontekstində ikinci layihənin aqibəti naməlum qalır. “Poseydon” adlı Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri (ITGI) ideyasına dönüş yeni qərar olmalıdır. Bu, əvvəlcə “Şahdəniz” yataqlarını idarə edən konsorsiumda iştirak edən Azərbaycandan qaz tədarükü layihələrindən biri idi. Lakin Avropa komissiyası və Vaşinqtonun siyasi və maliyyə dəstəyi yönəltdiyi Transadriatik qaz kəməri (TAP) konsepsiyası qalıb gəldi. Marşruta Albaniyanı qoşmaq nəzərdə tutulurdu.

Əvvəlki layihəyə qayıdış cənuba tədarük buraxılışını nəzəri baxımdan sürətləndirməlidir. 2007-ci ilin noyabrında Yunanıstanla Türkiyə arasında illik gücü 1,17 milyard kubmetr olan 300 km-lik qaz kəməri çəkildi. Nəzərdə tutulur ki, 207 km uzunluğu olan “Poseydon”un illik gücü 8 milyard kubmetr təşkil edəcək.

Yunanıstanın Rusiya ilə qaz əməkdaşlığı uğrunda çıxış edən keçmiş energetika naziri Panayotis Lafazanis ötən ilin sentyabrında xatırlatdı ki, Avropa Parlamenti və Şurasının 2006-cı il 6 sentyabr tarixli 1364/2006/AB qərarında Avropa komissiyasından “Poseydon” layihəsinə dəstəkdən danışılırdı.

Lakin “Poseydon”un problemi Rusiya qazının yalnız Türkiyə ərazisindən Yunanıstana keçəcəyi halda məna kəsb edə biləcək layihə iştirakçıları arasında Türkiyənin olmamasıdır. Bunun üçün isə “Türk axını” kimi yeni qaz kəməri inşa etmək lazımdır. Rusiyadan Türkiyəyə “Mavi axın” qaz kəməri ildə 16 milyard kubmetr gücə malikdir və istisnasız olaraq Türkiyə bazarına tədarük üçün nəzərdə tutulub və eyni zamanda Rusiya xammalını Ukraynadan Balkanlara axıdan Transbalkan qaz kəmərini tamamlayır. 

Tədarüklər Türkiyə dəstəyi olmadan Qara dəniz vasitəsilə birbaşa AB ölkələrinə gedəcək, yəni üçüncü energetik zərfin təsiri altına düşəcək ki, bu da gücü bölüşməli və tranzit tarifini müəyyənləşdirən müstəqil əməliyyatçı təyin etməli olacaq "Qazprom" üçün layihənin rentabelliyini aşağı salacaq. Lakin “Poseydon” üçün nəzəri dəstək Avropa qanadının meydana çıxması perspektivini əldə edən “Türk axını”nın rentabelliyini artırır.

Bu arada Avropa Birliyi və ABŞ başqa planlar niyyətindədir. ABŞ Dövlət Departamentinin beynəlxalq energetika siyasəti üzrə özəl təmsilçisi Amos Hokşteyn Afinada noyabr görüşündə açıqca bildirdi ki, Birləşmiş Ştatlar Rusiya qazının Avropaya tədarükünün planlaşdırıldığı “Cənub axını”nı əvəz edəsi yeni qaz kəmərinin çəkilməsinə qarşıdır. Hokşteyn “Proto Thema” qəzetinə müsahibədə qeyd etdi ki, ABŞ bu qaz kəmərini istəmir.

dehliz03

“Cənub qaz dəhlizi” layihəsinin Məsləhət Şurasının toplantısında elə həmin amerikalı diplomat iştirak edirdi. Şuraya Xəzər bölgəsindən Avropaya tədarük layihələrinin gerçəkləşməsini təmin etməyə dəvət edilmiş ölkələr daxildir. Artıq Azərbaycanın “Şahdəniz” yatağından (ildə 16 milyard kubmetr) Cənubi Qafqaz, Transanadolu (6 milyard kubmetr Türkiyəyə qalacaq), Transadriatik (Poseydonun rəqibi) qaz kəmərləri ilə tədarük haqda razılıq əldə edilib. Yeni tədarükçülərin cəlb edilməsi və gücün artırılması ilə Dəhlizi genişləndirmək imkanı var. Transadriatik qaz kəməri konsorsiumu gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanını nəzərdən keçirir. Bu, Türkmənistanın Dəhlizə qoşulacağı halda mümkün olar. Məsləhətləşmə Şurasının Bakı danışıqları bu mövzuya, həmçinin layihədə iştirak etmək qərarına gəlmiş dövlətlər üçün siyasi və iqtisadi dəstəyə həsr edilmişdi.

Məsləhətləşmə Şurasının toplantısında ümumi bəyanat qəbul edildi. Azərbaycan paytaxtındakı görüşdə iştirak edən on iki nazir “Cənub qaz dəhlizi” qaz kəmərlərinin inşasına cəlb edilmiş ölkələrin strateji əməkdaşlığını inkişaf etdirmək istəyini açıqladı. Önəmlisi budur ki, bölgədə gərginliyin artmasına baxmayaraq, Türkiyə də layihəyə dəstəyini bildirdi. Bu ölkənin energetika naziri Berat Albayraq qeyd etdi ki, Dəhliz energetik təhlükəsizliyi əldə etmək üçün mühüm layihədir. Nazir  təsdiq etdi ki, Türkiyə yeni qaz kəməri yaradılması layihəsini qətiyyətlə dəstəkləyir. Sənəd Azərbaycan prezidenti İlham Əliyev, Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali təmslçisi Federika Moqerini, həmçinin Avropa komissiyasının energetika üzrə sədrinin müavini Maroş Şefçoviçin iştirakı ilə imzalandı.

Bəyanatda xüsusən də Dəhliz layihəsində Balkanlardakı qaz alıcılarının istəklərinin nəzərə alınması və Bolqarıstanla Yunanıstan arasında qaz kəmərinin çəkilməsi, həmçinin Qərbi Balkanları İtaliyanın güneyi ilə birləşdirən qaz kəmərinin inşasında maraqlı olmaqdan danışılır. Bəyanatı Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya və başqa ölkələrdən energetikaya cavabdeh nazirlər imzaladılar.

Sənəddə həmçinin Dəhlizin keçəcəyi ölkələrdə hüquqi prosedurların keçirilməsi haqda söhbət gedir. Önəmlidir ki, sənəd üçüncü ölkələrlə, həmçinin layihənin maliyyələşdirilməsinə qatılacaq beynəlxalq maliyyə institutları ilə qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə xidmət edir. Yeni infrastrukturun meydana çıxması ilə yarana biləcək hüquqi xassəli mümkün problemlərlə bağlı işçi qruplar çərşivəsində məsləhətləşmələr aparmaq qət edildi. Bu qrupların yaradılması layihəyə yeni tədarükçülərin və yaxud tranzit ölkələrin qoşulması ilə bağlı problemləri həll etməyə yardım edəcək.

dehliz02

“Cənub dəhlizi”iqtisadi arqumentlər dəstini genişləndirir, bu da yeni tərəfdaşlar cəlb etməlidir. Avropa Birliyi və ABŞ Balkan və Xəzər ölkələrinə işarə vurur ki, qaz tədarükünün şaxələndirilməsi layihəsinə qoşulmaq onlara real mənfəət gətirəcək. Yunanıstan və İtaliyadan nazirlər Bakıya təsadüfən gəlməmişdilər, Amos Hokşteyn isə gələcək layihə üçün Türkiyənin özəl önəmini təsadüfən vurğulamadı. Ankara qalarsa, rəqib “Türk axını” və “Poseydon” layihələrinin şansları az olacaq.

Hokşteyn mətbuat konfransında çıxış edərkən dedi ki, korporasiyaların çoxmilyardlıq investisiya məlumatları ilə bərabər “Cənub qaz dəhlizi” layihəsinin davamına aid siyasi açıqlamaların böyük əhəmiyyəti var. Federika Moqerini öz növbəsində bildirdi ki, Brüssel Azərbaycan iqtsadiyyatının aşağı qiymətli neft bazarının yeni gerçəkliklərinə uyğunlaşmasını dəstəkləməyə hazırlaşır. Bu, neft satışından gəlirlərin azalması ilə bağlı çətinliklərlə üzləşən neft dövləti üçün üstüörtülü yardım vədi idi. Azərbaycan maliyyə yardımına görə beynəlxalq instututlara müraciət edib, Brüssel isə ona xeyli dəstək verə bilər.

Layihəyə daxil olan ölkələrin siyasi iradəsi Rusiya və İranın əleyhinə çıxdığı Transxəzər qaz kəmərini yaratmağa imkan versə, yəqin ki, Dəhlizə qaz tədarük edəcək Türkmənistan da oxşar dəstəyə güvənə bilər.

Bakı sammiti göstərdi ki, “Cənub dəhlizi” Qərbin yeni iqtisadi təklifi olur. "Qazprom" layihələrinin onunla rəqabətə girməyi çətin olacaq: Avropalılar olmayan pullarını onlara yatırtmalı olacaqdılar. Buna parlaq nümunə Yunanıstan ola bilər.

Moskvanın diriltdiyi üçbaşlı “Poseydon” aciz çıxdı. Buna baxmayaraq, rusiyalılar baş verən hadisələrin KİV-də xarakterik müəmmalılıq atmosferini yaradırlar. Təsadüfi deyil ki, Bakıdakı toplantı günü RF prezidenti Vladimir Putin "Qazprom"un rəhbəri Aleksey Milleri Kremlə görüşə çağırdı. Söhbətin stenoqramı rəsmi saytda dərc edildi, bu isə o deməkdir ki, Kreml söhbətin məzmunu ilə tanış olmağımızı istəyir, AFR vitse-kansleri Ziqmar Qabrielin Moskva səfərindən sonra bu cür manevrdən istifadə edildi: görüşün stenoqramı göstərdi ki, alman siyasətçi rusiyalılara “Şimal axını – 2” layihəsini Avropa komissiyasının müdaxiləsindən qorumağı vəd edir. Söhbətin lent yazısı Avropa  Birliyində konkret reaksiya doğurmaq üçün nəzərdə tutulmuşdu. Miller Putini inandırdı ki, Avropada qaza tələbat artır, bu isə yeni qaz layihələri üçün əsas rolunu oynayır. O, arqument qismində Almaniyada idxalatın artım rəqəmlərini misal gətirir:  2014-cü illə müqayisədə 2015-ci ildə onun həcmi 6 milyard kubmetr artaraq 43,5 milyard kubmetrə çatıb. Miller əlavə etmir ki, artım xeyli dərəcədə Ukraynaya tədarükün dayandırılması və xüsusən də alman birjasında qaz satan Avropa şirkətləri ilə razılaşma əsasında bu ölkəyə revers rejimində qaz idxalatı ilə əmələ gəlib. Ukraynada tələbat azalıb, Almaniyada isə çoxalıb, lakin bu faktlar birləşdirilməsə, müvəffəqiyyətdən danışmaq olar.

Tələbat artımı “Poseydon”un xeyrinə arqument kimi çıxış etməlidir. Putin Millerdən danışıqların necə getdiyini soruşdu. Qazprom rəhbəri etiraf etdi ki, Avropa komissiyasının rədd etdiyi və Yunanıstanla İtaliyanın bel bağladığı layihə çıxış nöqtəsidir.

“Cənub qaz dəhlizi” Məsləhətləşmə Şurasının toplantı günü stenoqramın dərc edilməsi layihə tərəfdarlarının sıralarında təşviş doğurmağa hesablanmışdı. Burada Qərb ekspertlərinin analitik hesablamaları köməyimizə gələ bilər. "Oxford Institute for Energy Studies" 2019-cu ildən sonra Rusiya qazının Avropaya tranziti mövzusunda ətraflı məruzə dərc edib. Aydın olur ki, rusiyalılar son illərdə Avropaya qaz tədarükü zamanı Ukraynanın qaz kəmərləri olmadan ötüşə bilmirlər. Yalnız Avropa komissiyası “Şimal axını-2” üçün istisna etsə və “Türk axını”nın (ən azı, iki qanadın) inşasına razılaşsa, ruslar ondan imtina edə bilər. Hər şey Avropanın razılığından asılı olduğundan rusiyalılar şimal və cənub axınları üçün (istənilən variantda) dəstək axtarırlar.

Məruzə müəllifləri ehtimal edirlər: “Avropa komissiyası “Şimal axını – 2” və Rusiya qazının Avropaya tədarükünə yeni yolları məhdudlaşdırmaq, mane olmaq və yaxud bağlamaqla Ukraynadan tranziti saxlamağa cəhd edəcək. Rusiya qazını alan Avropa şirkətləri siyasi arqumentləri dinləmir və Ukrayna ərazisindən tranzit uğrunda çıxış edir. Avropa komissiyası layihələrin bağlanması və məhdudlaşdırılması sahəsində xeyli imkanlara sahibdir, lakin bu imkanlar hüdudsuz deyil”.

“Cənub qaz dəhlizi” Məsləhət Şurasının toplantısı göstərdi ki, Qərb layihəni Xəzər dövlətləri ilə əməkdaşlıq alətinə çevirəcək iqtisadi təkliflər vermək istəyir. Bu, siyasi nəticələr doğurar və Qafqaz və Orta Asiya ölkələrində Qərb nüfuzunun artmasına gətirib çıxara bilər. “Cənub dəhlizi” Avropa komissiyasının irəli sürdüyü energetika diplomatiyası ideyası ruhunda siyasi əməkdaşlıq üçün platforma ola bilər. Kim bilir, bu siyasi platforma öz konkret məzmununa görə “Şərq tərəfdaşlığı” proqramından daha uğurlu olmazmı?

Bna görə də Rusiya Avropanın çarxına çubuq soxmaq istəyir, "Qazprom"un tətbiq etdiyi zidd tədbirlər isə daha əsaslı xarakter kəsb edir. Moskva “Cənub dəhlizi”ni mühasirəyə almağa çalışır, çünki o, təkcə "Qazprom"un nüfuzunu deyil, həm də Moskvanın Xəzər bölgəsinə siyasi təsirini zəiflədəcək.

 

Tərcümə Strateq.az-ındır

 

 




Yuxarı Əvvələ Ana Səhifə