XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 11:03

Koronavirusun olmadığı Tacikistan:ORTA ASİYA RESPUBLİKASI RUSİYA VƏ AVROPA İTTİFAQINDAN NİYƏ YARDIM ALIB?

Kirill Krivoşeyev

“Kommersant, 16.04.2020

 

Tacikistan prezidenti Emoməli Rəhmon Çərşənbə günü rusiyalı vəzifədaşı Vladimir Putinlə telefonla əlaqə saxlayaraq ona koronavirusla mübarizədə göstərdiyi köməyə görə təşəkkür edib. Eyni zamanda, prezident Rəhmonun əvvəllər dəstək istədiyi Avropa İttifaqının (Aİ) Tacikistanı təxminən 80 milyon avro vəsaitlə təmin edəcəyi məlum olub. Bundan əlavə, rəsmi məlumatlara görə, ölkədə hələ də koronavirus infeksiyası ilə əlaqəli hadisə aşkar edilməyib və səlahiyyətlilər hər hansı bir karantin tədbiri tətbiq etməkdən yayınırlar.

Çərşənbə günü Kremlin mətbuat xidməti Emoməli Rəhmonun Vladimir Putinə telefon danışdığını açıqlayıb: “Koronavirus infeksiyasının yayılmasına dair vəziyyət müzakirə edilib. Emoməli Rəhmon Rusiya tərəfinin göstərdiyi humanitar yardıma görə təşəkkürünü bildirib”.

Tacikistanın Rusiya Federasiyasındakı səfiri İmomuddin Səttorovun “Kommersant”a müsahibəsində dediyi kimi, söhbətin mövzusu Rusiyanın mart ayının sonunda respublikaya göndərdiyi test sistemləri, habelə əmək miqrantları üçün qanuni güzəştlər olub. Bununla birlikdə, cənab Səttorov göndərilməyə hazır hansısa yardımın olduğunu istisna etməyib, lakin bu, yəqin ki, daha sonra elan ediləcək.

Paralel olaraq, Tacikistan İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb: aprelin 14-də nazirliyin rəhbəri Zavki Zavkizodə və maliyyə nazirinin müavini Yusuf Məcidi Aİ-nin respublikadakı nümayəndəliyinin rəhbəri Merilin Yosefson ilə görüşüblər.

Görüşdə xanım Yosefson Brüssel adından cənab Rahmonun əvvəllər Avropa Komissiyasına göndərdiyi məktubu cavablandırıb. Tacikistan prezidenti həmin məktubda “COVID- pandemiyasının təsirinin iqtisadiyyata yayılmasının qarşısını almaq üçün” maddi və texniki yardım istəyib.

Xanım Yosefsonun sözlərinə görə, ümumilikdə Aİ təxminən 80 milyon avro vəsait ayrırır, o cümlədən: hökumətin böhran əleyhinə planını həyata keçirmək üçün Avropa İnvestisiya Bankından 30 milyon avro (qrant şəklində), 30 milyon avro kredit, tibb işçilərinin qoruyucu geyimi üçün 1,3 milyon avro, habelə təhsil müəssisələri üçün sanitariya təchizatına 780 min avro.

Bundan əvvəl Tacikistan prezidentinin Brüsselə göndərdiyi məktubla əlaqədar nə rus, nə də tacik mediasında məlumat verilib. Həm də respublikanın dünya birliyindən tələb etdiyi humanitar yardımla bağlı bütün məlumatlar qlobal pandemiyanın iqtisadi nəticələrinin qarşısını almaq və ölkə daxilində virusla mübarizə aparmaq cəhdi kimi təqdim edilib. Aprelin 1-də Tacikistan hökuməti “daha çox qrant cəlb etmək üçün beynəlxalq maliyyə təşkilatları və inkişaf tərəfdaşları ilə davamlı olaraq danışıqlar aparıldığını və toplanan vəsaitin milli iqtisadiyyatın sektorlarını, yerli sahibkarları dəstəkləmək və dövlətin sosial öhdəliklərinin vaxtında yerinə yetirilməsini təmin etmək üçün istifadə ediləcəyini” bəyan edib.

Bundan əlavə, aprelin 3-də Tacikistan Xarici İşlər Nazirliyi öz saytında könüllü ianələr üçün hesabları açıqlayıb. Hətta vəsaitin məqsədi kifayət qədər aydın göstərilib: “sanitariya və epidemiya əleyhinə tədbirlər və insanların sağlamlığının qorunması”.

Xatırladaq ki, bu günə qədər Tacikistan hakimiyyəti respublikada koronavirus infeksiyası hallarını inkar edir. Ümumi karantin tədbirləri görülməyib. Bu yaxınlarda xaricdən gələn 7,5 min vətəndaş nəzarətə alınıb. “Son vaxtlar ölkənin karantin müəssisələrində xəstələrin ölüm hadisələri qeydə alındıqda, təəssüf ki, bir qrup təhrikçi bu ölüm hallarını koronavirus infeksiyası ilə əlaqələndirib”, – deyə Respublika Səhiyyə Nazirliyi aprelin 13-də bildirib. Ölkədə koronavirusun yoxluğu Dünya Səhiyyə Təşkilatının yerli nümayəndəsi Qalina Perfiliyeva tərəfindən təsdiqlənib.

İmomuddin Səttorov deyib: “İnfeksiyaya dair heç bir sübutun aşkarlanmaması sakit oturmağımız mənası vermir. Bunun sürpriz olmaması üçün hazırlaşmalıyıq. Axı, xəstəliyin nüfuz etməyəcəyinə zəmanət yoxdur. Rusiyada da koronavirusla mübarizə qərargahı əvvəlcədən yaradılıb”.

“Kommersant”ın Orta Asiya üzrə eksperti Arkadi Dubnov deyib: “Az adam Tacikistan hakimiyyətinin ölkədə qeydə alınmış infeksiyaların yoxluğu ilə bağlı dediklərinə inanır. Əksinə, bu ölkə vəziyyəti əlverişsiz olan qonşuları ilə sıx bağlıdır. Bu ölkələr Qırğızıstan, Özbəkistan və Əfqanıstandır. Ancaq ən əsası, bu aylarda minlərlə tacik Rusiyadan qayıdıb”. Həqiqəti gizlətətmək, Dubnovun sözlərinə görə, Tacikistan hakimiyyətinin payızda keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə bağlıdır: “Kimin namizəd olacağının əhəmiyyəti yoxdur – Rəhmonun özü və ya oğlu Rüstəmin. Dövlət başçısı koronavirusun respublikada tanınmasının onun reytinqlərinə xələl gətirəcəyini düşünür. O, ölkəni qlobal təhlükədən qurtarmağı bacaran bir xilaskar kimi ortaya çıxmaq istəyir”.

Tacikistanlı politoloq Pərviz Mullocanov da Düşənbənin açıqlamalarını “olduqca inandırıcı” saymır. Bununla yanaşı, o, səssizliyin səbəblərinin təkcə siyasi deyil, həm də iqtisadi səbəbinin ola biləcəyini deyir. “Tacikistan hakimiyyəti karantinin sadəcə pis vəziyyətdə olan yerli kiçik və orta sahibkarlığı məhv edəcəyindən qorxur. Böyük inhisarlar vergi güzəştlərindən istifadə etdikləri üçün ölkənin büdcəsi orta sahibkarlığa əsaslanır”.

Mullocanov sərhədlərin bağlandığı elan edildikdən sonra insanların toplu olaraq məhsul almağa başladığını və hökumətin bazarda çatışmazlığın qarşısını almağa çalışdığını xatırladıb.

“Görünür, hökumət analitiklərinin məntiqi belədir: ölkə əhalisinin 70%-dən çoxu gənclərdir və onlar üçün pandemiya nisbətən ağrısız olacaq. Bu fonda yaşlı nəsil arasında ölüm hallarının artması o qədər də nəzərə çarpmayacaq. Gələcəkdə kollektiv immunitetin yaranmasına ümid etmək olar. Bənzər bir yolun seçildiyi İsveçdə maksimum şəffaflığa və vətəndaşların şüuruna diqqət yetirilir, Tacikistanda isə heç bir təhlükəsizlik tədbirləri görülmür və səlahiyyətlilər tərəfindən verilən məlumatlar etimad doğurmur”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə