XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 15:02

KORONAVİRUS ORTA ŞƏRQDƏ MÜHARİBƏ RİSKİNİ AZALTMAYIB:hər ölkənin hakimiyyəti pandemiyadan bir cür yararlanmağa çalışır - TƏHLİL

Zeynəb Gürcanlı

“Sözcü” qəzeti, 27 aprel 2020-ci il

 

COVİD-19 pandemiyasının gəlişi ilə dövlətlər öz dərdləriylə baş-başa qalıblar və bütün dünya böyük bir sükunətə qərq olub. Ancaq bu sükunət ab-havası çox yanıldıcı görsənir. Çünki pandemiyasonrası yeni düzəndə bütün dünyada baş verən münaqişə ocaqları daha da açıq-aşkar ortaya çıxacaq.

İran və ABŞ-İsrail qarşıdurması

Orta Şərqdə, Türkiyənin burnunun dibində “gəlirəm” deyən ən sərt qarşıdurma riski İranla ABŞ-İsrail arasında baş verəcək.

İranı “təhdid prioritetləri” arasına yerləşdirmiş Tramp rəhbərliyinin Tehranı cəzalandırma siyasətinə qlobal pandemiya belə, təsir edə bilməyib. Koronavirus pandemiyası altında inildəyən İrana ABŞ sanksiyaları hələ də davam edir.

Sadəcə bu qədər deyil…

Bəsrə körfəzində ABŞ və İran hərbi gəmiləri təhlükəli şəkildə üz-üzə gəlməyə başlayıb. Tərəflər qarşılıqlı “atəş açmaqdan çəkinmərik” təhdidlərini bir pillə daha da artırıblar.

AKP hökuməti də, əlbəttə, baş verə biləcək qarşıdurma riskini nəzərə alıb, “öz yerini tutmaq” görüntüsü verir. Bunun işarələrini digər mətbuat orqanlarında İdliblə bağlı dərc olunan xəbərlərdə “İranmeylli qruplaşlamaların hücumları” başlıqlarının daha da önə çıxarılmasında müşahidə etmək olar.

Bütün bunlara, sırf Trampla münasibətlər pozulmasın deyə, Ərdoğanın düz 12 dəfə  “Apreldə aktivləşdirəcəyik” dediyi  S-400-ləri  “başqa bahara” qədər hələ anbarda saxlayacağını da əlavə edin.

Kürdlər arasında qızışan qarşıdurma

İraqda fövqəladə günlər yaşanır. Bərzani hökuməti Qandilin düz qarşısında (Hansı ki, bu bölgələr Təlabaninin KYB-sinin (Kürdistan Yurdsevərlər Birliyi) nəzarətində olan ərazilərdir) peşmərgə (kürd silahlı birləşmələri) yerləşdirib. Bu addıma qarşı İranla ənənəvi yaxınlığı olan KYB-nin etirazlarına isə heç kəs əhəmiyyət verməyib.

Bərzaninin bu hərəkətlərini son zamanlar İraqda Bağdad hökumətinin idarə etdiyi zonadan çəkilib, Kürd bölgəsinə və Ərbilə yerləşən ABŞ-dan xəbərsiz etdiyini düşünmək mümkün deyil.

“ABŞ əsgərlərinin çəkmələrinin yerə dəyməsini istəməyən” Vaşinqton rəhbərliyinin İranla baş verə biləcək qarşıdurma riskində bölgədə güclü bir “müttəfiq”ə ehtiyacı olacaq. Görünən ən uyğun namizəd isə, şübhəsiz ki, Türkiyədir.

Bunun qarşılığında Türkiyəyə veriləcək “hədiyyə” isə Qandilin bu oyundan tamamilə xaric olunması olacaq.  Suriyanın şimalında PKK-nın qollarına “muxtar bölgə” yaradan ABŞ üçün Qandilin qurban verilməsi artıq müşkül deyil. Bunun planlandığını bilmək də elə çətin deyil. ABŞ-ın Suriyanın şimalında məskunlaşan PKK birləşmələrinin “komandirini” tərəfmüqabil qəbul etməsi buna açıq-aşkar işarə idi.

Avtoritarizm-Demokratiya qarşıdurması

COVİD-19 ilə birlikdə gün üzünə çıxan ən sərt qarşıdurmalardan biri isə populyar ölkə liderlərinin və iqtidar partiyalarının yoluxmanı bəhanə edib, avtoritarizmə keçid mərhələsini daha da sürətləndirmələridir. Avropada ən çox diqqət çəkən nümunə olaraq MacaristanPolşanı misal göstərmək olar.

Macarıstanın nüfuzlu Baş naziri Viktor Orban pandemiya səbəbi ilə parlamentin bütün hüquq və səlahiyyətlərini müvəqqəti olaraq öz üzərinə götürməyə imkan verən yeni qanun qəbul etdirib.

Yəni, bütün səlahiyyətlərindən yararlanaraq, müxalif partiyaların nəzarətindəki bələdiyyələrə ayrılan vəsaitləri “pandemiya ilə mübarizə fonduna köçürəcəm”- deyir. Pandemiya ilə heç bir əlaqəsi olmayan addımlar da atır. Məsələn, abortu məcburiləşdirir və yaxud LGBT üzvlərinin hüquqlarını məhdudlaşdırır.

Bunun oxşar nümunəsi Polşada da davam edir. Pandemiya səbəbi ilə fövqəladə vəziyyət elan edilən, hər cür konfrans və yığıncaqların qadağan edildiyi ölkədə iqtidarı əlində tutan Hüquq və Ədalət Partiyası Prezident seçkilərinə getməyə çalışdı. Məqsəd isə müxalifətin təbliğat mexanizminin qarşısını almaq və rahat bir qələbə qazanmaq idi.

Polşada adında  “hüquq” və “ədalət” sözlərinin yer aldığı iqtidar partiyasının pandemiya dövründəki digər bir fürsətcil addımı isə ölkədəki hüquq-məhkəmə sistemlərini nəzarətə götürməkdir. Hətta bunun üçün məhkəmə hakimlərinin verəcəyi qərarları sorğulayan “intizam komitəsi” də yaradılıb.

Bura qədər yazdıqlarım sizə tanış gələ bilər. Türkiyədə rejimi dəyişdirəcək xalq referendumunu da,  prezident və parlament seçkilərini də fövqəladə vəziyyət zamanı etmişdik. Pandemiya şəraitində AKP hökumətinin yardım toplayıb, xalqa kömək etmək istəyən CHP-li bələdiyyələrə etdikləri göz qabağındadır. Məhkəmə-hüquq sistemində olub-bitənlər isə hər kəsin gözü qabağındadır. Narkotik tacirləri, mafiya rəhbərləri azadlığa buraxılarkən, həbsdə yatan nə qədər jurnalist var.

Əlbəttə, əvvəl-axır bu koronavirus da keçib gedəcək. Getdikdən sonra isə hal-hazırda kölgəsində gizlətdiyi qarşıdurmalarla üzləşməli olacağıq.

Bir videonun verdiyi mesaj

 23 aprel 2020-ci il  Atatürk Cümhuriyyətinin təməl daşı, TBMM-nin quruluşunun 100-cü ildönümü idi.

Ancaq bu, Pandemiya səbəbi ilə xüsusi qeyd olunmadı – TBMM-də xüsusi iclas keçirildi, vətəndaşlar evlərinin balkonlarına çıxıb, xorla Dövlət Himnini səsləndirdilər və hər şey bitdi.

Geriyə isə Türkiyənin müzakirə mövzusu edəcəyi bir videogörüntü qaldı.

Türkiyə Silahlı Qüvvələri tərəfindən hazırlanan 23 aprelə aid videogörüntülərdə əsgərlərin hərbi formada Dövlət Himnini səsləndirdiklərini izlədik. Videonun sonunda Milli Müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin Baş Qərargah rəisi və digər korpus, birləşmə komandirləri ilə birlikdə Dövlət Himnini səsləndirirdilər. Mübahisə yaradan videogörüntü də burdadır.

Videogörüntüdə Hulusi Akar mülki geyimdədir. Bu, normaldır. Amma onun yanındakı digər generallar da mülki geyimdədirlər və heç biri qalstuk taxmayıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəsinin və digər generalların belə bir tədbirə mülki geyimdə qatılması  Türk Silahlı Qüvvələrinin Nizamnaməsinə nə dərəcədə uyğundur? Bununla nə mesaj verilir? Bu mesajın hədəfi xalqdır, yoxsa hökumət? Uzun-uzun müzakirə olunmalıdır.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə