XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2016 - 10:59

Türkiyəyə PKK-dan “qanlı Novruz xonçası”:Ankara üçün təhlükəli günlər yaxınlaşır

20 Mart talimatı

 

“PKK, PYD və sol terror təşkilatları Mart ayının 20-də Türkiyəni qan gölünə çevirəcək böyük bir qiyama hazırlaşır. Plana görə, bundan əvvəl- ayın 11-də isə DHKP-C və MLKP terror təşkilatları böyük “sensasiya”ya səbəb olacaq aksiyalar təşkil edəcək”.

Strateq.az xəbər verir ki, bu qorxunc plan haqqında Türkiyənin “Star” qəzeti məlumat yayıb. Məlumatda gözlənilən təxribatın bəzi detallarına da yer verilib:

 

“20 Martda Dəməşqin təlimatıyla 11 min PKK-çı Türkiyənin Yüksəkova bölgəsini qurtarılmış zona elan edəcək. Suriyadan gələcək 8 min PYD (PKKnın Suriya qanadı) üzvü isə Türkiyədəki təhlükəsizlik nöqtələrinə hücum edəcək”.

Ölkənin təhlükəsizlik orqanlarına istinadən verilən xəbərdə təxribatlar törədilə biləcək bəzi coğrafi adlar da çəkilib: Bingöl, Muş, Ağrı, Van, Ardahan, Qars, Ərzurum və İstanbul şəhərləri. Ümumiyyətlə isə, ölkənin 81 rayonunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Sözügedən məlumatdan öncə yayılan bir sıra xəbərlər də təxribat ehtimalının heç də əsassız olmadığından xəbər verir. Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Ukraynadakı ən önəmli agentlərindən biri türk mətbuatına verdiyi açıqlamasında yaxın günlərdə Rusiyanın kürd separatçılarından istifadə edərək, qardaş ölkədə terror müharibəsinə başlayacağını bildirmişdi. Onun fikrincə, təyyarə skandalının qisasını almaq istəyən Rusiya böyük səs-küy yaradacaq ard-arda terror aksiyaları ilə Türkiyəni sarsıtmağa çalışacaq. Açıqlamada terror müharibəsinin təchizat məkanının Suriya olacağı da bildirilmişdi.

Agentin açıqlamasıyla Türkiyə təhlükəsizlik orqanlarının mətbuata sızdırdığı məlumatlar həm möhtəva, həm də məkan adları baxımından üst-üstə düşür. Görünən budur ki, Türkiyə, həqiqətən də, çətin terror sınağına hazırlaşır.

MKİ agentinin açıqlamasından sonra qardaş ölkənin Suriya sərhədlərindən gələn bəzi məlumatlar rəsmi Ankaranın planlaşdırılan böyük təxribatın fərqində olduğunu və müəyyən tədbirlər görməyə çalışdığını təsdiqləyir. Məlumata görə, ABŞ xüsusi xidmət orqanları Türkiyənin cənub sərhədlərində Ankarayla bərabər çalışır və Suriyadan gələ biləcək təxribatların qarşısını almaqda ona kömək etməyə səy göstərir.

Terror müharibəsinin 20 Mart tarixinə salınması da təsadüfə oxşamır. Bilindiyi kimi, Türkiyədə əsasən kürdləri arasında yayılan Novruz bayramı xüsusi qələbəliklərlə qeyd olunur və ölkənin iki etnik tərkibini bir-birindən ayıran əsas xüsusiyyət kimi ortaya çıxır. Belə ki, məzhəbcə eyni inanış sisteminə aid olan kürdlərlə türklər bütün dini bayramları bərabər qeyd etdiklərindən, ayrılmaz bir bütünə çevriliblər. İslam dininə aid olmayan Novruz bayramı isə Türkiyənin əsas qurucu milləti olan türklər tərəfindən keçirilmir. Novruza xüsusi önəm verən kürdlər bu bayramın öz qədim milli adət-ənənlərindən gəldiyini, “kürd oyanışı” kimi qəbul edirlər. Məhz buna görə də uzun illər Novruz bayramı separatçıların əlində  milli həmrəyliyi parçalayan əsas vasitəyə çevrilib. Hər Novruzda mütləq bir skandala əl atan PKK bu dəfə, deyəsən, daha böyük hadisələr törətmək niyyətindədir.

Türk hakimiyyəti bu məkrli planın qarşısını ala biləcəkmi? Sualın cavabını öyrənməyimizə sayılı günlər qaldı.

İnşallah, tarixin bütün sınaqlarından üzüağ çıxan qardaş ölkə yenə öz uğurunu davam etdirəcək.

Heydər Oğuz

Strateq.az