XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2015 - 13:12

Türkiyə Rusiyanı öz qazıyla “qazlamağa” çalışır – Təhlil

rusiya

Türkiyənin təbii qazla bağlı Moskvaya basqıları, deyəsən, nəticə verməyə başlayıb. Rusiyanın Enerji naziri Aleksandr Novakın dünən jurnalistlərlə görüşdə dilə gətirdiyi bəzi fikirlər bu cür düşünməyə əsas verir. Nazir açıqlamasında Qazprom ilə BOTAŞ-ın qiymət endirimi məsələsində razılığa gəldiyini və Rusiyanın Türkiyəyə bundan sonra 10,25% daha ucuz qiymətə qaz satacağını bildirib.

Nazir onu da əlavə edib ki, Türkiyənin “Türk axını” layihəsindən çəkildiyi barədə mətbuatda səslənən fikirlər həqiqəti əks etdirmir, rəsmi Ankara bununla bağlı partnyoruna hər hansı müraciət ünvanlamayıb. Rusiyalı nazirin verdiyi məlumata görə, bu məsələdə danışıqlar hələ davam edir və yəqin ki, tərəflər ortaq fikir birliyinə gələ biləcəklər.

Kremlin sözçüsü Dmitri Peskov da Enerji nazirinin sözlərini təsdiqləyib. Sözçü deyib ki, Türkiyə Prezidenti Ərdoğanla rusiyalı həmkarı üzümüzə gələn payız görüşəcəklər və onların müzakirə edəcəkləri əsas məsələ təbii qaz boru xəttiylə bağlı olacaq.

Xatırladaq ki, Rusiya qazını Türkiyə üzərindən Avropaya daşınmasını hədəfləyən “Türk axını” layihəsində hər il 63 milyard kub metr təbii yanacağın nəqli nəzərdə tutulub. Beynəlxalq sanksiyalar nəticəsində dərin iqtisadi böhran keçirən Rusiyanın, ən geci, gələn ilin sonlarına qədər tamamlamağa çalışdığı bu boru xəttiylə nəql olunacaq təbii qazın 16 milyard kub metri Türkiyənin daxili ehtiyaclarına, digər qismi isə Avropa bazarına yönəldiləcək.

Rusiyalı siyasilər nə deyir-desin, ortada olan həqiqət budur ki, Ukrayna ilə yaşadığı konflikt və Avropa ölkələrinin sanksiyaları səbəbiylə bütün ümidlərini bu boru xəttinə bağlayan Moskvanın bu ilin əvvəlində yenidən gündəmə gətirdiyi “Türk axını” layihəsində doğrudan da bir müddət əvvəl ciddi problemlər ortaya çıxmışdı. Başlıca problem Türkiyənin alacağı qazın qiymətlərində və Avropaya satılacaq qazda qardaş ölkənin pay iddia etməsində yaşanırdı.

erdogan-putin.jpg

Rusiya Türkiyəyə bu zamana qədər Ukrayna üzərindən satdığı qazın bu kəmərlə təmin olunmasını təklif edirdi. Təkliflə razılaşan Ankaranı isə əsas narahat edən alacağı qazın qiymətindəydi. 20 il bundan əvvəl iki ölkə arasında imzalanmış sənədə əsasən, qardaş ölkənin  Rusiyadan aldığı qazın qiymətləri xeyli baha idi və müqavilənin şərtlərində onu dəyişdirmək insiativinin Rusiyada olduğu göstərilirdi. Dolayısıyla, Rusiyadan dünyanın ən baha qazını alan Ankara qiymət siyasətinə yenidən baxmağı tələb etsə də, Moskva bu fikri yaxına buraxmırdı.

Müqaviləyə əsasən, alıcı tərəfin bu alış-verişdən imtina haqqı da yox idi. Əks halda böyük kompensasiya ödəməli olardı. Nəticədə indiyə qədər rəsmi Ankara dünya bazarındakı qiymətlərlə müqayisədə qazı 10-11% baha alırdı.

Ukrayna böhranından sonra vəziyyət Türkiyənin xeyrinə dəyişdi. Yaranmış konflikt nəticəsində Ukrayna üzərindən nəql olunan qaz kəməri fəaliyyətinı dayandırdı. Moskvanın “Cənub axını” deyə önə sürdüyü Bolqarıstan üzərindən nəql şansı da Avropa əngəlinə ilişdi. Avropa Birliyinin təzyiqləri qarşısında Bolqarıstan “Cənub Axını”ndan imtina etmək məcburiyyətində qaldı və “Türk axını” Moskvanın yeganə ümid qapısına çevrildi.

Türkiyə də əldə etdiyi bu üstünlüyü indi öz xeyrinə çevirməyə çalışır. O, haqlı olaraq Rusiyadan aldığı qazın qiymətini dünya standardlarına uyğunlaşdırmağı tələb edir. Əks halda, onun illər öncə imzaladığı müqavilədən geri çəkilmək şansı var və bu addım heç bir hüquqi məsuliyyət də yarada bilməz. Zira qaz almaqdan imtina edən Türkiyə deyil, əksinə, ona müqavilədə nəzərdə tutulan təbii yanacağı çatdırmayan tərəf Rusiyadır. Üstəlik, Ankara öz tələbatını İran və ya Azərbaycan qazıyla da təmin edə bilər. Rusiya isə “Türk axını” layihəsi də reallaşmasa, böyük bir gəlir mənbəyindən məhrum olacaq və yəqin ki, onu gözləyən labüd iflasa daha tez sürüklənəcək.

Bütün bu çarəsizliklərinə baxmayaraq, Rusiya “Nuh deyir, peyğəmbər demir”. Türkiyə vasitəsilə Avropaya qaz nəql etmək istəyir, bunun əvəzinə ona tranzit pulu kimi simvolik məbləğ də ödəməyə hazırdır. Di gəl ki, qazı Türkiyəyə yenə əvvəlki qiymətlərlə satmaq istəyir. Bu məntiqlə, Ankara öz ərazisindən keçən borudan dünyanın ən baha qiymətinə qaz almalıdır.

Təbii ki, bu qeyri-adi rus məntiqi Türkiyəni qane edə bilməz. Odur ki, qardaş ölkə rəsmən olmasa belə, öz mütəxəssislərinin diliylə “Rusiya qulağının dibini görəndə, “Türk axını”nı görə bilər” mesajını vermişdi.

Türkiyənin ikinci əsas tələbi isə Rusiyadan gələn qazın bərabər satışını təmin etməklə bağlıdır. Bu barədə bir müddət əvvəl mətbuata açıqlama verən Türkiyənin Enerji Bazarları və Siyasətləri İnstitutunun direktoru Volkan Özdəmir Ankaranın mövqeyini bu cür ifadə etmişdi: “Rusiya Türkiyədən dəhliz kimi istifadə edərək Avropaya qaz satmaq istəyir. Türkiyə isə ona bu imkanı verməkdə maraqlı deyil. Rəsmi Ankara torpağından keçən qazı Rusiyayla bərabər satmaq niyyətindədir. Nəyahətində balanslı bir enerji siyasətindən söhbət gedirsə, ölkəmizdə yaradılacaq bir satış sistemiylə qiymətlər burda müəyyənləşməli və bazara çıxarılmalıdır”.

Görünən budur ki, qardaş ölkə ilk haqlı tələbində istədiyinə nail olub. Rusiya ona satacağı qazın qiymətlərini endirmək təklifiylə razılaşıb. İstər Enerji naziri Aleksadr Novakın, istərsə də Putinin sözçüsü Dmitri Peskovun məsələylə bağlı tələm-tələsik açıqlama verməsi də bunu sübut edir.

Amma Rusiya ikinci təkliflə razılaşacaqmı? Bunu indidən demək çətindir. Açığı, bu təklif rasional əməkdaşlıqdan daha çox, sanksiyalarla çətin duruma düşən Putin administrasiyasını özünün qazıyla “qazlamağa” bənzəyir.

Heydər Oğuz

Strateq.az