Manatın devalvasiyasından sonra əhali banklardan manatla pul götürməyə çətinlik çəkdiyindən lombardlara tələbat xeyli artıb. Faktı lombardlar da təsdiqləyir. Orada faiz dərəcələrinin banklara nisbətən daha yüksək olmasına baxmayaraq, əlavə sənədlər tələb olunmadığından vətəndaşlar kredit götürmək üçün lombardların fəaliyyətindən yararlanmağa üstünlük verirlər.
Strateq.az-ın araşdırması isə üzə çıxarır ki, belə vəziyyətdən faydalanan lombardlar, faktiki olaraq əhalinin qanını sormaqla məşğuldur. Bu sahənin nəzarətsiz qalması isə problemi daha da dərinləşdirir.
Bəllidir ki, lombardlar verdikləri kreditin müqabilində girov kimi qızıl və ya digər qiymətli əşyalar tələb edir. Vətəndaşlar bunu daha asan əldə edə bildikləri üçün həmin kredit qurumlarının toruna daha tez düşürlər. Kreditin dəyərinin, ən azı, 2 misli qədər girov tələb olunur. Üstəlik, götürülən kredit banklardakından daha yüksək faizlərlə hesablanır. Lombardlar bu addımı risklərin nəzərə alınması üçün atıldığını əsas gətirərək özlərinə haqq qazandırmağa çalışır.
Əksər hallarda vətəndaşlar lombarddan götürdüyü vəsaiti geri qaytara bilmir. Ancaq banklardan fərqli olaraq bu zaman onlar məhkəməyə çəkilmir. Çünki əvvəlcədən həmin pulun dəyərinin, ən azı, iki qatını lombarda girov kimi qoyurlar. Geri qaytarılmayan pulun müqabilində qızıl zinət əşyaları əvvələcədən müəyyənləşən şifahi razılıq əsasında lombardın hesabında qalır.
Gülməli nizamnamə kapitalı ilə böyük məbləğdə kreditlər verilir
Kredit müqavilələrinin şərtlərini – girovun qiymətləndirilməsi və saxlanılmasına aid olan tələbləri də lombardlar bir qayda olaraq özləri müəyyən edir. Vətəndaşlar da onların qarşısında aciz qalaraq öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Sadalanan problemlərə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov lombardların fəaliyyətini qanunsuz hesab edir. Onun fikrincə, həmin təşkilatların öz vəsaitləri verdikləri kreditlərlə müqayisədə çox gülməlidir: “Lombard fəaliyyəti üçün hər hansı lisenziya tələb olunmur. Kim istəsə, lombard açıb kredit verə bilər. Kredit təşkilatlarından fərqli olaraq lombardların fəaliyyəti üçün hər hansı qayda da yoxdur . Necə istəyirlər, elə də fəaliyyət göstərirlər. Düzdür, Mülki Məcəllənin 37-ci fəsli (“Borc”) kredit təşkilatları ilə yanaşı lombardlara da şamil olunur. Amma həmin fəslin tələblərinə heç banklar əməl etmir, o da ola lombardlar. Məsələn, dəfələrlə qeyd etdiyim kimi, Məcəllənin tələbinə zidd olaraq faizləri ildə deyil, ayda bir dəfə tuturlar. Ona görə də deyə bilərik ki, lombardların fəaliyyəti bir qayda olaraq qanunsuzdur”.
Yuxarıda qeyd etdiyimiz kimi, lombardların əksəriyyətinin kapitalı xeyli az, cəmi 2-100 manat arasında dəyişir. Vergilər Nazirliyinin internet səhifəsində yer alan lombard təşkilatlarının nizamnamə kapitalının siyahısına nəzər salanda dediklərimiz təsdiqini tapır:
1. "AYSEL-LOMBARD" MMC – 2 manat;
2. "AVTOLOMBARD" MMC – 4 manat;
3. "LOMBARD FİNANS" MMC – 5 manat;
4. "LOMBARD İNVEST" MMC – 5 manat;
5. "E-LOMBARD" MMC – 10 manat;
6. "EXPRESS LOMBARD" MMC – 10 manat;
7. "LOMBARD KAPİTAL" MMC – 10 manat;
8. "LOMBARD RUZİ" MMC – 10 manat;
9. "QARANT LOMBARD" MMC – 10 manat;
10. "X-LOMBARD" MMC – 10 manat;
11. "EVROLOMBARD" MMC – 20 manat;
12. "LOMBARD HQ" MMC – 20 manat;
13. "LOMBARD-D" MMC – 20 manat;
14. "TAHİR-MAHİR LOMBARD" MMC – 20 manat;
15. "VAQİF LOMBARD" MMC – 20 manat;
16. "VENERA-LOMBARD" MMC – 20 manat;
17. "İDEAL LOMBARD" MMC – 20 manat;
18. "GÖY-GÖL LOMBARD" MMC – 40 manat;
19. "LOMBARD KREDİT" MMC – 100 manat;
20. "LOMBARD UNİON" – 100 manat;
21. “KAPİTAL-LOMBARD” MMC – 100 manat;
22. "LOMBARD SOZVEZDİYE" MMC – 200 manat;
23. " QOLD LOMBARD " MMC – 20000 manat;
24. "UĞUR LOMBARD" MMC – 35000 manat.
Vəsaiti hardan əldə edirlər?
Göründüyü kimi, yalnız son iki təşkilatın kapitalı nisbətən ciddi təəssürat bağışlayır. Lakin onların da verdiyi kreditlərin cəmi məbləğinin müvafiq olaraq 20 min və 35 min manat olması da inandırıcı deyil. Ə.Həsənov hesab edir ki, lombardlar kreditləri öz vəsaitləri hesabına deyil, başqalarından aldıqları pullarla verirlər: “Ümumən isə belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verirlər. Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verirlər. Başqa sözlə, əslində, bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün onlar, ən azı, Mərkəzi Bankdan bank olmayan kredit təşkilatı kimi lisenziya almalı idilər. Mərkəzi Bank da onlara nəzarət etməli idi”.
Bəs lombardlar bu vəsaiti haradan əldə edir?
Hüquqşünas əksər hallarda onların həmin vəsaitləri banklardan alaraq istifadə etdikləri ehtimalı üzərində durur: “Təxmin edirəm ki, bu proses bundan sonra daha da güclənəcək. Çünki Mərkəzi Bank parlament seçkiləri ərəfəsində real tədbirlər görmək əvəzinə, həm xalqı, həm də hökuməti aldadır. Mərkəzi Bankın kreditlər üzrə faiz dərəcələrini aşağı salmaqla bağlı göstərişindən yayınmaq üçün bankların kifayət qədər vasitəsi var: krediti xarici valyutada vermək, “şapka” almaq və s. O cümlədən əhaliyə kreditləri lombardlar vasitəsilə vermək. Yəni banklar kreditləri aşağı faiz dərəcəsi ilə lombardlara verəcək, lombardlar isə yüksək faiz dərəcəsi ilə əhaliyə. Bu baxımdan lombardların qanunsuz fəaliyyəti hazırda xüsusi əhəmiyyət kəsb edir və Mərkəzi Bankla yanaşı, hüquq-mühafizə orqanları, habelə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ciddi tədbirlər görməlidir. Ümumiyyətlə isə lombardların fəaliyyətinə dair qanun, ən azı, qaydalar qəbul edilməlidir”.
Lombardlara nəzarət vacibdir
Yeri gəlmişkən, bəzi banklar da lombard kreditləri verilməsini təmin edir. Ə.Həsənovun fikrincə, bankların belə fəaliyyətlə məşğil olması qanunsuzdur. Belə ki, Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.7-ci bəndinə əsasən, təminat kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün mühüm mənbə borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaitidir. Lombard kreditlərində isə əksinə, girov qoyulan qiymətli əşyalar kreditin qaytarılmasının yeganə və əsas mənbəyidir.
Mütəxəssislərin qənaətinə görə, lombardların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi vətəndaşların risklərdən sığortalanmasına imkan vermir.
Qeyd edək ki, 2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərirdilər. Lakin həmin ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırıldı. Və bu fəaliyyət növünün lisenziyalaşdırılması da dayandırıldı. Hazırda hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilən lombardların fəaliyyəti Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəlikləri sadəcə zamanında vergini ödəməkdir. Mülki Məcəllədə isə əşyanın lombard girovu təsbit edilir. Bu isə o deməkdir ki, hətta Mərkəzi Bank da lombardların fəaliyyətinə nəzarət həyata keçirmək səlahiyyətinə malik deyil. Qanunvericiliklə lombardların fəaliyyətinə konkret tələblər də yoxdur.
Bu sahədəki qanunsuzluqları aradan qaldırmaq, vətəndaşların aldadılaraq əmlaklarının əllərindən alınmasının qarşısını almaq üçün ciddi islahatlara ehtiyac duyulur. Bu məqsədlə Mərkəzi Bank bir müddət əvvəl lombardlara nəzarəti ələ almaq təşəbbüsü ilə çıxış etdi. Lakin məsələ hələ də açıq qalır. Vəziyyətin ciddiliyi bu sahəyə nəzarəti tezləşdirməyi zəruri edir.
Fərqanə Allahverdiqızı
Strateq.az