XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

04 Avqust 2015 - 13:45

İcra başçısı axtarışa çıxıb: Kəmaləddin Heydərovdan və MTN rəisindən şübhələnir

xaleddin

Son günlər Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovla bağlı mediada gedən yazılar başçını əməlli-başlı qəzəbləndirib. İş o yerə çatıb ki, başçı kabinetində bu məsələ ilə bağlı fövqəladə toplantı keçirərək nəinki şübhələndiyi fiqurların adlarını dilə gətirib, hətta onlara yaxın şəxslərin cəzalandırılacağını da bildirərək, işçilərinə daha "yadlarla" əlaqə saxlamamağı tapşırıb.

Bu haqda Strateq.az-a məlumat verən mənbənin dediyinə görə, İcra başçısı toplantı başlayan ərəfədə özünü nə qədər sakit və təmkinli aparmağa çalışsa da, sonradan hirsini gizlədə bilməyib və işçilərini əməlli-başlı tənbeh edib, onları “evin sirrini” yaymaqda suçlayaraq “nakişilik etməməyə” səsləyib. Toplantıdan sonra isə əksər işçilərlə təmaslarını kəsib: “Artıq İcra Hakimiyyətinin binasında əvvəlki şadyanalıqdan əsər-əlamət qalmayıb. Hamı tikan üstə oturubmuş kimi, gərginlik içində aqibətinin nə olacağını gözləyir. Çünki hər an başçı istənilən şəxsi çağıra və “sən Kəmaləddin Heydərova işləyirsən”, “sən Faiq Mehbalıyevə işləyirsən” ittihamıyla qova bilər”.

Mənbənin Strateq.az-a dediyinə görə, hazırda Xaləddin İskəndərov onun vurulmasına yönəlik məlumatların mediaya sızmasında daha çox Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu suçlu bilir və onun haqqında bu qədər dəqiq məlumatların əldə edilməsində isə Binəqədi MTN-nin sabiq rəisi Faiq Mehbalıyevdən şübhələnir. Mənbə deyir: “Məlumdur ki, bina yanğınından dərhal sonra Xaləddin İskəndərov birbaşa Fövqəladə Hallar Nazirliyini, dolayısı ilə nazir Kəmaləddin Heydərovu hədəfə gətirdi. Başçı ölkə mətbuatına müsahibələrində üzlüklərə rəyi adıçəkilən nazirliyin verdiyini deyərək suçun istiqamətini dəyişməyə cəhd göstərdi. Çox böyük ehtimalla, o və istintaqa cəlb olunan yaxın ətrafı bu məzmunda ifadə də veriblər. Təbii ki, onun bu sayaq davranışları ölkənin ən güclü hakimiyyət qruplaşmalarından birini qəzəbləndirməyə bilməzdi. Diqqət edirsinizsə, son aylar daha çox məhz Kəmaləddin Heydərova yaxın sayılan mediada Xaləddin İskəndərovun özü və yaxın ətrafının, hətta ailə üzvlərinin hər bir neqativ hərəkətləri barədə daha sərt formada və konkret faktlarla yazılmış yazılar cəmiyyətə təqdim olunur. Bu, artıq hər kəsin bildiyi həqiqətdir ki, Xaləddin İskəndərovun təmsil olunduğu və vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi qruplaşma ilə «fövqəlnazir»in qruplaşması arasında uzun müddətdir ciddi mübarizə gedir və bu savaş artıq "yanğın olayı" ilə həlledici mərhələyə daxil olub. Artıq Xaləddin İskəndərov da barəsində mediada aparılan kampaniyada Kəmaləddin Heydərovu suçlu bilir və şübhələrini reallıq kimi təqdim edərək qarşı tərəfi təhdiddən də çəkinmir. O, İcra Hakimiyyətindəki toplantıda, eləcə də müəyyən məclislərdə açıqca deyib ki, “Kəmaləddin Heydərov və bu rayondan qovdurduqlarım mənə yaxın dura bilməzlər və bu hərəkətləri onlara baha başa gələcək”. Başçı “rayondan qovdurduğum” deyərkən, Binəqədi MTN-in sabiq rəisi Faiq Mehbalıyevi nəzərdə tutur və onu Kəmaləddin Heydərovun adamı hesab edir”.

Mənbənin dediyinə görə, Xaləddin İskəndərovun Faiq Mehbalıyevi hədəf seçməsi isə təsadüfi deyil. Bildirilir ki, Xaləddin İskəndərov Binəqədiyə icra başçısı təyin ediləndən sonra rayonda nüfuz edə və ələ ala bilmədiyi əsas vəzifə sahiblərindən biri məhz Binəqədi MTN-in bir müddət əvvəl vəzifəsi başqa rayona dəyişdirilən rəisi Faiq Mehbalıyev olub.

Xatırladaq ki, Faiq Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbaliyevin doğmaca qardaşıdır. Deyilənə görə, hakimiyyət içərisində ciddi nüfuz sahibi olan bir ailəni təmsil etməsi səbəbindən Faiq Mehbaliyev İcra başçısına olduqca saymazyana münasibət göstərirmiş və başçı onunla münasibətdə özünü qətiyyən rahat hiss etmirmiş, bu səbəbdən də hər vasitə ilə onun rayondan uzaqlaşdırılmasına çalışırmış: “Faiq Mehbalıyevin uzun illər işlədiyi və əməliyyat şəraitini yaxşı bildiyi Binəqədidən qəfil olaraq Bakının başqa bir rayona təyinat alması İcra başçısını o qədər sevindirib ki, hər yerdə bunu öz uğuru kimi təqdim etməyə başlayıb. Dolayısıyla, ona eyham vurur ki, onunla yola getməyənləri dəyişəcək qədər gücə sahibdir. Ancaq maraqlıdır ki, Faiq Mehbalıyevin yerinə də çox diqqətçəkən bir şəxsi təyin ediblər. Binəqədi MTN-nin yeni rəisi – Rafiq Şirzad oğlu Səfərov Nərimanovun icra başçısı Abdin Fərzəliyevin çox yaxın qohumudur”.

Məlumat üçün bildirək ki, həm Abdin Fərzəliyev, həm də Xaləddin İbrahimov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaq uğrunda rəqabət aparırlar.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Strateq.az