XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 23:55

LİVİYADA QÜVVƏLƏR BALANSI KİMİN XEYRİNƏ DƏYİŞƏCƏK? –Bölgədə Türkiyənin rolu güclənir - TƏHLİL

Bürhanəddin Duran

“Sabah” qəzeti, Türkiyə, 17 aprel 2020-ci il

 

COVİD-19 pandemiyası ilə mübarizə apardığımız bu günlərdə könlümüz fəlakətdən insanlığın dərs almağını istəyir. Ancaq pandemiyanın varlığı da güc davalarının, qarşıdurmaların sonunu gətirə bilmir.

Buna ən aşkar nümunə Liviyada başlayan vətəndaş müharibəsidir. Güclü münaqişələrin davam etdiyi Liviyada  son günlər ərzində Beynəlxalq Konsensus (razılaşma) Hökuməti (BKH) bu sahədə xüsusi müvəffəqiyyət qazanır.

Bu, Türkiyənin 26 noyabr 2016-cı ildə Sərrac hökuməti ilə imzaladığı təhlükəsizlik haqqında anlaşma memorandumunun hadisələrə təsiri ilə mümkün oldu.

Ancaq hələ ki Tripoli mühasirəsi tamamilə yarıla bilməyib. Liviyadakı daxili müharibənin gedişatını hava qüvvələrini kimin ələ keçirəcəyi müəyyən edəcək. Son iki-üç ay ərzində bütün dünyanın pandemiyaya başı qarışmışkən, Liviyada hansı hadisələrin baş verdiyinə sürətlə nəzər salaq.

Xəlifə Həftar pandemiyanı fürsət olaraq dəyərləndirdi

BMT-nin çağırışı ilə 22 mart tarixində “humanitar atəşkəs” elan edilməsinə rəğmən, Həftar pandemiya təhlükəsinə əhəmiyyət vermədi. Tripolini ələ keçirmək məqsədindən əl çəkməyərək, atəşkəsin ertəsi günündə paytaxta hücuma keçdi.

COVİD-19-u fürsət olaraq dəyərləndirən Xəlifə Həftar mart və aprel aylarında Tripolidə mövcud olan xəstəxanaları, dərman anbarlarını və səhiyyə işçilərini hədəfə aldı. Təkcə aprel ayı ərzində 61 səhiyyə müəsisəsinə ciddi ziyan dəydi.

Hətta 6 apreldə pandemiya xəstələrinin müalicə aldığı Hadra xəstəxanası raketlərin hədəfi oldu. 7 apreldə 2 milyon əhalinin yaşadığı paytaxt Tripolinin suyunu kəsdi. 10 apreldə təbii qaz kəmərlərini bağlayaraq, elektrik təchizatının qarşısını aldı. Həftarın  hüquq və insanlıq tanımayan hücumlarının qarşılıqsız qalması mümkün deyil.

Apreldə vəziyyət Həftarın əleyhinə dəyişdi

BKH (Beynəlxalq Konsensus Hökuməti) qüvvələri 25 mart tarixində “Barış fırtınası” şərti adlı əməliyyatla Həftarın hücumunun qarşısını aldı. Mart və aprel aylarında Tripolinin qərbində, cənub-qərbində və şərqində qızğın döyüşlər davam etdi. Cənub-qərb bölgəsində hər iki tərəf də bir nailiyyət qazana bilmədi, amma 27 mart tarixində şərq cəbhəsində BKH qüvvələri Həftar tərəfdarı partizanların hücumunun qarşısını Əbu Qreyn bölgəsində əks-hücumla geri çevirdi.

Bir gün sonra Həftarın Sirtə Əməliyyat Qərargahı vuruldu, general-mayor Salim Diryak və qərargahın şəxsi heyəti məhv edildi. 13 apreldə BKH qüvvələri qərb cəbhəsində daha öncə itirilmiş Rikdalin, Zlatan, SabrataSurma bölgələrinə nəzarəti yenidən ələ keçirdi. Beləliklə, Tunislə sərhəd qapısı hesab olunan Ras Əjdir ilə quru sərhəddi  bərpa edildi.

Qarşıdurmanın daha da şiddətlənmə ehtimalı varmı?

Baş verən son hadisələr BKH qüvvələri üçün müsbət gedişat olsa da, Həftarın yanvar ayında Berlində imzalanan atəşkəs razılaşmasına əməl edəcəyi gözlənilmir. Hansı ki, BMT sanksiyasına rəğmən, atəşkəsi tez-tez pozan Həftar qüvvələrinə edilən hərbi yardımların qarşısı alınmır.

BƏƏ açıq və məsuliyyətsiz şəkildə hava nəqliyyatı ilə hərbi yardıma davam edir. Bu kifayət etmirmiş kimi, İsrail Misir üzərindən Xəlifə Həftara havadan müdafiə sistemləri çatdırır. Rusiya isə Suriyadan Vaqner şirkəti vasitəsi ilə silahlı birləşmələr toplayaraq, Həftara göndərir.

Avropa Birliyinin 1 apreldə keçirdiyi İRİNİ əməliyyatı Həftara gedən bu hərbi yardımların qarşısını almaqdan çox-çox uzaqdır.

Əlavə olaraq, bu missiyanın BMT-nin qanuni hökumət kimi tanıdığı BKH-yə  gedən dəstəyi kəsməyə yarayacağı təxmin edilir.

Türkiyənin rolu

Tripolidə müdafiənin zəiflədilməsi üçün 4 aprel 2019-cu il tarixində böyük kampaniya başladan Həftar 2019-cu ilin sentyabr ayından etibarən, BƏƏ-nin göndərdiyi hərbi yardım və Rusiyanın Vaqner muzdlu döyüşçülərinin  sayəsində önəmli irəliləyişlər əldə etmişdi – az qalırdı ki, öz məqsədinə çatsın.

Liviyada güc balansının dəyişilməsinə səbəb BKH-yə son qələbəni də qazandıran Türkiyənin noyabr ayından etibarən bu siyasi tənliyə daxil olmasıdır. Yanvar ayında Berlində Liviya Konfransı bu səbəblə toplana bildi.

Rəsmi Ankara hərbi güc seçiminin Liviyaya sülh gətirməyəcəyini  açıq-aşkar görə bilir.

Bu siyasi tənlikdə iştirak edən bütün nümayəndələr Liviyadakı siyasi keçid mərhələsinə dəstək verməlidirlər.  COVİD-19 günlərində də Liviyadakı silahlı münaqişələri danışdığımıza görə, təəssüf ki, bu məsələdən hələ də çox uzaqdayıq.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə